YAZI / DÜŞÜNCƏ
Koronavirusun dərmanı - Azər Qaraçənli yazır Tarix : 13 Mart 2020, 22:14
Yazar : Qadinkimi.com
Çinin mənə nə dəxli var deyən Azərbaycan, Çinin sənə dəxli var.

Azərbaycanın mənə nə dəxli var deyən Amerika, Azərbaycanın sənə dəxli var.

Amerikanın mənə nə dəxli var deyən İran, Amerikanın sənə dəxli var.

Türkün mənə nə dəxli var deyən ərəb…

Ərəbin mənə nə dəxli var deyən yapon…

Yaponun mənə nə dəxli var deyən ispan…

Müsəlmanam, buddaçı nə vecimə…

Buddaçıyam, xristian nə vecimə…

Xristianam, hinduist nə vecimə…

Qaradərilini adam saymayan ağdərili…

Ağdərilini adam saymayan qırmızıdərili…

Qırmızıdərilini adam saymayan qaradərili…

Adamı adam yerinə qoymayan adam…

Bir Yerin üstündə, bir Günün altında yaşadığını unudan insan, birdən Çindən bir virus pırtlayıb çıxar, Azərbaycanda məktəbləri bağlayar, İtaliyada adam öldürər, Amerikanın büdcəsinə daraşar… Ağdərili bilməz, qaradərili bilməz, xristian tanımaz, müsəlman tanımaz, nə türkcə qanar, nə yaponca, amma nə türkün dilindən düşər, nə yaponun, nə də ingilisin…

Koronavirus ona görə bütün dünyaya yayıla bilib ki, insanlar arasında tale birliyi var, tale birliyi sərhəd ayrılığından güclüdü, sərhədi ölkələrin arasından çəkmək olar, amma adamların arasında elə bir birlik var ki, ordan heç bir sərhəd keçmir.

Koronavirus ona görə bütün dünyaya yayıla bilib ki, dünyanın bir yerindəki şərin dünyanın hər yerinə dəxli var. Bunu koronavirussuz da bilmək olurdu, amma indi koronavirus bunu atom bombasından, iqlim dəyişkənliyindən də aydın göstərir.

Fantastikaya bax! Çindəki bir virus Azərbaycanda məktəbləri bağlayır, İtaliyada adamları evdən çıxmağa qoymur, Amerikada adamları maska taxmağa məcbur eləyir. Daha nə lazımdı ki, adamlar bir taleni yaşadıqlarını başa düşsünlər, şərin hamının ziyanına olduğuna inansınlar.

Koronavirus bizə tale birliyini xatırladır. Koronavirus deyir ki, Uzaq Şərq deyilən yer, uzaq şər deyilən şey yoxdu, Şərq Qərbin, Şimal Cənubun özüdü, hamımız bir dünyanın sakinləriyik, bir taleni yaşayırıq, Şərqin şəri Qərbin də, Şimalın da, Cənubun da şəridi.

Bəlkə koronavirusun uyğurların dünyanın gözü qabağında sakitcə edam olunduğu bir dövlətdən çıxıb dünyanı bürüməsi də təsadüf deyil, bu da bir işarədi, bu da bir məntiqdi. Şər təkləyib məhv eləməyi bacaranda cəmləyib məhv eləməyi də bacarır. Buna müqavimət göstərməyin bir yolu var, o da tale birliyini dərk eləməkdi.

Tale birliyi təkcə şər birliyi deyil, tale birliyi həm də xeyir birliyidi. Dünyanın bir yerindəki xeyrin dünyanın hər yerinə dəxli var. İndi bunu dünyaya koronavirusun dərmanı göstərəcək.

O dərman mütləq tapılacaq! Dünyanın harasında tapılır tapılsın, bir göz qırpımında hər yerə yayılacaq. Virusun özündən tez yayılacaq! Dünyanın bir yerindəki xeyir dünyanın hər yerinə xeyir verəcək. Qoy adamlar xeyrin hamının xeyrinə olduğuna inamlarını itirməsinlər.

Gözünü dünyaya dikib dərman gözləyən adam, tale birliyindən xeyir umursan, bəs niyə taleyini taleyimdən ayrı tutursan?!

 

Azər Qaraçənli 
Mənbə: novator.az
qadinkimi.com