UŞAQ / BÖYÜK
Natiqə Quliyeva - "Qızıma məktub" (Müsabiqə) Tarix : 22 İyun 2020, 01:21
Qızım, zəhmətinlə, mücadilənlə, kitablara sarılmaqla, özünə qalib gəlməklə müəllim adını qazandın. Sənin üçün asan olmadı, bilirəm. Onu da bil ki, bilik min bir əziyyət çəkən əkinçinin taxıl sahəsi deyil ki, yağışdan sonra yata, əkin sahəsi deyil ki, sel yuyub apara. Zəhmətini, elmini daha etibarlı banka-başına yığmışam. ​ ​ ​ ​
Daxil olduğun sinif otağında sağlıq, məsumluq yağan neçə cüt göz sənə baxacaq. Şagirdlərin saçının telindən, dırnağının rəngindən, paltarının ütüsündən tutmuş, ağzından çıxan hər sözünü süzgəcdən keçirəcəklər, analiz edəcəklər. Ağzını gül qoxulu et, dilinə kobud, əzici sözlər gətirmə. Belə sözləri içindən də at, dilini vərdişə çevirmə. Şagirdlərinin yaddaşında​ əbədi qalmağa çalış. İçində ləyaqətli sözlərdən çələng hör, günəşin içindən şəfəq salmasına çalış.
İstedadlarını üzə çıxarmaqda şagirdlərinə dayaq ol, qiymətli cəvahirin üstünü örtmüş torpağı təmizləməklə onlara yardım et. Şagirdlərinə özlərinə dəyər verməyi öyrət. ​ ​
Şagird masası arxasında əyləşən şagirdlərinə millətin kimi baxsan, özünü də dəyərləndirmiş olacaqsan.
 
Yüz dəfə elmini təkrar etməkdən usanma. Ölkəni, millətini millətlər arasında görmək, qürur duymaq istəyirsənsə, tədris etdiyin fənnin dərinliyinə baş vur, öyrəndiklərini paylaşmaqda, bölüşməkdə xəsislik etmə. ​ ​ ​
 
Şagirdlərinin səhvlərini böyütmə. Axı onlar uşaqdırlar,​ safdırlar, təmizdirlər, uzaqgörən deyillər. Bəzən müəllimin bir səhvi bir uşağın taleyinin​ məhvinə aparır.
 
Qüsursuz olan yalnız Allahdır.
Güzəştə getməyi, bağışlamağı bacar.
 
Bütün səhvlərimiz​ bizi doğru yola aparır, tezi-geci var. ​ ​ ​
Vicdanının daxilinə hökmranlıq etməsinə icazə ver! 
 

 
Natiqə Quliyeva
 
qadinkimi.com