YAZI / DÜŞÜNCƏ, SEVGİ
Natiqə Quliyeva - "Sevginin ən ucası, ağrının ən dərini" Tarix : 22 Avqust 2020, 00:44

QƏRİB MƏZARLAR

  Rusların "Qaçış" filmi vardı, elə rayonda, qaçqınlıqdan əvvəl baxmışdım o filmə. Uzun, hərbi mundirdə dənizin kənarında dayanıb uzun-uzadı üzü Rusiyaya baxan Vətəninin iyini, qoxusunu udmaq istəyən, torpaq həsrətli zabit rolunu

canlandıran Aleksey Batalovun möhtəşəmliyinə vurulmuşdum.

Nazim Hikmətin sözlərə simiclik, qənaət etdiyi, bir neçə sətrdən ibarət olan "Məmləkətim uzaq, göydəki ulduzlardan" şerinin möhtəşəmliyinə vurulmuşdum. Vətən həsrəti, torpaq sevgisi bir - neçə şərtə sığarmış, sözsüz də oynanılarmış. N.Hikmətə də,

çar zabitinə də, uzun illər nəşi Məkkə torpağında Vətən gözləyən son Osmanlı sultanına da həsəd aparıram. Onlar Vətəni tərk ediblər, ağrı-acısını həsrətlə, qismən çəkiblər. Onların Rusiyası, Türkiyəsi parçalanmayıb, düşmən tapdağına məruz qalmayıb, yağmalanmayıb, zorlanmayıb, təhqir olunmayıb.Минует 23 года со дня оккупации Арменией Физули и Джабраила

 


Cəbhələrə bölünüb, siniflərə parçalanıb. Vətənsə xırdalanmayıb, bağrı yarılmayıb, sinəsinə dağ çəkilməyib. Qırmızı xətti keçdiyin üçün, məndən olmadığın üçün oyundan kənarsan. Mənsə məğlub olmuşam, uduzmuşam, təhqir olunmuşam, alçaldılmışam, tapdalanmışam.

 

Məğlubiyyətimi uda, həzm edə bilmirəm. Boğazımda ilişib qalmış balıq qılçığı kimi. 1992-ci ilin 4 martında, günəşin gülümsədiyi bir gündə tanış olmayan səsə boylandım. Rayon mərkəzinə ilk "Qrad" atılırdı. Həyətimizdən 20 -30 metr aralıda qonşunun bostanlıq üçün təpdiyi əraziyə düşüb, partlamamışdı. Sözsüz ki, partlasaydı tələfat verəcəkdik. Beləcə rayonu tərk etdim.

O illərdən 28 il ötür. Bu illəri yaşamadım, sadəcə süründüm. İçimdəki acı böyüdü, məni tərk etmədi, tənha qoymadı, sevincimi böldü, fərəhimi böldü, ömrümü böldü. Bütün içimə şərik oldu. İllər mənə sevginin sayını öyrətdi. Valideyn, övlad, nəvə,..... Nə qədər sevgi varmış?!

Amma sən bütün sevgilərin əzəlisi, əbədisisən, Vətən!

 Sevginin ən ucası, ağrının ən dərinisən...

 

 

 

P. S. Fizuli 1993 - cü il avqustun 23 - də Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunub. 1994 - cü il yanvarın 5 - də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazilərin bir hissəsi işğaldan azad edilib...

 

Natiqə Quliyeva.

Qainkimi.com