YAZI / DÜŞÜNCƏ
Kainatın səhv yolda olduğunuzu sizə göstərən 10 mistik mesajı Tarix : 13 Dekabr 2019, 15:29
Yazar : Qadinkimi.com
1. Diqqətsizliyin səbəb olduğu qəzalar 

Ola bilsin ki, bu gün sərçə barmağınızı və ya dirsəyinizi bir neçə dəfə harasa vurmusunuz. Bu cür qəzalar əslində onu göstərir ki, kainat addım atmadan əvvəl sizə düşünməyi və yavaşlamağı məsləhət görür. Bu cür hallarla qarşılaşıb özünüzə istəmədən zərər verirsinizsə, bu, intuisiyalarınıza əhəmiyyətsiz yanaşmanızın və ya məsələnin arxasındakı gizli həqiqəti görməməyinizin bir əlaməti ola bilər. Ayağını istəmədən bir yerə vurmaq kiçik bir qəzadır. Ancaq bu, tez-tez təkrarlanırsa, kainatın həyatınıza işıq tutacaq mesajlarını ciddi qəbul etməyi məsləhət görürük.
 
2. Unutqanlıq 

Davamlı itirdiyiniz bir əşyanın yerini xatırlamaqda çətinlik çəkirsinizsə, deməli, kainatın sizin üçün belə bir mesajı var: hərəkət etmədən əvvəl ilk növbədə özünə olan güvəni qazan, daha sonra özlüyündə məqsədini və hədəfini bəlirlə, bunun üçün özünə zaman ver və özünü nəzarətdə saxla”.

3. Davamlı gecikmək

Tıxaca görə gecikmisiniz? Yoxsa vaxtın necə keçdiyindən xəbəriniz olmayıb? Həmişə harasa gecikirsiniz və davamlı zamanla yarışdığınızı düşünürsünüz. Bu, kainatın sizə önəmli bir mesajı ola bilər. Davamlı vaxt azlığından əziyyət çəkirsinizsə, deməli, eyni anda bir çox iş görürsünüz və həqiqətən etmək istədiklərinizlə məşğul olmursunuz. Özünüzü zamanın axışına buraxsanız, zaman da sizinlə birlikdə axıb gedəcək. Əks halda vaxt faktoru ilə daha çox üz-üzə qalacaqsınız. 
 
4. Dağınıq məkan

Evinizdə davamlı bir dağınıqlıq sizi təqib edir və səliqəsizlik baş alıb gedirsə, deməli, kainatın sizə vermək istədiyi xüsusi bir mesaj var. Bu dağınıqlıq şüuraltınıza yerləşmiş keçmiş xoşagəlməz bir xatirə və ya hadisə ilə üzləşməkdən boyun qaçırdığınızın əlaməti ola bilər. Dağınıqlığın daha çox müşahidə edildiyi məkana görə bunun altında yatan duyğusal səbəbləri üzə çıxarmaq olar. Məsələn, dağınıqlıq daha çox mətbəxdə baş verirsə, özünüzə olan sevginiz və baxımınızla bağlı probleminiz ola bilər. Yataq otağınızda əmələ gələn dağınıqlıq isə yaxınlarınızla münasibətlərdə problemlərin əlaməti ola bilər. 

5. Əşyaları qırmaq və ya əlindən salmaq

Əgər davamlı istəmədən əşyalar əlinizdən yerə düşüb qırılırsa, kainatdan aldığınız mesaj budur - sizə zərər verən bir yolda irəliləyirsiniz və ya uğura gedən yolda özünüzə zərər verirsiniz. Bir başqa tərəfdən bu, bəlkə də həyatınızı həddən artıq nəzarətdə saxladığınızın əlamətidir. Kainat bununla sizə həyatın axışına qapılmağı məsləhət görür. 

6. Tez-tez xəstələnmək

Davamlı olaraq sağlamlıq problemləri ilə rastlaşırsınızsa, ola bilsin ki, kainat yavaşlamağınızı, həyat tərzi və gedişatı bir daha düşünməyinizin lazım olduğuna dair bir mesaj verir. Bundan başqa bu əlamətlər başqalarının istəklərinə görə hərəkət edib, öz istəklərinizi heçə saydığınızın da əlaməti ola bilər. Tez-tez xəstələnmək daha çox istirahət etməyinizi, daha sağlam qidalanmağınızı və daxili hüzurunuz üçün özünüzə vaxt ayırmağınızı xatırladan bir əlamət də ola bilər. 

7. Danışmaqdan və düşünməkdən qaçmaq 

Yaşadıqlarınız barədə danışmaq və hətta düşünmək belə istəmirsiniz Bu vəziyyət həyatınızın gedişatındakı həqiqətləri görmədiyinizə aid çox açıq bir işarədir. Önəmli bir məqam haqqında danışmaqdan qaçırsınızsa, bu, qarşı tərəfin söyləyəcəklərini eşitməkdən qorxduğunuzun əlamətidir. Eyni zamanda etməli olduğunuz, amma hərəkətə keçməkdən qorxduğunuzun da əlaməti ola bilər. Düşüncələrinizi və sözlərinizi daxilinizə həbs etdiyinizdə, bir müddət sonra ruhunuzla olan əlaqəni itirib onun istəklərini hiss etməməyə başlayırsınız. 

8. Qayğı və stress

Gündəlik işinizə başlamadan əvvəl daxilinizdə bir qayğı sancısı hiss edirsinizsə, deməli, doğru iş ortamında və yolda deyilsiniz. Təbii ki qayğı fərqli səbəblərdən qaynaqlana bilər. Ancaq bu stress və qayğı hər zaman bir məkan və ya insanla bağlıdırsa, bu barədə daha dərindən düşünməlisiniz. 
Ümumiyyətlə, qayğı və stress duyğuları həyatınızda bəzi dəyişikliklər etməyinizin və istəklərinizə uyğun bir yola çıxmağınızın lazım olduğunu məsləhət görür. 
 
9. Başlanan işi bitirməkdə çətinlik çəkmək

Bir anda yeni bir işə başlamaq həvəsinə düşüb, amma sonra bitirə bilməmək probleminiz var? Bir layihə və ya işdə bir nəticəyə gələ bilməmək təcrübəsizliyinizin bir əlaməti ola bilər. Bəlkə də bu iş qarşıya qoyduğunuz böyük hədəf və arzularınızla üst-üstə düşmür. Buna görə də özünüzdə bitirmə əzmi tapa bilmirsiniz... 
Beləliklə, planlarınızı həyata keçirməkdə çətinlik çəkirsinizsə, edə biləcəyiniz ən yaxşı iş həyatın axışına təslim olmaqdır. Bu metodu sınaqdan keçirsəniz, yeni bir həyat yolu önünüzə çıxacaq və fikirlərinizi daha sağlam addımlarla irəliyə aparıb gerçəkləşdirə bilərsiniz. Başladığınız işi bitirməkdə üz-üzə qaldığınız çətinliklər özünüzə daha çox inamlı olmağınızın vacibliyini xatırladır.

10. Sıxılmaq

Həyatdan hər zaman sıxılmaq potensialınızdan maksimum istifadə etmədiyinizin bir əlamətidir. Həyat sonsuz fürsətlərlə dolu mükəmməl bir hədiyyədir. Əslində sıxılmağınıza səbəb olacaq heç nə yoxdur. Sıxılmaq daha çox özümüzü həddindən artıq rahat hiss etdiyimiz zamanlarda üzə çıxır. Əgər həqiqətən həyatdan çox sıxılmısınızsa, nələri dəyişdirmək lazım olduğunu müəyyənləşdirməyə çalışın.  
Məsələn, yeni bir hobiylə məşğul olmaq, karyeranızda dəyişiklik etmək, səyahətə çıxmaq kimi yeniliklər həyatınızı canlandırıb sıxıntıları da ortadan qaldıra bilər. Kainat bizlərə həyatımıza işıq olacaq bir çox mesaj göndərməkdədir. İntuisiyamıza güvənmək və ruhumuzun istəklərinə qulaq asmaq özümüz üçün edə biləcəklərimizin ən yaxşısıdır. Gördüyünüz əlamətlərə qarşı həssas olun və müsbət fürsətlərə imkan verməklə həyatınızı asanlaşdırın... 
Doğru yolda olub olmadığınızı düşünürsünüzsə və işlərinizin tarazılığının pozulduğunu düşünürsünüzsə, sizin üçün göndərilən bu 10 işarəni təqib edib yolunuzu tapın.
 
 
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com