YAZI / DÜŞÜNCƏ
İNTİHARDAN ÖNCƏKİ QADIN Tarix : 14 İyun 2020, 11:08

Ən gözəl cənnət qəhqəhə çəkən, kitab oxuyan və rəqs edən qadınların yetişdirdiyi insanların cəmiyyətidir. Məncə, bu fikrimdə yerdən göyə qədər haqlıyam. Tez-tez belə bir cəmiyyət xəyal edirəm: qadınlarının yad nəzərlər altında əzilmədiyi, şux davrandığı, küçələrdə ürəkdən qəhqəhə çəkə bildiyi, ya şəhərin düz mərkəzində, ya da hansısa kənddə körpəsini qucağına alıb sümüyünə düşən bir musiqinin havasına rəqs etdiyi bir cəmiyyət. Qadının azad quş kimi heç bir bədniyyət, heç bir məkrli baxış olmadan, olsa da, başını dik tutub yaşadığı həyatın büsbütün ona aid olduğunu qavrayaraq əzilmədən, sınmadan, əyilmədən, rahat nəfəs ala biləcəyi cəmiyyət. İndi belə bir qadının qucağında böyüyən uşağı düşünün... Dünyada bundan gözəl, bundan utopik cəmiyyət ola bilərmi?


Biz mühafizəkar cəmiyyətin illərdən bəri miras qalan (özü də qara miras) standart qəliblərinin məhsullarıyıq. Yaşlılarımız buna dədə-babalarımızdan qalan adət-ənənə deyirlər. Bunları qəlib adlandırmaq onları qəzəbləndirir. Nəsillər arasındakı uçurum belə yaranmağa başlayır. Mən də atamın adət-ənənə dediyi bu davranış şəkillərini qəlib sayan və onları qəbul etməyən gənc nəslin nümayəndəsiyəm.


İndi sizə bir az özümdən danışacağam. Gözümü açandan doqquz nəfərlik böyük bir ailədə böyümüşəm. Biz buna külfət deyirik: əmilər, bibilər, əmilərin ailələri, nənə, baba. Kimin ağzından çıxdığını, kimin dediyini unutduğum onlarla sırğa var qulağımda. Məsələn, atam deyərdi ki, qız uşağı başıaşağı olar. Başım həmişə aşağıydı, atamın qızı olmalıydım. Anam deyirdi ki, mən futbol oynaya bilmərəm, ayıbdır. Mən də oynamırdım. Nənəm deyirdi ki, bala, böyüyün sözündən çıxsan, xeyir tapmazsan. Əmim, "Qız uşağı nədir, hərbçi nədir" - deyərdi. Bibim tellərimə irad tutardı, "qız ki kəkil çıxartdı, ver getsin".  Bir müəllimim atama, "qızını döyməyən dizini döyər, - demişdi - yaxşı eləyirsən, gözünün odunu al".  Evimizə qonaq gələn bir nəfərin sözü də hələ o vaxt qulağımda sırğa olmuşdu: "Qız yükü duz yüküdür, bunlara çox əziyyət çəkmə, ver getsin, sənə qalan bax bu oğul bala olacaq". "Bax bu oğul bala" deyəndə qardaşımı göstərmişdi.

Uşaqlıqda elə də ağır gəlmirdi bütün bu deyilənlər. Elə böyüməyə başladım, dizimin üstündən ətək geyinə bilməzdim, olmazdı, kiminsə nəfsi keçə bilərdi. Qolumun dirsəkdən yuxarı hissəsinın açıq qalması da ayıb sayılırdı atama görə. Sinfimizdə, kənddə yaşıdımız olan yad bir oğlanla nə salamlaşa, nə küçədə birlikdə yeriyə, nə də söhbət edə bilərdik. İşdir, etsək, mütləq nə danışdığımızı atamız bilməliydi. Atam anamın bizə qarşı sərt olmağını istəyir, bizimlə yataqxana yoldaşı kimi davranmamağı üçün tənbehləyirdi. Çünki biz qız uşağı idik və böyüdükcə atanın balası olmaq yaman çətinləşirdi.


Böyüdükcə bir şeyi hiss etdim, sən demə, bu illər ərzində milyon işıq ili uzaqlaşmışammış atamdan - evdə olmadığı günlərdə köynəyini qoxlayaraq yatdığım adamdan. Şıltaqlıq, dəcəllik qanımda var idi. Oynamağı, bərkdən gülməyi, bədii kitablar oxumağı, oğlanlarla dostluq etməyi, idman komandalarında yer almağı, tədbirlərdə çıxışlar etməyi, şeirlər yazmağı sevirdim. Hələ də sevirəm. Atam isə başımı aşağı salıb dərslərimi oxumağımı, diplomumu alıb cehizimin üstünə qoyub ərə getməyimi istəyirdi, deyəsən. Buna görə evdə onu ən çox əsəbləşdirən də mən idim. Dünyada bu qədər gözəl şeylər varkən, duvağı başıma keçirib tanımadığım yüzlərlə adamın içində qol götürüb oynayıb,  səhərisi gün də tanımadığım bir kişinin paltarlarını ütüləmək... Yox, bəlkə, həkim, ya hərbçi, jurnalist, yoxsa şair - hansı olacağımı bilmirdim, amma istədiyimin bu olmadığından adım kimi əmin idim. Böyüdükcə sorğulamağa, sorğuladıqca anlamağa başladım. Niyə başıaşağı olmalıyam axı? Mən ki ayıb bir iş tutmamışam. Həm də buludlara baxmağı, ətrafı müşahidə etməyi sevirəm, axı. Niyə oğlanlarla danışmaq, dostluq etmək olmaz? Axı qızlar bir-birinin qeybətini edəndə, mən oğlanlarla maşınlar, atlar, başqa ölkələr haqqında danışa bilirəm. Niyə tellərimin üzümə tökülməsi qadağan, çiyinlərimin göründüyü kofta, dar paltar geyinmək ayıb olsun ki? Axı, mən Rahibə Tereza deyiləm və qaçanda bu ətək ayaqlarıma dolaşır. Sonra bir az da böyüdüm. Niyə sevmək olmaz ki? Əgər mənim bir insana aşiq olub şeir yazmağım əxlaqsızlıq, adbatıranlıqdısa, onda niyə oğlanlar gündə birini sevir və əxlaqsız da sayılmırlar?  Mən niyə ağ kağızam ki? Yooox, mən elə Natəvanam, balaca bir qızam, vallah baxın, ətdən və sümükdən, elə sizin kimi.

Anam tənbeh edirdi ki, özümüzü hamıdan qoruyaq. Necə? Kimdən? Niyə? "Sənə kimsə nəsə deyəndə daşı götürüb vur təpəsinə" - deyirdi atam. Niyə, axı? Bəlkə, yaxşı nəsə deyəcək? 21-ci əsrdə geyimim və zopam ilə özümü cəmiyyətdəki əks cinsdən qorumalıyamsa, bu qədər iyrənc bir dünyada yaşayırıqsa, onda mənə bu dünyanı niyə rəva bildiniz? Niyə doğuldum? Bu sualın da cavabını sonradan öyrəndim. Oğlan gözləyirlərmiş, mən gəlmişəm. Tərsliyə bax, o gün necə məyus olduqlarını təsəvvür edə bilirəm...


İndi 26 yaşlı gənc bir qadınam. Maddi və mental baxımdan valideynlərimdən asılı deyiləm. İstədiyim sənəti seçmişəm, sevdiyim insanla evlənmişəm. Ona belə üstümdə söz haqqı vermirəm çox vaxt. Olmaz. Mən Tanrının bəxş etdiyi bu həyatı bu qədər çətinliklə sahiblənə bilmişəm. Hər şeyə rəğmən, dəfələrlə intihar həddinə çatmağıma, o sancılı, yalnız keçən günlərə rəğmən, bu dərdimi desəm, onsuz da məni anlamayacaqlar, qınayacaqlar, ayaqaltı edəcəklər, yaxşısı budur, içimə atım, özüm həll edim, heç bir kişidən kömək almayım ki, heç birinin boyunduruğu altına da düşməyim, düşüncələrimlə tək və başı dik həyatda qalmışam.

Bu yazının bir məqsədi var. Dönüb geriyə baxanda, ailəmlə mübarizə aparmağa sərf etdiyim enerjiylə, buna görə itirdiyim vaxtla əslində nə qədər xəyalımı reallaşdıra biləcəyimi fikirləşirəm hərdən. Fərqliliyin əxlaqsızlıq olmadığını, özümü daşla yox, qanun-qaydayla, ağılla-kamalla qoruya bildiyimi, bu həyatın mənim olduğunu, onların bir çıxıntısı yox, azad fərd olduğumu, gülüşümün hesabatını onlara vermək məcburiyyətində olmadığımı, hansı sənəti seçəcəyimə, kiminlə evlənəcəyimə yalnız özümün qərar verə biləcəyimi, başqa bir ölkəyə yanımda kişi olmadan çıxmaq kimi bir hüququm olduğunu onlara izah etməyə çalışmaq, hər addımımda aldığım hər nəfəsin hesabatını vermək kimidir bu. Buna görə mən, bu ölkədə intihar edən hər qadınla birlikdə intihar edirəm, əslində. İçimdə bir qadın ölür. Hamısı da məndir sanki. Hamısına gözlərim dolur, hamısına əsəbləşirəm. Çünki hər dəfə mən bu həyatı, bu qəlibləri istəmirəm, mən bunu yaşamaq istəmirəm deyib, həyatıma son verməyi düşünəndə, bir tərəfim o tərəfimə qalib gəlib: həyata olan sevgim, özümə olan inamım. Güclü ol, dirən, uzağı öldürəcəklər. İntihar etməyi düşünürsənsə, deməli, başqa da hər şeyi gözə ala bilərsən. Natəvan yaşayır. Bəlkə də, təsadüfən. Bəlkə də, güclü olduğu üçün. Bəlkə də, hər şeydən bezəndə kitablara sığındığı üçün. Amma ölkəmizdə hələ də, hər il onlarla natəvanlar intihar edir. Bəlkə də, güclü ola bilmədikləri üçün, bəlkə də təsadüfdən... Amma öz haqqlarını, hüquqlarını bilmədikləri, özlərinə güvənmədikləri, mental olaraq başqalarının təsiri altında qaldıqları, öz dəyərlərini başqalarının gözündən ölçdükləri, başlarına gələn hadisə hər nə olubsa, onu mühakimə etmədən dinləyəcək, anlayacaq, yardım edəcək valideynləri olmadığı üçün öldüklərinə əminəm. Başqa da yazmadığım, amma hamımızın çox gözəl bildiyi bir çox səbəblərdən dolayı.

Mənə qayıtsaq, həyat şərtlərim çox çətin olduğu zamanlarda belə, nə valideynlərimdən, nə də həyat yoldaşımdan maddi dəstək qəbul edirəm. Məni boyunduruq altında böyütdükləri o dişi kölə yox, onlarla bərabər hüquqlara sahib olan və bunun fərqinə varan, öz ayaqlarının üstündə durmağı bacaran bu cəmiyyətin fərdi olaraq görə bilmələri üçün. Amma valideynlərimin görüşünə gedəndə hələ də "abırlı" geyinirəm, başıaşağı otururam, az danışır, dişlərimi göstərmədən gülümsəyirəm. Çünki onların gözündəki qadın modeli belədir. Mən də o modeli canlandırıram. Çünki onların sevgisini almağa ehtiyacım var. Valideyn sevgisi, dəstəyi olmadan bir heç kimi hiss etdiyim anları, hətta illəri çox yaşamışam. O sevgini ala bilməyim üçün onların adət-ənənələrinə, dədə-baba qaydalarına uyğun şəkildə qarşılarına çıxmağım şərtdir. Çünki məni olduğum kimi qəbul etmək onlar üçün məhz bu qəlibləşmiş qaydalara görə çətindir, bilirəm.


Əziz oxucu, özümü bu qədər çılpaqlığıyla sənə açmağımda tək məqsəd bu cəmiyyətdə bir qadının necə intihar həddinə gəldiyi, intihardan əvvəl illərlə nələrə məruz qaldığını, bu qədər insanın içində necə yalnız, çarəsiz olduğunu bir zərrə hiss etdirməkdir. Ümid edirəm, hiss etdin. Bir qadının ağıllı bir şəkildə azad olması üçün elmə və valideyn sevgisinə ehtiyacı var. Bu ölkənin bütün qadınları yaralıdır. Hamısının da yaraları bir-birinə bənzəyir. Mən o yaraları hiss edirəm - bəzilərini gözlərindən, bəzilərini isterik davranışlarından, bəzilərini uşağını vəhşicəsinə döyməyindən, bəzilərini nataraz, əxlaqsız tutumlarından, bəzilərini də özlərini asdıqları kəndirin boyunlarında buraxdığı izdən...

Yaralı qadın sağlam uşaq böyüdə bilməz. Boyunduruq altında, təzyiq altında olan, gülüşünə belə senzura qoyulan qadın, savadsız, mütaliəsiz qadın, təhlil etmə qabiliyyəti korlaşdırılmış qadın, azad seçim etməkdən məhrum buraxılmış qadın həmişə hüznlü olur. Torpağa gömülmüş kimi içində basdırılmış bu qədər arzu-istək adətən qəzəblə, anlaşılmaz isterikayla əvəzlənir. Özünü açıq şəkildə ifadə edə bilmədiyi üçün hiyləgərliklə, dolanbaclı, atmacalı ifadələrlə müşahidə olunur. İndi düşünün - bu qadınların bətnində, sonra da qucağında böyüyən körpələrin taleyini düşünün...


Natəvan Abdullayeva
525-ci qəzet
 
qadinkimi.com