YAZI / DÜŞÜNCƏ, FEMİNİZM
Steven Pinker "Gender və bərabərlik feminizmi" Tarix : 26 Mart 2021, 02:12

Yeni viktorianlar: gənc qadınların köhnə feminist qaydalarına meydan oxuması” (The New Victorians: A Young Woman’s Challenge to the Old Feminist Order) kitabının başlığı Rene Denfild, Karen Lerman, Keti Royf və Rebekka Uoker kimi müəlliflərin, o cümlədən "üçüncü dalğa”, "qiyamçılar hərəkatı” (Riot Girl Movement), "seksual -liberal feminizm” (Pro-Sex Feminism), "zərif lesbiyanlar” (Lipstick Lesbian), "qız gücü” (Girl Power) və "özünüifadə azadlığı uğrunda feminizm” adlı hərəkatların etirazlarını əks etdirir.

Gender feminizmi ilə bərabərlik feminizmi arasında fərq var: qadınların əksəriyyəti, feminizmin əsas tezisləri ilə razı olsalar da, özlərini feminist hesab etmirlər (1997-ci ildə, təxminən, 70%. Bu, on il əvvəlkindən 10% çoxdur). Bunun çox sadə bir səbəbi var: adətən, "feminist” sözü gender feminizmi ilə assosiasiya olunur, ancaq sorğulardakı fikirlər bərabərlik feminizminə uyğun gəlir. Belə fərqli interpretasiyalarla üzləşən gender feministləri, özlərini qadın hüquqlarının yeganə gerçək müdafiəçiləri kimi tanıtmağa çalışırdılar.

Məsələn, 1992-ci ildə Qloriya Staynem Palye haqqında "Onun özünü feminist adlandırması nasistlərin özlərinə antisemit deməyinə bənzəyir”, – söyləmişdi.

Və onlar özlərinə, istənilən digər sahədə narazılıq adlandırıla biləcək epitetlər lüğəti yaratmışdılar: "müqavimət”, "qanmazlıq”, "qadınların susdurulması”, "intellektual təhqir”.

Söylənənlərin hamısı – sonrakı müzakirələr üçün vacib zəmindir. Kişi ağlı ilə qadın ağlının bir-birinə düz mütənasib olmadığını, insanların hökmranlıqdan başqa da arzularının olduğunu, motivlərin ümumilikdə bütün cinsə yox, ayrı-ayrı insanlara aid olduğunu iddia etmək – feminizmə hücum, ya da guya gender feministləri bütün qadınların adından danışırlarmış kimi yanlış təssəvvürə qapılıb qadınların maraqlarını qurban vermək anlamına gəlmir.

Axı, niyə kişi və qadın ağlının identik olmadığı fikri insanları qorxudur? Doğrudanmı, hər kəs "Saturday Night Live” şousundakı əfəl androgin Pet kimi olsaydı, daha yaxşı olardı? Təbii ki, bu, "fərqli” sözünün "qeyri-bərabər” kimi başa düşülməsi qorxusudur. Yən əgər cinslər arasında hansısa bir sahədə fərq varsa, onda digər şeylərdə də kişilər daha yaxşı, üstün olacaqlar, yaxud da bütün həzz onlara qismət olacaq.

Bu yanaşma bioloji düşüncədən o qədər uzaqdır ki?! Triversin xatırlatdığı "insan münasibətlərində simmetriya” ifadəsi ilə "cinslərin genetik bərabərliyi”ni nəzərdə tutur. Genetik nöqteyi-nəzərdən kişi bədənində olmaq və ya qadın bədənində olmaq – eyni səviyyəli uduşlu strategiyalardır, ən azından, orta statistik olaraq (fərqli şəraitlərdə üstünlük gah bir tərəfdə olur, gah o biri tərəfdə). Deməli, təbii seçmə hər iki cinsə eyni yatırımı etməyə səy göstərir: eyni kəmiyyət göstəriciləri, bədən və beynin eyni mürəkkəbliyi, sağqalmaq üçün eyni effektiv dizayn. Hansı yaxşıdır: erkək babuin boyda olmaq və uzun caynaqlara sahib olmaq, yoxsa dişi babuin boyda və caynaqsız olmaq? Əslində sualın belə qoyulması məntiqsizdir. Bioloq deyərdi ki, kişilərə xas problemlərinin öhdəsindən gələ bilmək üçün erkəyin adaptasiyalarına, qadınlara xas məsələlərin öhdəsindən gəlmək üçün dişinin adaptasiyalarına sahib olmaq daha yaxşıdır. Odur ki, nə kişilər Marsdan gəliblər, nə də qadınlar Veneradan. Kişilər də, qadınlar da Afrikadan- evolyusiyamızın beşiyindən çıxıblar və orda hər iki cins bir növün çərçivəsində təkamül ediblər. Y xromosomların sayındakı cüzi fərqi çıxmaq şərtilə, kişilər və qadınlar eyni genlərə sahibdirlər və onların beyinləri o qədər eynidir ki, ən cüzi bir fərq tapmaqdan ötrü qartal gözlü neyroanatoma ehtiyac var. Ən mükəmməl psixometrik qiymətləndirməyə əsasən, kişi və qadınların ümumi intellektinin orta səviyyəsi də eynidir, onlar dildən eyni şəkildə istifadə edir, maddi və canlı aləm haqqında eyni şəkildə düşünürlər. Onlar eyni təməl duyğuları hiss edirlər, seksdən həzz alırlar, ağıllı və mehriban partnyorlar axtarırlar, qısqanırlar, övladlarının xətrinə öz maraqlarını qurban verirlər, status və partnoylar uğrunda rəqabət aparırlar, hərdən öz maraqları naminə aqressiyaya əl atırlar.

Lakin təbii ki, qadın və kişi ağlı eyni deyil və cinslərarası fərqlərlə bağlı yaxın zamanlarda aparılan araşdırmalar bəzi ümumi nəticələr çıxartmağa imkan verir. Belə ki, hərdən iki cinsin ağlı arasında böyük fərqlər olur və kişilərdə və qadınlarda Qauss əyriləri, demək olar ki, üst-üstə düşmür. Kişilərdə çoxsaylı təsadüfi partnyorlarla öhdəliksiz seksə meyl daha açıq formadadır – bunu, fahişəlik və vizual pornoqrafiya istehlakçılarının əksərən kişilərdən ibarət olması faktı təsdiqləyir. Kişilər böyük və kiçik səbəblərdən doğan qəddar, hərdən ölümcü rəqabətə daha çox meyllidirlər.

Uşaqlardan danışası olsaq, oğlanlar vaxtlarının çoxunu amansız münaqişələrə hazırlaşmaqla keçirirlər – psixoloqlar bu halı delikat şəkildə "qaydasız oyunlar” adlandırırlar. Fəzada üçölçülü obyektləri fikir gücü ilə manipulyasiya etmək bacarığında da kişilər və qadınlar arasında birincilərin xeyrinə böyük fərq olduğu müəyyənləşdirilib.

Digər xüsusiyyətlərlə bağlı fərqlər azdır, ancaq onlar böyük əhəmiyyət kəsb edə bilər. Bunun iki səbəbi var. İki Qauss bölgüsü qismən üst-üstə düşəndə, siz ifrat dəyərlərə doğru nə qədər çox hərəkət edirsinizsə, qruplar arasındakı uyğunsuzluq da bir o qədər çox olur. Məsələn, orta statistik hesabla kişilər qadınlardan hündür olurlar və ifrat dəyərlər baxımından bu, böyük fərqdir. Boyu 178 sm olan kişilərin sayı qadınlardan 30 dəfə çoxdur, boyu 183 sm olan bir qadına isə eyni boyda 2000 kişi düşür. Həmçinin evolyusiya psixologiyasının bir çox fərqlərlə bağlı fikirlərinin təsdiqi kimi – normal bölgünün zəngəbənzər əyrisi kişilərdə, qadınlar üçün olan əyridən daha yastı və absis oxu boyunca daha dartılmış görünür. Bu, o deməkdir ki, kişilərin böyük əksəriyyəti ifrat dəyərlər sərgiləyir. Əgər əyrinin sol ucuna baxsaq, görəcəyik ki, oğlanlar daha çox disleksiyalı olurlar, təhsildə problemlərlə daha çox üzləşirlər, diqqət defisitindən və əqli məhdudiyyətlərdən (hər halda, onların bəzi növlərindən) daha çox əziyyət çəkirlər, emosional baxımdan daha qeyri-stabildirlər. Əyrinin sağ ucu isə göstərir ki, SAT (Scholastic Assessment Test) testində riyaziyyat üzrə 800 baldan 700-nü toplayan istedadlı tələbələr arasında oğlanlar qızlardan 13 dəfə çoxdur, hərçənd orta hesabla oğlanlarla qızların balları eynidir.


Digər xüsusiyyətlərlə bağlı orta qiymətlər az fərqlənir, özü də fərqli xüsusiyyətlər üçün fərqli istiqamətlərdə. Əgər obyektləri və kartları fikir gücü ilə tərpətmək orta statistik olaraq kişilərdə daha yaxşı alınırsa, qadınlar da istiqamətləri və obyektlərin yerini daha yaxşı yadda saxlayırlar. Kişilər əşyaları uzağa daha yaxşı və daha dəqiq atırlar, qadınlarsa daha zirəkdirlər. Kişilər riyazi məsələləri daha yaxşı həll edirlər, qadınlarda isə hesablamaq daha yaxşı alınır. Qadınlar səslərə və qoxulara qarşı daha həssasdırlar, dərinliyi daha yaxşı qavrayırlar, formaları daha tez müqayisə edirlər, bədən dili və üz ifadəsini daha yaxşı anlayırlar. Onlar yazıda daha az səhv buraxırlar, sözləri daha tez xatırlayırlar və verbal materialı daha yaxşı yadda saxlayırlar. Ümumilikdə, qadınlar daha emosionaldırlar (bəlkə bircə qəzəbi istisna etmək olar).

Qadınlar daha yaxın sosial münasibətlər qururlar, münasibətlərin qayğısına daha çox qalırlar və dostlarına daha çox empatiya göstərirlər (ancaq yadlara yox). Adətən, belə hesab olunur ki, qadınlar, ümumiyyətlə, hər kəsə qarşı daha mərhəmətlidirlər, amma bu, təkamül nöqteyi-nəzərindən həqiqətəuyğun və doğru deyil. Qadınlar daha tez-tez göz kontaktı qurur, gülümsəyir və gülürlər. Adətən, kişilər status uğrunda bir-birilə zorakı üsullar və ya peşəkar nailiyyətləri vasitəsilə yarışmağa meyllidirlər, qadınlar isə tez-tez təhqirdən və verbal aqresiyyanın digər formalarından istifadə edirlər.

Kişilər ağrıya daha dözümlüdürlər, status, diqqət və başqa şübhəli mükafatlar uğrunda daha tez-tez həyatlarını və sağlamlıqlarını riskə atmağa hazır olurlar. Hər il "özünü ən axmaq şəkildə bəşəriyyətin genofondundan çıxartmaq yolu ilə insan növünün uzunmüddətli mövcudluğunu təmin edən fərdlər”ə verilən Darvin mükafatını, demək olar ki, həmişə kişilər qazanırlar. Məsələn, nominantların arasında – koka-kolanı pulsuz götürmək üçün içində içkilər olan aparatı üstünə aşıran kişi, tank əleyhinə minaya hansının daha bərk basacağı ilə bağlı mərc gələn üç kişi və stula meteozondlar bağlayıb iki mil hündürlüyə uçan, sonra da açıq dənizə düşən yalançı pilot var. (Sonuncuya sadəcə həvəsləndirici mükafat vermişdilər, çünki onu vertolyotun köməyilə xilas eləmişdilər).

Qadınlar boş şeylərə görə ağlayan uşaqlara, xüsusən də, öz övladlarına daha diqqətli yanaşırlar (hərçənd səbəb ciddi olanda hər iki cins eyni reaksiya verir), ümumiyyətlə, övladlarının daha çox qayğısına qalırlar. Qızlar daha çox evcik-evcik oynayır və sosial rolları sınaqdan keçirirlər, oğlanlar isə müharibə, qaçdı-tutdu oynayır, obyektləri idarə edirlər. Kişilər və qadınlar fərqli şəkildə qısqanır, partnyorları fərqli şəkildə seçir, fərqli şəkildə flirt edirlər.

***

Əlbəttə, bir çox cinslərarası fərqlərin biologiya ilə heç bir əlaqəsi yoxdur. Saç düzümləri və geyimlər əsrdən-əsrə mədəniyyətlərlə birlikdə dəyişir. Əgər əvvəllər universitetlərdə təhsil, peşəkar fəaliyyət və ya böyük idman yalnız kişilər üçün əlçatar idisə, son onilliklərdə bu sahələrdə qadınlarla kişilərin sayı eyni, hətta bəlkə kişilərdən daha çoxdur. Və belə görünür ki, bu gün müşahidə olunan cinslərarası fərqlərin bəziləri eyni şəkildə keçici ola bilər. Amma gender feministləri təkid edirlər ki, anatomik fərqləri çıxmaq şərtilə, bütün digər cinslərarası fərqlər başlanğıcını valideynlərin, cəmiyyətin və oyun yoldaşlarının gözləntilərindən götürür.

Radikal alim Anne Fausto-Sterling yazır: "Ən vacib bioloji fakt – oğlanların və qızların cinsi orqanlarının fərqli olmasıdır və məhz, bu bioloji fərq böyükləri fərqli körpələrlə fərqli şəkildə münasibət qurmağa sövq edir. Biz rahat olsun deyə, körpənin cinsini öyrənmək üçün hər dəfə bezi açmağa ehtiyac qalmasın deyə onları çəhrayı, ya da mavi rəngdə geyindiririk.”

Amma çəhrayı və mavi nəzəriyyəsi get-gedə inandırıcılığını itirir. Çünki qadınla kişi arasındakı fərqlərin genitaliya səviyyəsindən daha dərinlərdə olduğunu göstərən çoxlu faktlar var.

Cinslərarası fərqlilik – qərb mədəniyyətinə xas təsadüfi detal deyil. Bütün insan mədəniyyətlərində kişi və qadın təbiətən fərqli hesab olunur. Bütün mədəniyyətlərdə cinslər arasında əmək bölgüsü mövcuddur və uşaqlara görə məsuliyyətin böyük hissəsi qadınların, ictimai əlaqələr və siyasət sahəsində nəzarətin böyük hissəsi isə kişilərin payına düşür. Əməyin bu şəkildə bölünməsi hətta cidd-cəhdlə onun kökünü kəsməyə çalışan mədəniyyətdə – israil kibutsalarında (mülkiyyətin ortaqlığını, əməyin istehalı və istehlakında bərabərliyi təbliğ edən icmalar) mövcuddur.

Bütün mədəniyyətlərdə kişilər daha aqressiv, oğurluğa və ölümlə nəticələnən zorakılığa (müharibə də daxil) daha çox meyllidirlər, seks qarşılığında xidmət göstərməyə, naz çəkməyə və yoldan çıxartmağa daha çox hazırdırlar. Və bütün mədəniyyətlərdə seksual təcavüz və onun yasaqlanması var.

Qadınlar və kişilər arasındakı psixoloji fərqliliklərin bir çoxu, təkamül bioloqlarının təkcə fizioloji fərqlərdən çıxış edərək göstərəcəkləri fərqlərdir. Heyvanlar aləmində, bir qayda olaraq, əgər dişi hər övladına daha çox kalori və risk sərf etməli olursa (məməlilərdə hamiləlik və əmizdirmə zamanı), o, doğuşdan sonra körpənin yetişdirilməsinə də daha çox yatırım qoyur, çünki erkəkdən fərqli olaraq, dişiyə yeni övlada sahib olmaq daha baha başa gələcək. Yatırımlar arasında fərqlər erkəklər arasında cütləşmə imkanı uğrunda böyük rəqabətlə müşayiət olunur, çünki dişidən fərqli olaraq, erkək üçün daha çox partnyorla cütləşmək öz xələflərinin sayını artırmaq ehtimalını yüksəldir. Ortastatistik erkək ortastatistik dişidən daha iridirsə (kişilər və qadınlarda da belədir), bu, erkəklər arasında cütləşmə imkanı uğrunda daha amansız rəqabətin evolyusiya tarixindən xəbər verir. Kişilərin digər fiziki xüsusiyyətləri, məsələn, cinsi yetkinliyin daha gec baş verməsi, yaşlılıq dövründə daha çox dözümlülük göstərmək və daha qısa ömür yüksək bədəlli mübarizədə iştirak üçün təbii seçmənin tarixindən xəbər verir.

Cinslərarası fərqlərin çoxu digər primatların arasında da geniş yayılıb. Daha dəqiq desək, onlar bütün məməlilər sinfinə xasdır. Erkəklər daha aqressiv rəqabət aparır və onlar daha çox poliqamdırlar; erkəklər daha çox uşaqların becərilməsinə yatırım edirlər. Əksər məməlilərdə böyük yaşam arealı, məkanın həndəsəsindən istifadə edərək (ayrı-ayrı istiqamətləri yadda saxlamaq yerinə) istiqamətlənməklə müşayiət olunur. Adətən, erkəklərdə yaşam arealı daha genişdir. Eyni şey insanlara – ovçulara-yığıcılara da aiddir. Çox güman ki, mental kartlardan istifadə və beyində 3D fırlanmaların aparılmasında kişilərin üstün olması təsadüf deyil.

Genetiklər müəyyənləşdiriblər ki, müxtəlif insanların mitoxondriyalarındakı DNT-lər (qadınlar və kişilər onları anadan miras alırlar) Y xromosomlardakı DNT-lərdən (onları kişilər atadan miras alırlar) daha rəngarəngdir. Bu, o deməkdir ki, onminilliklər boy kişilərin reproduktiv uğurları qadınlarla müqayisədə daha çox şəklini dəyişib. Bəzi kişilərin çox uşağı olub, digərlərinin biri də olmayıb (bu da nəsildə Y xromosomların müxtəlifliyini azaldırdı), halbuki qadınların əksəriyyəti, təxminən, eyni sayda övlada sahib olublar (ki, bu da bizə çoxlu mitoxondrial genomlar bəxş edib). Erkəklərin daha çox cütləşmək imkanı uğrunda mübarizə apardıqları cinsəl seçim, məhz, bu səbəblərdən asılıdır, çünki dişilər ən yaxşı erkəkləri seçirlər.

İnsan orqanizmi oğlanların və qızların beyinlərinin şaxələnən istiqamətdə inkişafına təkan verən bir mexanizmə malikdir. Y xromosom kişi cinsinin döllərində androgenləri, kişi hormonlarını (o cümlədən testosteronu) istehsal edən xayaların inkişafına start verir. Androgenlər bətndaxili inkişaf prosesində, doğuşdan sonrakı aylarda və cinsi yetişkinlik dövründə  beyinə uzunmuddətli təsir göstərir, qalan vaxtlarda onların təsiri epizodik xarakter daşıyır. Həmçinin estrogenlər – qadın cinsi hormonları da bütün həyat boyu beyinə təsir edir. Hipotalamusda, hippokampda, beynin limbik sistemindəki badamşəkilli cisimdə və böyük yarımkürənin qabığında da cinsi hormonların reseptorları tapılıb.

Kişilərin beyni bir neçə parametrlər üzrə qadın beynindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Kişi beyni daha böyükdür, onda neyronlar daha çoxdur (hətta bədənin ölçülərini nəzərə alanda da), qadın beynində isə boz maddənin faizi yüksəkdir. (Ümumilikdə kişilər və qadınlar intellektual baxımdan eyni səviyyədə olduqlarına görə, bu fərqlərin əhəmiyyəti məlum deyil). Kişilərdə hipotalamusun ön bölməsindəki aralıq nüvə, terminal zolağın (həmçinin hipotalamusda yerləşənlər də) nüvəsi daha iridir; onlar seksual davranışı və aqressivliyi tənzimləyir. Kişilərdə sağ və sol yarımkürələri birləşdirən beyin spaykının hissələri qadınlardakından daha böyükdür və qadınların beyinlərinin fəaliyyəti kişi beyni ilə müqayisədə daha az assimetriya ilə fərqlənə bilər. Əlbəttə, öyrənmək və sosializasiya insan beyninin fəaliyyətinə və mikrostrukturuna təsir edə bilər, amma çox güman ki, onların beynin üzdə olan anatomik strukturuna təsiri yoxdur.

Müxtəlif kişilərdə və eyni kişidə ilin, ya da günün fərqli zamanlarında testosteron səviyyəsinin dəyişməsi libido, özgüvən, dominantlığa canatma ilə əlaqələndirilir. Təcavüz cinayətləri törədən adamlarda testosteronun səviyyəsi digər qanunpozucularında olduğundan çoxdur; məhkəmədə çıxış eləyən vəkillərdə testosteronun səviyyəsi kağız işləriylə məşğul olanlardan yüksəkdir. Ancaq bu əlaqə bir neçə səbəbdən birmənalı deyil. Xarakteristikaların geniş spektrində qanda testosteronun konsentrasiyası heç bir əhəmiyyət daşımır. Bəzi keyfiyyətlər, məsələn, məkanla bağlı bacarıqlar testosteron yüksək yox, orta səviyyədə olanda özünü daha çox büruzə verir. Testosteronun effekti, təkcə onun qanda konsentrasiyasından yox, reseptorlarının miqdarı və yerindən də asılıdır. İnsanın psixoloji vəziyyəti də testosteronun səviyyəsinə təsir edə bilər və əksinə. Lakin birbaşa olmasa da, səbəb-nəticə əlaqəsi mövcuddur. Cinsiyyətin dəyişdirilməsi ilə bağlı əməliyyatlara hazırlıq zamanı qadınlara androgenlər veriləndə onlar obyektlərin fikir gücü ilə tərpədilməsi üzrə testlərdə daha yaxşı, verbal cəldlik üzrə testlərdə isə daha pis nəticələr göstərirlər. Xəstəlik ucbatından testosteron səviyyəsi azalan jurnalist Endryu Sallivan hormon inyeksiyasının təsirlərini belə təsvir edir: "Testosteron dozasından sonra gələn həyəcan hissi ilk görüş qabağı, ya da auditoriya qarşısında çıxış zamanı yaranan həyəcandan fərqlənmir. Mən havalardayam. Bir iynədən sonra mən, az qala, küçə davasına qarışacaqdım – həyatımda ilk dəfə. Və daima seksual istək yaranır, hər dəfə də məni qəfil yaxalayır”. Baxmayaraq ki, qadınlarda testosteron miqdarı heç vaxt kişilərə xas rəqəmlərə çatmır, hormonun səviyyəsinin dəyişməsi hər iki cinsə eyni şəkildə təsir edir. Testosteron səviyyəsi yüksək olan qadınlar daha az gülümsəyirlər, nigahdankənar münsibətə daha tez-tez girirlər, ictimai həyatda daha fəal iştirak edirlər və hətta əli də daha möhkəm sıxırlar.

 

GIF

 

Qadınların koqnitiv bacarıqlarının zirvəyə çatması və azalması menstrual siklin fazalarından asılıdır. Estrogenlərin səviyyəsi yüksək olanda qadınlar, onsuz da kişilərdən üstün olduqları məsələlərin (verbal cəldlik) öhdəsindən daha yaxşı gəlirlər. Estrogenlərin səvviyyəsi aşağı olanda isə, adətən, kişilərin yaxşı nəticələr göstərdikləri tapşırıqları – məsələn, obyektlərin fikir gücü ilə fırladılması – daha yaxşı yerinə yetirirlər. Həmçinin menstrual sikl boyu kişilərlə bağlı zövqlər də daxil olmaqla seksual istəklər də dəyişir.

Androgenlər sadəcə yetkin insanın beyninə ötəri təsir etmir, eyni zamanda inkişafda olan beyinə də uzunmüddətli təsir göstərir. Böyrəküstü hiperplaziya ilə doğulan qızlar ifrat miqdarda androgen hormon – androstendion istehsal edirlər. Bu cür qızlarda hormonların səviyyəsi doğuşdan sonra tezliklə normaya salınsa da, onlar dəcəl olurlar – tez-tez kobud oyunlarda iştirak edirlər, gəlinciklərdən daha çox yük maşınları ilə maraqlanırlar, daha yaxşı məkani təxəyyülə sahib olurlar və bir az böyüyəndən sonra başqa qızlara qarşı seksual istəyə və fantaziyalara daha çox meyl göstərirlər. Doğuşdan sonra dərhal yox, bir qədər gec hormonal müalicə alan qızlar gənclik dövründə kişilərə xas seksuallıq sərgiləyirlər. Bura pornoqrafik obrazlardan tez təsirlənmək, genitaliyanın stimulyasiyası ilə müşayiət olunan avtonom seksual istək, hətta "nəm yuxulara” bənzər şeylər də daxildir.

Biologiyanı sosiologiyadan ayırmağımıza kömək edəcək bir eksperiment təsəvvür edək: körpə oğlanı götürək, ona cinsiyyətin dəyişdirilməsi ilə bağlı əməliyyat edək, valideynləri onu qız kimi böyütsünlər, həmçinin digər insanlar da onunla buna uyğun şəkildə davransınlar. Əgər gender sosial konstrukdursa, körpə özünü normal qız kimi hiss edəcək; amma körpə prenatal hormonlardan asılıdırsa, özünü qız bədəninə qapadılmış oğlan kimi hiss edəcək.

Təəccüblü də olsa, real həyatda belə bir təcrübə aparılıb. Təbii ki, elmi maraqdan yox, xəstəliklər və təsadüflər nəticəsində. Bir araşdırma çərçivəsində penissiz doğulmuş (klaokal ekstrofiya adı ilə tanınan anadangəlmə defekt) 25 oğlan uşağı axtalanaraq qız kimi böyüdülüblər. onların hamısı oğlanlara xas kobud oyun şablonları nümayiş etdiriblər, tipik kişi maraqlarına və istəklərinə sahib olublar. Onların yarıdan çoxu spontan şəkildə oğlan olduğunu söyləyib – ki, birinin bunu deyəndə beş yaşı olub.

Ya da başqa bir hadisə: səkkiz aylıq oğlan sünnət proseduru zamanı həkimin bacarıqsızlığı ucbatından penissiz qalır. Uşağın valideynləri cinsi problemlər üzrə məşhur araşdırmaçı Con Maninin yanına gedirlər. C. Mani "təbiət – cinslərarası fərqliliklərin status-kvosunu qorumağa çalışanların siyasi strategiyasıdır” fikrini dəstəkləyənlərdəndir. Odur ki, valideynlərə, uşağın axtalanmasına icazə vermələrini və ona süni vagina yaratmalarını tövsiyə edir. Valideynləri, körpəni qız kimi böyüdürlər və həqiqəti ondan gizlədirlər.

Mən bu hadisə barədə 70-ci illərdə – tələbə ikən eşitmişəm. O vaxtlar, bu barədə, uşaqların cinsiyyətsiz doğulduqlarının və genderi tərbiyə prosesində qazandıqlarının sübutu kimi danışırdılar. Həmin vaxt "New York Times” jurnalında çıxan məqalədə deyilirdi ki, Brenda (keçmiş Bryus) "əsl qız kimi xoşbəxt uşaqlıq yaşayır”.

Amma 1997-ci ildə məlum oldu ki, Brenda lap erkən yaşlarından ona verilmiş gender rolunda özünü qız bədəninə həbs olunmuş oğlan kimi hiss edib. O, əynindəki donları cırırmış, gəlincik yerinə tapançalara və oğlanlarla oynamağa üstünlük verirmiş, hətta ayaqüstə işəməyə çalışırmış. 14 yaşına çatanda özünü o qədər bədbəxt hiss edirmiş ki, ya oğlan kimi yaşamaq, ya da intihar etmək qərarına gəlib. Yalnız bundan sonra atası ona həqiqəti danışıb. Brenda təkrar bir sıra əməliyyatlardan keçib, öz kişi kimliyini geri qaytarıb. Hazırda o, qadınla evlidir və xoşbəxt həyat sürür.

Työrner sindromlu uşaqlar genetik olaraq sonsuzdurlar. Onlarda ya atadan, ya da anadan miras keçmiş təkcə bir X xromosom var. Adətən, qızlar X xromosomun birini atadan, digərini anadan miras alırlar, oğlanlara isə anadan X xromosomu, atadan isə Y xromosomu keçir. Təbiətən məməlilərin bədəni qadın obrazına uyğun qurulduğuna görə, Työrner sindromlu uşaqlar özlərini qız kimi aparırlar. Genetiklər müəyyənləşdiriblər ki, valideynlərin orqanizmləri, genləri molekulyar yolla X xromosoma çap edə bilərlər (bu proses genom imprinting adlanır). Bu halda onlar körpənin inkişafda olan beynində daha az və ya daha çox aktiv olur. X xromosomu atalarından alan Työrner sindromlu qızlara evolyusiya prosesində qızlar üçün optimallaşdırılmış genlər keçə bilər (çünki atanın X xromosomu həmişə qıza keçir). X xromosomu analarından alan Työrner sindromlu qızlara isə evolyusiya prosesində oğlanlar üçün optimallaşdırılmış genlər keçə bilər (ananın X xromosomu istənilən cinsə keçə bilər, ancaq təkcə oğlanlarda qüsursuz şəkildə işləyir. Çünki oğlanlardakı qısa Y xromosomunun tərkibində X genlərin dublikatı yoxdur).

Və Työrner sindromlu qızlar, öz X xromosomlarının "sahiblərindən” asılı olaraq, psixoloji cəhətdən fərqlənirlər. Xromosomu atadan alanlar (ki, bu xromosom qızlar üçün nəzərdə tutulub) bədən dilini daha yaxşı anlayırlar, duyğuları, üzləri daha yaxşı tanıyırlar, başqa insanlarla daha yaxşı dil tapırlar, nəinki X xromosomu anadan alanlar (hansı ki təkcə oğlanlarda tam aktiv olur).

Populyar qənaətlərin əksinə olaraq, müasir Amerikada valideynlər qızları və oğulları ilə o qədər də fərqli davranmırlar. 28 min uşağın iştirakı ilə aparılmış 172 araşdırmanın nəticələrinə görə, oğlanlar da, qızlar da eyni miqdarda dəstək, sevgi, qayğı, məhdudiyyətlər, cəzalar və aydın kommunikasiyalar alırlar. Diqqətçəkən yeganə fərq o idi ki, oğlanların, təxminən, 3/2-nə gəlinciklərlə oynamağa icazə verilmir – xüsusən də, atalar tərəfindən. Onlar oğullarının gey olacağından qorxurlar (qızlar üçün oyuncaqlara üstünlük verən oğlanlar, həqiqətən, tez-tez gey çıxırlar, lakin belə yasaqlar nəticəni dəyişmir). Bundan əlavə, qızlarla oğlanlar arasındakı fərqlər, analarında qadın davranışları, ya da atalarında kişi davranışları müşahidə etmələrindən asılı deyil. Vaxtilə həm atası, həm də anası olan Hanter iki anası olandan sonra da özünü oğlan kimi aparırdı.

Belə görünür ki, oğlanlarla qızların hər cəhətdən identik doğulduğunu (genitaliyadan başqa), digər bütün fərqlərin cəmiyyətin onlara münasabəti nəticəsində yarandığını iddia edən nəzəriyyə özünü doğrultmur. Əgər o, həqiqət olsaydı, bütün cəmiyyətlərdə hər cinsə eyni rollar toplusunun verilməsi təəccüblü təsadüf olardı. Elə missiyası bizi kişilər və qadınlar etməli olan hormonların eyni zamanda qadınlara və kişilərə xas zehni xüsusiyyətləri idarə etməsi də (beynin inkişafının erkən mərhələsində həlledici dərəcədə, qalan ömür boyu bir qədər az) qəribə görünərdi. Bundan daha qəribəsi isə cinslərarası fərqləri şərtləndirən ikinci genetik mexanizmin (genom imprinting) eyni vaxtda həm də kişilər və qadınlar üçün səciyyəvi olan bacarıqlara cavabdeh olması olardı. Və nəhayət, nəzəriyyənin sosial təşkiletmə ilə bağlı iki əsas fərziyyəsi – oğlanları qız kimi tərbiyə edəndə onlar qız təfəkkürü ilə böyüyürlər və qızlarla oğlanlar arasındakı fərq valideynlərinin onlarla necə davranması ilə bağlıdır – öz tutarsızlığını göstərdi.

Təbii ki, bir çox cinslərarası fərqlərin köklərinin biologiyadan gəldiyi faktı o demək deyil ki, bir cins o birindən daha yaxşıdır, fərqlər bütün insanlarda istənilən şərtlərdə üzə çıxmalıdır, cinsəl diskriminasiyanın bəraəti var, ya da insanları öz genderləri üçün səciyyəvi olan şeyləri etməyə zorlamaq lazımdır. Ancaq fərqlər də nəticəsiz olmur.


Steven Pinker