YAZI / DÜŞÜNCƏ, KİŞİ KİMİ
Günahı ilə döyüşən kişilər Tarix : 08 Sentyabr 2020, 09:30

Günahı ilə döyüşən kişilər..

Ordu yorğun idi. Döyüş əzmi qalmamışdı. Üzlərdən üzgünlük, qollardan gücsüzlük, dizlərdən taqətsizlik axıb onları dizəcən basdırmışdı. Ətalət göyə bülənd olmuşdu. Artıq hamı evə dönmək, dincəlmək, əldə etdiyi qənimətlərdən rahatca istifadə etmək istəyirdi. Sərkərdənin çıxışı çox qısa və lakonik oldu:

-Bu döyüş bizim qələbənin şah əsəri olacaq!

Sonra əllərini bığlarına çəkərək əlavə etdi: - Həə...Bu şəhərin qızları çox gözəl olurlar...

Ordunu bir uğultu bürüdü. Bu uğultu dalğası sonuncu döyüşçüyə gedib çatınca günəş bu dəhşətli uğultudan diksinərək buludları yaşmaq kimi üzünə çəkdi. Bu ədalətsiz fərmana etraz əlaməti olaraq saç-saça bağlanan buludlar ildırım qamçıları ilə göy üzünü qamçıladı. bu iyrənc fərmana göy üzü etiraz etsə də, yer üzündəkilər onu icra etdilər. Sarı Çoban niyyətlilərin əlində çırpınan zəriflərin ah-naləsi göyə bülənd oldu. Aramsız göy gurultusu dayanmadan hönkürdü:

- Doqquz aydan sonra gələrsən...Doqquz aydan sonra...Doqquz aydan sonra...

Ordu ora doqquz aydan sonra yox, iki doqquz ildən sonra qayıtdı; ixtişaş və üsyanları yatırtmaq üçün... Atalarının nağıllarındakı "qələbənin şah əsəri"nin dadını tamsına-tamsına xeyli əsgər yazılmışdı orduya. Qoca şah ordudakı ruh yüksəkliyinə heyrət etdi. Xeyli yol qət edib aclıq, susuzluq, səfalət görmüş orduda qəribə bir ruh yüksəkliyi vardı. Günəş qara buludları çarşab kimi başına salıb üzünü çevirdi. O günü unutmamışdı. Zəriflərin çığırtısı hələ də qulaqlarında cingildəyirdi. Şəhərin müdafiəçilərinin üzündəki nifrət göyə bülənd olmuşdu. Bir kişi , bir qadın düzülmüşdü müdafiəçilər. Analar oğullarını tək buraxmamışdılar. Və analar oğullarından 10-12 yaş böyük idilər... Ordu şəhərə daxıl ola bilmədi... Çünki... Çünki onlar öz günahları ilə döyüşürdülər. Vəhşi ehtiraslarının Təpəgözləri ilə...

İllərin nifrəti onları təpədən-dırnağa tilsimləmişdi...

 

 
 

 
Xatirə Rəhimbəyli
 
 
qadinkimi.com