FEMİNİZM
Meduzanın feminist qəzəbin hədəfinə çevrilişi Tarix : 05 Noyabr 2019, 18:20
Yazar : Qadinkimi.com
Buenos Ayresdə yaşayan Argentina - İtaliya əsilli  Luciano Garbati adlı heykəltaraş tərəfindən yenidən həyat verilən Meduza əfsanəsi qadın qəzəbinin bir simvolu kimi sosial mediada fenomen oldu.  
 


Meduza əfsanəsinin orijinalının əsəbləri korlayan məqamları var. Meduza Atena məbədində Poseidon tərəfindən təcavüzə uğrayan bir ölüdən ilan saçlı canavara çevrilmiş qadındır. İlahə onu çirkin və qorxunc canavara çevirib, sürgün etməklə cəzalandırır. Cəza bununla bitmir. Başının Kral Polidektesə (Polydectes)  təslim olunması tələb edilir. Perseus güzgülü qalxan və boş bir torba ilə birlikdə ona (Meduzaya) yaxınlaşır, başını kəsir və ondan düşmənlərini daşa çevirən bir silah kimi istifadə edir. 

İtaliyanın Florensiya şəhəri (Meduzanın başını tutan Perseus heykəli Siqnoria meydanında bu gün də var) yaxınlığında kiçik bir qəsəbədə yaşayan heykəltaraş Garbati təcavüzə uğrayan və lənətlənib öldürülən Meduzanın canavar kimi xarakterizə olunmasını qəbul edə bilmədiyindən, əfsanəni  təkrar gündəmə gətirir.  

"Cellini”nin heykəli uşaqlığımdan bu günə qədər həmişə məni utandırıb” deyir Garbati. "Meduzanın təsviri müxtəlifdir və hamısında da ən pis şəkildə təsvir edilir”.  
 


Bir sənətçi kimi Garbatini bir sual daha çox düşündürür: "Uğur Perseusda deyil, Meduzada olsaydı, necə olardı? Heykəl necə dəyişərdi?”

"Tərəfdarları ilə birlikdə zəfər qazanan kişi Perseus haqqında çox düşündüm” deyir Garbati. "Kişi və qadın zəfəri arasındakı fərq işimin əsas mərkəzi oldu. Bütün təsvirlərdə Perseus başını havaya qaldıraraq zəfərini elan edir. Mənim Meduza təsvirimə baxdığınızda isə daha qərarlı birini – özünü müdafiə üçün hər şeyə hazır olan birini görə bilərsiniz. Çox faciəli haldır.  

Garbati heykəlin şəklini Facebook səhifəsində yerləşdirdiyində, şəkil öncə dostları, sonra dostlarının dostları tərəfindən paylaşılaraq populyarlıq qazandı. Heykəlin fotosu bir çox insanın profil fotosu oldu və təcavüz xəbərlərində istifadə olunmağa başladı. 
Garbati insanların heykələ olan marağını məmnuniyyətlə qarşıladığını deyir. Ona əsas təsir edən məqam isə Meduza heykəlinə gələn mesajlardır. 


Çevirdi: Xumar Hüseynova
Qadinkimi.com