BURA / ORA
Xalqların coğrafi talesizliyi barədə düşünürəm - Şəhriyar del Gerani Tarix : 19 Yanvar 2019, 16:17
Yazar : Qadinkimi.com
Xalqların coğrafi talesizliyi barədə düşünürəm. 

Sosial Müdafiə Nazirliyi "Əlilliyin qiymətləndirilməsi" məqsədilə son 6 ayda Səhiyyə Nazirliyi ilə birgə araşdırma aparıb. Və 1055 nəfərdə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb, qeydiyyatları ləğv edilib, ödənilmiş vəsaitin bərpası işləri görülüb, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunub.

Hələlik məlum olan bu ictimai şüursuzların, vətəndaşlıq hissi əlil olan bu 1055 ədəd vicdan sarıdan zəlillərin yerinə utanmaq, onlara nəyin qarşılığında saxta təyinatlar verən dıqqılı-dıqqılı məmurların əvəzinə yerə girmək bir yana. Bizim taleyimiz coğrafi yerləşmədə gətirmədi ilk başdan.

Sağında-solunda əzəli-əbədi düşmənlər - farslar-ruslar, bu azmış kimi qabağında ermənilər, arxanda da bu üç qeyri-ciddi, barbar millətin qarışığı olan heçkimlər, hamılar. Bəs, ətrafda bunca düşmənlə yanaşı öz içimizdəki düşmənçilik hansı ehtiyacdan doğulur? İnsan milli şərəfdən, vətəndaşlıq duyğusundan, ləyaqətdən nə qədər 
uzaq olmalıdır. Ki, dövlətinə və dövlətçiliyinə böylə amansız zərbələr vursun, şər atsın, sümüyünə, iliyinə xain çıxsın? Vətənin qırmızı qanını yeyən bu ağ qanlar hardan, necə yoluxdu bizə? Əlbəttə, mənim çox cavablarım var. Amma heç biri də cavab deyil eyni zamanda. Bütün bunlar açıq suallardır.

"Qarabağ" müharibəsinin Azərbaycana vurduğu zərbənin acısını hələ bundan sonra 50 il də hiss edəcəyik. Müharibədə ən az adam döyüş meydanında və savaş müddətində ölür. Müharibənin ən dəhşətli fəsadları sonradan üzə çıxır. Fiziki ölümlərin mənəvi ölümlərə dönüş dövrü. Bu, faciənin özüdü...

Bircə bildiyim bu ki, biz, ən çox peşəkarlıqdan əziyyət çəkirik. Bütün sahələrdə, bütün səmtlərdə bu çatışmazlığı görmək mümkün. Biz o zaman qalib gələcəyik - heç bir ciddi strukturda diletantlar rəhbər olmayacaq. Peşəkarlıq dediyim nəsnə təkcə ixtisasda mükəmməllik deyil, həm də özündə onlarla ruhani-mənəvi dəyəri birləşdirən anlayışdır. Vətənə xidmət etmək öz işindəki peşəkarlıqdan başlayır. Dülgər dülgər kimi, həkim həkim kimi, sağıcı sağıcı, məmur məmur kimi, jurnalist jurnalist, sürücü sürücü, neftçi nefçi və s. və i. kimi...

Vətənə sahib çıxmaq öz içimizdəki vətəndaşa yiyələnməkdir ilk öncə. Və bu müstəvidə "Qarabağ" alınası ən sonuncu vətən parçasıdı.

"20 Yanvar" şəhidlərimizə ruh şadlığı, şəhidlərimizin acısını dərisində hiss edən hər kəsə bütöv Azərbaycan, bütün Vətən azadlığı!

Hər şey yaxşı olacaq. Mənim ümidlərim böyükdür. Allah sizinlə olsun!

Eşqlər!