UŞAQ / BÖYÜK
Nuray Nəzərova - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 18 May 2020, 12:34
Yazar : Qadinkimi.com
Əziz qızım, Leyla... 

Bu məktubu sənə, sənin qoxuna həsrətkən yazıram. Bir ana qızına nə yaza bilər? Düşündüm. Sənə "ağıllı ol", "bu işi bu cür gör", "o işi o cür həll et" deyib məsləhət vermək istəmirəm. Sadəcə bir söz deyə bilərəm, həyatında hər nə baş verirsə versin, kim olursan ol, bir həqiqəti daim bil. Mən hər zaman səninləyəm.

Sənin yolunu çox gözlədim. Sənə qovuşmaq illərimi aldı. Amma heç vaxt ümidimi itirmədim. Əmin idim. Tanrı mənə səni hədiyyə edəcək. 

Çoxlu dua et. Mən sənə dualarım sayəsində çata bildim. Sən də arzularına çat.

Tanrı qadına yaratmaq gücü verib. Amma sənə tövsiyyə gözəl balam, bu cahil dünyaya uşaq gətirməyə tələsmə. 

Ömrüm boyu sən mənimlə fəxr edəsən deyə çalışdım. Sənə yaxşı şeylər verim deyə kitablar oxudum. Bilmirəm, fəxr edə biləcəyin qədər yaxşı ana ola bilmişəm, ya yox. Onu bilirəm ki, sən mənə həyatımın ən güclü anında gəldin. 

Çalış bu dünyada qadınlıq qürürunu hər zaman qoru. Həyatını, ümidlərini, arzularını bir kişinin sənə verdiyi sevgi ilə məhdudlaşdırma. Seviləsən deyə dəyişməyə çalışma. Necə varsansa, elə ol. Əgər səni dəyişdirmək üçün həyatına girmək istəyən olarsa, qaç o insandan. 

Sən mənim ən gözəl mükəmməlimsən, Leylam. 

Səni tanıyana qədər "sevgi" və "eşq" adlı məfhumlarla tanışdığımı zənn edirdim. Lakin səni qollarım arasına aldığım zaman anladım, dünyanın ən böyük və ən qüdrətli eşqinin səndə olduğunu... Bapbalaca əllərin, hələ açılmayan gözün, az qala yanağına düşəcək qədər uzun, səni günəşə bənzədən kirpiklərin və ən əsas, o əvəzsiz qoxun mənə sevginin ən möhtəşəminə sahib olduğumu deyirdi. 

Mavi gözlü günəşim, səni sevirəm! 

P.S.: Mən olmayanda atana göz-qulaq ol. Bilirəm mənsiz darıxır. Evləri təmiz saxlamağı unutma. Ruhunu kiminsə kirlətməsinə izin vermə. 


Sənin anan Nuray...
 
 

Nuray Nəzərova
qadinkimi.com