BİLİM / DİN
ELM VƏ MƏDƏNİYYƏTİN MÜHAKİMƏSİ - İKİNCİ HİSSƏ : Jan Jak Russo Tarix : 02 Mart 2019, 11:34

 

 

 
 

Heç bir təsirin olmadığı yerdə səbəb axtarmaq lazım deyil, ancaq burda səbəb aşkardı, pozulma ortadadı. Elm və mədəniyyət təkamülə doğru getdikcə, ruhlarımız çürüyür.  Bəs bu yalnız bizim dövrümüzə aiddir? Xeyr, insandakı boş marağın tarixi yeqin ki, dünya tarixindən daha qədimdi. Necə ki, okean sularının alçalıb - yüksəlməsi gecə dünyamızı aydınladan ayın təsirilə bağlıdır, namus və əxlaqın aqibəti də elm və mədəniyyətin təkamülünə bağlıdır. Onların işıqları üfüqümüzdə yüksəldikcə fəzilət gözdən itir.  Eyni hadisə hər dövrdə,  hər yerdə özünü göstərib. 
Qədim Misirə, dünyanın bu ilk məktəbinə, səma altında bərəkət saçan bu iqlimə, vaxtilə dünyanı fəth etməyə çıxan  Sesostrisin (qüdrətli Misir fironu, e.ə 1879-1841; - red) ölkəsinə baxın. Fəlsəfənin və incəsənətin mərkəzi olduqdan sonra Keykavusun, daha sonra yunanların, romalıların, ərəblərin və nəhayət türklərin əlinə keçir.

Yunanıstana - vaxtilə Asiyada, bir dəfə Troyada, bir dəfə də öz yurdlarında qalib gəlmiş qəhramanlarla dolu bu ölkəyə baxın. Ədəbiyyat ilk çağında hələ əxlaq anlayışını bütün xalqın beyninə yeridə bilməmişdi. Ancaq mədəniyyətin inkişafı, əxlaqın pozulması, Makedoniyalıların uğurları bir-birinin ardınca gəldi. Həmişə bilgili, heç vaxt kefindən qalmayan, hər zaman da əsir olan Yunanıstan artıq bütün inqilablarında lider dəyişməkdən başqa heç nə edə bilmədi. Domesthenesin bütün məqsədi mədəniyyətin öldürdüyü bədənləri diriltmək idi.

Bir çobanın qurduğu və kəndlilərin şərəfə qovuşdurduğu Roma, Ennius və Terentius zamanında pozulmağa başlayır. Ovidiusdan Catullusdan, Martialisdən sadəcə şərəfləri və adları olan  insanlarda narahatlıq yaradan bütün bu həyasız savaşçılardan sonra öncə fəzilətin mərkəzi  Roma, cinayətlərin yatağı, millətlərin üz qarası və vəhşilərin oyuncağı olur. Cahanın mərkəzi olan, bu qədər milləti  təsirinə salan  Roma nəhayət özü təsir altına düşür və sükut edir. Bu bir vətəndaşa 
" Zövqün hakimi” ünvanı  verilən ərəfədə olur.

Bizans da elə olmadımı? Şərq İmperatorluğunun metropolisi olan bu bölgə, dünyanın mərkəzi sayılacaq durumda idi. Bəlkə də Avropadan qovulan elm və mədəniyyətin sığınacağı olmuşdu. Əxlaqsızlığın ən utanılacaq formaları, ən qorxunc xəyanətlər, qatillər, zəhərlər, ən dəhşətli cinayətlər  Konstantinopolisin tarixini dolduran hadisələrdir. Əsrimizin fəxr etdiyi məlumatların saf qaynağı!

Gözümüzün qabağında olan bir həqiqətin dəlil və sübutlarını niyə qədim dövrlərdə axtarırıq? Asiyada bu gün möhtəşəm bir ölkə var ki, ədəbiyyat orada böyük bir rəğbətlə qarşılanır, hətta dövlətin ən yüksək mövqelərinə yol tapır. Elm əxlaqı düzəltsəydi, insanlara vətən üçün qan tökməyi öyrətsəydi, mərdliyi artırsaydı, Çindəki millətlər hakim, azad və məğlubedilməz olardı. Halbuki, bu millətlərin etmədikləri əxlaqsızlıq, işləmədikləri cinayət yoxdur. Nə idarəçilərin biliyi, nə qanunların hikməti, nə də bu geniş imperatorluqdakı insanların çoxluğu onu cahil və kobud barbarların boyunduruğu altına girməkdən qurtara bildi. Bəs onda bütün alimlər nə işə yarıyır? Onlara bol-bol verilən şərəflərə qarşılıq nə qazandıq? Yoxsa xalqın köləliyə və əxlaqsızlığa düşməsi bir qazancdı?

Bu mənzərənin ardından boş bilgilərdən sıyrılmış və vəzifələrilə həm öz səadətlərini təmin edən, eyni zamanda başqa millətlərə örnək  olan nadir bir neçə ölkənin əxlaq və adətlərinə baxaq. Bunlardan biri qədim İrandı.  Bizdə elm necə öyrənilirsə bu ölkədə də fəzilət elə oyrənilirdi.

Bu millət Asiyanı rahatlıqla işğal etdi və  tarixini insanlara fəlsəfi bir roman kimi oxutmaq şərəfi yalnız ona nəsib oldu. Tarixə parlaq öygülərlə gələn İskitlər də belə bir millətdi. Germenlər də elə idi. Zövq və aydınlıq içində yaşayan bilgilənmiş bir millətin suçunu və ayıblarını yazmaqdan yorulan bir qələm  onların sadəliklərini, təmiz ürəklərini və yüksək dəyərlərini  qürurla yorumlayır. Roma da yoxsul və cahil olduğu vaxtlar elə idi. Sonunda bu bildiyimiz dağlı millət də elə qalıb. Uğursuz günlərin  söndürmədiyi çabaları, pis örnəklərin pozmadığı sədaqəti ilə  tanınır. 

Bu millətlərin təfəkkürdən ayrı fəaliyyətlər seçməsi onların axmaq olması anlamına gəlmir.  Başqa torpaqlarda yaşayanların həyatın yaxşı və ya pis  keçməsi barədə dartışmalar etmələri, bir çox ədəbazın  özünü ən parlaq təriflərlə yüksəklərə qaldırması, başqa millətlərə barbar adı verməsi haqda onların əlbəttə ki, məlumatı var idi. Həmin adamların əxlaqına baxdılar, fikirlərini öyrəndilər, ancaq onları ciddiyə almadılar. 

Onu da unutmayaq ki, Yunanıstanın tam ortasında, mutlu cəhaləti qədər, qanunları, insanlığın sərhədlərini aşan qəhrəmanlıqları ilə tanınan, yarı insan, yarı Tanrı olan insanların qurduğu bir dövlət vardı. Ey, Spartak, boş bir təfəkkürün  lənətlə xatırladığı dövlət.  Afinaya pisliklər incəsənətlə birlikdə girərkən barbar bir hökmdar bütün çabasını şairlər şairinin sənət örnəklərini toplamağa xərclədi.   Sənsə sənətkarları, elmi, alimləri sərhədlərin xaricinə qovurdun.

Hadisələr bu fərqi daha yaxşı meydana sərdi. Afina zərifliyin və zövqün mərkəzi, natiqlər və filosofların ölkəsi oldu. Oradakı binaların yaraşığı danışılan dilin, nitqin incəliyinə uyurdu. Və hər tərəfdə ustadların əlləri mərmərə, parçaya həyat verirdi. Mədəniyyətin pozulduğu bütün dövrlərdə təkrarlanan o möhtəşəm əsərlər həmişə Afinadan çıxıb. Lakedai-monianın görünüşü o qədər parlaq deyil. Ora üçün digər millətlər: " İnsanlar orada sanki yüksək ideallarla doğulur və ölkənin havası belə sanki ruhsallıqla doludur " deyirdilər. Bu, insanların qəhrəmanlıqdan başqa bizə qoyduğu  xatirələri yoxdu. İnların mənəvi abidələri bizim üçün Afinadan qalan gözəl mərmərlərdən daha az dəyərlidir?

Əslində bəzi hakimlər bütövlükdə Afinadakı axına təpki verib  və Musalar diyarında əxlaqsızlıqdan qaça biliblər. Ancaq onların ən böyüyü və ən bəxtsiz, zamanın alimləri və sənətkarları haqqında baxın nə deyir:
"Şairləri araşdırdım. Bu adamlar qabiliyyətlərini özlərinə və başqalarına zorla qəbul etdirirlər, özlərini hakim kimi aparırlar, ancaq heç də belə deyillər. ”

Şairlərdən sonra sənətkarlara keçdim. Sənətdə  heç kimsə mənim qədər cahil deyildi. Sənətkarların çox gözəl sirləri olduğuna məndən çox inanan yox idi. Ancaq gördüm ki, onların da halı şairlərinkindən yaxşı deyil. Onlar da eyni vəziyyətdə yaşayırlar. İçlərindəki ən qüdrətli bir neçə sənətkar ölkədə yüksəldi deyə özlərini ölkənin ən ağıllıları zənn edirlər. Boş qürurları mənim gözümdə bütün biliklərini, savadlarını bütünü ilə qiymətdən saldı. Hətta özümü bir Tanrı yerinə qoyub nəfsimə bu sualı verdim: " Olduğun kimi qalmaqmı, yoxsa onlar kimi olmaqmı? Onların bildiklərini bilməkmi, yoxsa heç bir şey bilmədiyini bilməkmi istəyirsən? " Özümə və Tanrıya verdiyim cavab bu oldu: " Olduğum kimi qalmaq istəyirəm ".

" Doğrunun, yaxşının və gözəlliyin nə olduğunu heç birimiz bilmirik, nə sofistlər, nə şairlər, nə natiqlər, nə sənətkarlar, nə də mən. Amma aramızda bu fərq var ki, bu adamlar bir şey bilmədikləri halda hər şeyi bildiklərini düşünürlər,  mən isə bir şey bilməməklə bərabər heç olmasa bilmədiyimə şübhə etmirəm. Bundan da başa düşülür ki, Tanrının məndə gördüyü ağıl və hikmət üstünlüyü sadəcə mənim bilmədiyimi bilməyimdən əmin olmağımdır.”

Bəli, tanrıların yanında insanların ən ağıllısı və bütün Yunanıstanın gözündə Afinalıların ən bilgilisi saydığı adam belə deyir. Sokrat cəhaləti üstün görür. Siz elə bilirsiz  Sokrat yenidən həyata gəlsə, aramızda yaşasa alimlərimiz və sənətkarlarımız haqqında başqa cür fikirləşərdi? Xeyr. Bu düzgün düşünən adam bizim boş elmlərimizi də lazımsız görərdi. Bizi hər tərəfdən çevrələyən kitab yığınının artmasına kömək etməzdi və öz davamçılarına olduğu kimi bizim övladlarımıza da tək düsturu -  fəzilətinin xatirəsini qoyardı. Gözəl olan da, insanları bu cür tərbiyə etməkdi.

Afinada Sokrat, yurddaşlarının cəsarətini yumşaldan, fəzilətlərini yox edən o süni, incə fikirli yunanlara qarşı amansız savaş açmışdı. Yaşlı Caton ( romalı dövlət adamı; - red) eyni savaşa Romada davam etdi, amma elm mədəniyət və fikir göstərişi yenə rəğbət qazandı. Roma filosoflar və natiqlərlə doldu, əkinçiliyə pis baxıldı, məzhəblər törədi və vətən unuduldu. Azadlıq, qanunlara itaət kimi müqəddəs sözlər unuduldu onların yerini Epikürün, Zenonun, Arkesilaosun  adları tutdu. Öz filosofları da deyir ki: " Aramızda alimlər yetişməyə başlayandan yaxşı insanlar getdikcə yoxa çıxır. "  O zamana qədər Romalılar fəziləti yalnız yaşayışlarında göstərirdilər. Fəzilətin elmini yaratdıqları gün hər şey məhv oldu.

Ey Fabricius! Yaxşı ki, məzarından çıxıb qılıncınla qurtardığın Romanı, bütün fatehlərdən  çox sənin şərəfli adınla şöhrət qazanmış Romanı, belə bəzək və göstərişlər içində görmədin. Sənin böyük ruhun bu hala görəsən nə deyərdi! " Tanrılar! deyə qışqırırdın, hardadı o tox gözlü, təmiz ürəkli insanların yaşadıqları qamış tavanlı, torpaq döşəməli evlər! Hardadı Romanın sadəliyi! Bu uğursuz saraylar hardan çıxdı? Bu qəribə danışıq tərzi nədir? Nədir bu heykəllər, şəkillər, abidələr? Siz nə etdiniz? Siz millətlərin ağası, qalib gəldiyiniz zövq düşkünü olan insanların köləsi halına gəlmisiniz. Sizi söz ustaları idarə edir! Yunanıstanda, Asiyada tökdüyünüz qanlar, memarları, rəssamları, heykəlçiləri, tarixçiləri zəngin etməyə yarayıb. Kartacadan aldığınız qənimətlər bir tütəklə maraqlananın əlinə keçib. Romalılar tez bu amfiteatrları yıxın, qırın mərmərləri, yandırın o şəkilləri, qovun sizə boyunduruq vuran, uğursuz sənətlərilə əxlaqınızı pozan kölələri! Bu boş bacarıqlarla başqa əllər şöhrət qazansın. Romaya yaraşan tək bacarıq, dünyanı fəth etmək və fəziləti yaymaqdır. Kineas  bizim Senatımızı krallar məclisinə bənzətdiyində bu boş göstərişlərə, incə zərafətlərə heyran qalmamışdı. Orada qulaq asdığı sözlərdə faydasız insanların işi və göstərişi olan bu sudan bulantı yox idi. Kineasa o qədər zəhmli görsənən nə idi? Vətəndaşlar! Kineas sizin bütün zənginliklərinizin, sənətinizin yarıtmıyacağı bir səhnəni, yer üzündə görülə biləcək səhnələrin ən gözəlini görmüşdü. Romaya, başda olmağa  və dünyanı idarə etməyə layiq iki yüz insanın toplandığı bir yerə girmişdi. ”

İndi əsrləri və ölkələri aşıb öz ölkəmizdə, gözlərimizin qabağında olanlara baxaq. Ya da yox. Bizi iyrəndirəcək bu çirkin mənzərəni bir qırağa ataq. Başqa-başqa adlar altında zəhmət çəkib eyni hadisələri təkrarlamaq nəyə gərək? Ben Fabriciusun ruhunu boş yerə çağırmadım. Bu böyük adama söylətdiyim sözləri XII Louis, yaxud IV Henri deyə bilməzdi, ancaq ölümdən yüz dəfə betər olan tənqidlərə və təhqirlərə dözə bilərdilər.

Bəli, Tanrı hikmətinin bizə uyğun gördüyü biliksizlikdən qurtulmaq üçün sərf etdiyimiz boş səylərin cəzası hər zaman belə əxlaqsızlığa və köləliyə düşmək olub. O hikmət, etdiyi bütün işlərin üstünə qalın bir örtük çəkməklə bizi boş tədqiqatlardan qorumaq istəmişdi. Ancaq biz onun hansı dərsindən ibrət aldıq ki? Yaxud, hansı dərsinə laqeyd yanaşdıq və başımıza bəla gəlmədi. Millət! Bunu bilin ki, təbiət, uşağının əlindən təhlükəli silahı alan bir ana kimi sizi elmdən qorumaq istəyib. Bizə açmadığı hər sirr başımıza dərd gətirəcək bir şeydir. Bilgini tapmaqçün əziyyət çəkməyimiz onun ən faydalı tədbirlərindən biridir. Hələ insanlar bu durumdan belə pozulublar. Bir də insanlar bilikli doğulmaq faciəsiylə üzləşsəydilər nələr olardı, siz düşünün.

Bu fikir insanlıq üçün nə qədər ağır, qürurumuz üçün nə qədər əzicidir. Necə ola bilər? Əxlaq bilgisizlikdən gəlir? Elmlə fəzilət bir-birinə tərs şeylərdi? Belə bir fikrə inanmaq insanı haralara apara bilər? Düzdü, yalnız insan bilgilərinə ölçüb biçmədən verdiyimiz göz qamaşdırıcı qiymətlərin nə qədər mənasız, nə qədər boş olduğunu görə bilsək, bu düşüncələrin yanlış olmadığını anlayarıq. Onda elmin və mədəniyyətin tərkibinə, içinə baxaq, irəliləmələrdən yarana biləcəklərə diqqət edək və tarixdən çıxardıqlarımızla düşüncələrimizin uzlaşdığı nöqtədə artıq gerçəkliyi  qəbul edək.
 
 əvvəli: 

 >BİRİNCİ HİSSƏ<

qadinkimi.com