BURA / ORA
Türkiyədə minlərlə insan Şərqi Türküstan üçün toplanıb Tarix : 21 Dekabr 2019, 11:30
Yazar : Qadinkimi.com
Çinin Şərqi Türküstanda apardığı siyasət və insan hüquqları pozuntuları Türkiyənin bir çox şəhərində protest edilib. 

"Səssiz fəryad” adı verilən və on minlərlə insanın iştirakı ilə gerçəkləşən nümayişlərdə "Qatil Çin”, "Şərqi Türküstanda zülmə dur de”, "Şərqi Türküstana dəstək ol”, "Şərqi Türküstan yalnız deyil” kimi şüarlar səsləndirilib. 

Müxtəlif qeyri-hökumət təşkilatlarının müraciəti ilə cümə namazından sonra başlayan etirazlarda əllərində Şərqi Türküstan bayraqları tutan nümayişçilər uyğurlarla həmrəy olduqlarını bildirib. 

Nümayişlərdə "Arsenal” futbol komandasının formasını geyinən türk əsilli alman futbolçu Məsut Özilə də dəstək mesajları verilib. 

Özil Şərqi Türküstana sahib çıxılması üçün Tvitter hesabında etdiyi müraciətdən sonra Çin rəhbərliyindən sərt reaksiya almışdı. 
İstanbulda Fatih məscidinin həyətinə toplanan izdiham "Bacı-qardaşımızı öldürən səssizliyindir” yazılmış plakat tutaraq əllərindəki məşəllər ilə Bəyazit meydanına qədər hərəkət edib.

Diaspordakı uyğurlar Çinin Şərqi Türküstanda "təkrar təlim mərkəzi” adını verdiyi təxminən 1300 toplama düşərgəsi tikdirdiyini, bu düşərgələrdə soyqırım və assimilyasiya fəaliyyətləri apardığını bildirir. 

BMT-nin məlumatlarına görə, toplama düşərgələrində 1 milyondan çox uyğur və başqa müsəlman azlıqlara mənsub insanlar saxlanılır. 
ABŞ Xarici İşlər Nazirliyinin məlumatlarına görə isə təxminən 3 milyon insan bu düşərgələrə yerləşdirilib.  

İqtidarda olan Çin Kommunist Partiyası bu mərkəzlərdə "ifratlılığa” qarşı mübarizə üçün uyğur və digər türk azınlıqlara təlimlər verildiyini iddia edir. 
Başda BMT və İnsan Haqları İzləmə Təşkilatı (HRW) olmaqla, bir çox beynəlxalq qurum Şərqi Türküstana daxil olmaq istəyir. 
Çin hökuməti isə özünün müəyyən etdiyi düşərgələrə bəzən məhdud sayda jurnalist aparır. 

Digər tərəfdən Avropa Parlamenti nümayəndələri də Şərqi Türküstandakı toplama düşərgələrinə görə Çini qınayıb. Fransanın Strasburq şəhərindəki Avropa Parlamentinin Baş Məclisində toplanan nümayəndələr toplama düşərgələrinin bağlanması müraciətini edib. 

Eyni zamanda Şərqi Türküstanda təməl insan hüquqlarının pozulmasından məsul çinli rəsmilərin əmlaklarına əl qoyulması da istənilib. 

Baş Məclisdə qəbul edilən qərarda Çinin beynəlxalq müşahidəçilərin və sərhədsiz jurnalistlərin birgə iştirakı ilə bu düşərgələrdə müşahidə aparmasına icazə verməsinin vacibliyi vurğulanıb. 



qadinkimi.com