HƏR ŞEY / HEÇ NƏ
Kəmalə Əliyeva yazır: Anamın dinə və Stalinə sevgisi Tarix : 27 Avqust 2018, 12:04
Yazar : Qadinkimi.com
Anamı dindar kimi tanıyırdıq. Biz böyüyəndən sonra başa düşdük ki, əslində mövhumatçı imiş. Bütün övliyaları əzbər tanıyardıq. Oranın  ştatda olan və ştatdankənar işçiləri vardı. Ştatda olan işçilər xüsusi yerlərində əyləşir və dəyişməz olan ayinləri yerinə yetirirdilər. O biri işçilər isə hasarın o üzündə qalır və nəzir yığmaqla keçinirdilər. Əslində içəridəkilərin də məvacibi ziyarətə gələnlərin verdiyi puldan çıxırdı. Amma bir şey var ki, onların maddi durumu yaxşı, mən deyərdim ki əla vəziyyətdə idi. Çünki, qurban olduğumun üstünə gedəsən, amma oranın işçisinə əl tutmayasan, əlin quruyar yəni. Çöldəkilər isə şirin dillərinin umuduna dolanmaq məhkumluğu yaşayanlar idi. Bir biləydiniz burda bizim başımıza nə oyun gətirirdilər?! Məs: İtin şalveydən qorxduğu qədər qorxduğumuz bir nənə nahamar bir daşı götürüb düşürdü canımıza. Elə sürtdəliyirdi ki, gözümüzdən qığılcım çıxırdı. Bu, canımızda olan ağrını çıxartmaq üçün idi. Hünərimiz vardı qoymayaydıq. Anam elə bir baxış tuşlayardı ki, sarılıq olub başqa bir pirə növbəyə düşərdik. Ağrılı proseslərin biri də quran ( ən çox yasin surəsi, adam çox, müştəri bol olanda fələq, nas ilə də yola verirdilər ) oxunmasına dinməz, tərpənməz qulaq asmağa məcbur edilməyimiz idi. Əlac ancaq müşahidəyə qalırdı. Tanrım, millət necə qəm-kədər dəryasıına qərq olurdu. Xısın-xısın ağlayan kim, bunu görüb özünü ağlayırmış kimi göstərən kim. Hamının başı enirdi sinəsinə, kişilər bikefləyir, qadınlar elə məzlum görkəm alırdılar, sadəcə məəttəl qalırdım. Elə bil iraq canlarından yas həyəti idi burası. Bizə şükr, qanırdıq. Vay o qanmaz balacaların halına. Kimini anası, kimini nənəsi çimdikləyib farağatlayırdılar. Uşaqların səsi ərşə çıxmasın deyə basırdılar sinələrinə. Bəzən tifillərinə qoşulub özləri də bir ağız ağlayırdılar. Yazıqlar... Nə isə, axır ki fatihə verilirdi, bizim də canımız qurtarırdı. Zəncirdən qırılmış kimi durub yüyürmək istəyirdik ki, bir, iki bəzən də üç cüt göz ağarırdı bizə. Həmən dinc qalırdıq. Növbəti qadının "qəbuluna" sıralanırdıq. Həm yaşı, həm geyimi, həm də bütün həmlələriylə digər nənələrdən seçilən bu qadın mollanın arvadı idi. Bu qadın bizə tutya içirtməyə gəlirdi. Bu tutya nəmənə olan şey idi, deyim biləsiniz. Qurbanolduğumun torpağından götürüb bir stəkan suya qarışdırırdılar, lap şirinçay kimi. Sonra hamımıza ( ora gələn bütün ziyarətçilərə ) eyni qaşıqdan içirdirdilər. Aman tanrım, ödüm ağzıma gəlirdi. Nolur olsun o müqəddəs suyu içmək məcburiyyətindəydik. Çünki, o müqəddəs babanın uyuduğu müqəddəs torpaq dərdlərimizə məlhəm, ağrılarımıza şəfaətçi idi. Sonra artıq əzbər bildiyimiz məlumatı bir daha eşidib, babanın məzarının başına dolanmaq gəlirdi. Yaxşı pullu şəxslərdən bir neçəsi məzarın üstünü tikdirsə də, uçulmuş, qalmamışdı. Baba istəməmişdi ki, üstü götürülsün. Bu, əsil möcüzə idi. Bu möcüzəyə inananların sayı isə günbəgün artırdı. Babanın adını tutub gələnlərin ardı-arası kəsilmirdi. Xülasə, ayaqyalın üç dəfə dövrə vurmağa başlayırdıq. Hər dövrə tamamlananda şamla piyin qarışığına bənzəyən qəribə başdaşını öpməliydik. Bəzən göz-göz edib ağzımı yüngülvari toxundururmuş kimi göstərirdim, anlayacağınız " xaltura " edirdim. Qurbanolduğumun məzarının yanında yatmaq, çətin hasil olacaq işin xətri üçün məzarın yanına dizin-dizin sürünmək, üzü torpağa, başdaşına sürtmək və s. kimi ayinlər də var idi. İnancım böyük olsa da bütün bunlar mənə bayağı, ögey görünürdü. Ziyarətgahdakıların camaata, daha doğrusu onların pulqabına marıtdanan baxışları məndə ikrah doğururdu. Yenidənqurma ilə yeniyetməliyimiz eyni vaxta düşdüyündən artıq dillənməyə, etiraz etməyə özümüzdə cürət tapırdıq. Və bu cürət bir gün Allahşükür Paşazadənin televiziyadakı çıxışlarına etinasızlıq göstərə biləcək qədər böyüdü. Anamsa ( təhsilli və savadlı bir müəllimə ) hələ də bütün varlığıyla inanır, ibadət və nəzirlərini get-gedə artırırdı. O, ömrünün sonuna qədər nə dininə, nə də Stalinə olan sevgisindən vaz keçmədi. Təbii ki ikincini qəlbinin dərinliyinə saxladı. 

Müəllif: Kəmalə Əliyeva