YAZI / DÜŞÜNCƏ
Gunel Dəniz - Gələcəyimizi qorumaq da, itirmək də öz əlimizdədir! Tarix : 11 Aprel 2019, 12:41
Yazar : Günel Dəniz
Elina... Qədim Yunan adı ilə doğulan, anlamı "Allah tərəfindən verilən həyat” olan, lakin o Tanrı əmanətinə sahib çıxıb, qoruya bilmədiyimiz gözəl mələk...

Ölümünlə bizlərə dağ çəkdin. Ölkəmizdə bu ilk intihar xəbəri deyil. Orduda əsgərin, elmdə psixoloqun, məktəbdə şagirdin qısacası, hər yaşda, hər sahədə çarəsizcə ölümə gedən insanlarımızın sosial şəbəkələrdə yayılan, yayılmayan acı xəbərlərini çox duyduq, çox eşitdik. Virustək günü-gündən yayılan bu intiharlarla bağlı bir çox müzakirələr oldu, dəfələrlə fikirlər söyləndi. Kimi dövləti suçladı, kimi təhsil və səhiyyə sisteminin başdan sona yenilənməsi gərəkdiyini söylədi, kimi suçu ailədə və ətraf mühitdə gördü, kimi də ölənin özündə axtardı günahı "zəif” damğası vuraraq. Məktəbli qızımızın da xəbəri günlərdi eninə-boyuna dartışılır. Nədir əslində bunun kökündə duran? Səhiyyə və təhsil sistemi? Ailə və cəmiyyət? Bunlar hər biri ölümə aparan əllərdi, sözsüz, lakin ən danılmaz, ən ağrılı faktı heç kim dilləndirmədi. İntihara gedən yol doğmalardan keçir. Doğmalar yadlaşanda, intihar doğmalaşır. Bunu ən yaxşı o yollardan keçənlər bilir. Ətrafında bircə nəfər səni dərindən sevən, duyan, anlayan insan olsaydı, ölümə bu qədər tələsməzdin, gözəl qızım. Səsini, harayını bizlərə duyura bilmən üçün ölmən gərəkməyəydi kaş.. 

Heyhat.. Qəflət yuxusuna yatan vicdanları ayıltmağa yetməz ki sənin cansız bədənin. Onlara yalnız İlahidən gələn "Sillə” gərəkdi.
Yenə Onun ədalətinə sığınırıq.
Yenə Ona pənahıq.

Araşdırmalar üzə çıxdıqca, xüsusilə məktəblilərin amansız davranışlarını gördükcə dəhşətə gəlirəm. Axı yetişkinlərdən fərqli olaraq uşaqlar sevgi dilində danışar. Bizim uşaqlarımızın dünyası nə zaman bu qədər kirləndi? Bu sorunun kökü əslində o qədər dərinlərə gedib çıxır ki. Nə qədər ki, sevgisiz, kimlərinsə vasitəçi olduğu evliliklər olacaq belə də qəddar, sevgisiz nəsillər yetişəcək bu ölkədə.. 

Ən əsası budur, bəli. SEVGİSİZLİK. Sevgisiz qurulan ailələr, sevgisiz ortamda yetişən gənclər, sevgisiz icra olunan məsləklər, sevgisiz nəyinsə xatirinə qurulan yoldaşlıqlar, dostluqlar. Sevgisizlik, laqeydlik əsrimizin ən böyük bəlasıdı. Həkim öz işini sevərək etsə, müəllim öz vəzifəsini sevərək yerinə yetirsə, valideynlər sevgi içində bir ailə ortamı yaratsa, dostlar sevərək sahib çıxsa, tək qoymasalar, bütün bunlar olmazdı. Ah, mələk qız, Elina...Sən intihar etmədin, etdirildin. Bəli, mənə görə bu bir özünəqəsd hadisəsi deyil, məhz təhsilin, səhiyyənin və cəmiyyətin (sevgisizlikdən, laqeydlikdən) ucbatından baş verən bir qətl hadisəsidi. Elinanı xilas etmək olardı, amma ətrafında olan hər kəs ondan üz çevirmişdi. Baş verənlər də bunu göstərir ki, ailəsinə seçimlərinə, görünüşünə görə insanları mühakimə etmək nələrə səbəb olur. Baxmayaraq ki, yaşın çox az idi, çox böyük dərs verdin insanlığa, mələk qızım. Təhsildə, səhiyyədə, cəmiyyət içində baş verən bu anormal vəziyyətə kor baxanlara öz canın bahasına da olsa, ayna oldun.
Elə məhz buna görə də bir çoxu susur. Çox az işıqlandı, çox az müzakirə olundu. "Söz davasına çıxan müğənnilər”, "lüt qızlar” və s. kimi düşük, səviyyəsiz videomateriallar bütün xəbər portallarını zəbt edir, bir neçə ağrılı məqama birdən toxunan bu dəhşətli xəbər isə kölgədə qaldı. 
10 milyonuncu körpənin doğulmasını milli bayram səviyyəsində qeyd edənlər, 9 milyondan birinin faciəli ölümünü gözardı edib susur...
Bəli, 8- ci sinif şagirdi bu mələk qızın faciəli ölümü bir körpənın doğumunun kölgəsində qaldı. Halbuki, bu olay bütün ölkəni silkələməli, KİV-in, TV-lərin baş xəbərləri olmalı və bütün detallarına qədər araşdırılmalı idi. Niyə cəmiyyətimizin daha qlobal, daha diqqət tələb edən problemlərinin üstündən ötəri keçirik? Niyə bu günümüzü, yarınımızı təhlükəyə atan ən ağrılı mövzulara "dırnaq arası” baxırıq? Təhsilimizdə, səhiyyəmizdə, ümumiyyətlə cəmiyyətimizdə baş verən bu özbaşınalıqların, bu laqeydliyin, həllini illərdi tapmayan bu ağrılı problemlərin səbəbini bir dəfə özümüzdə axtarmırıq? Gəlin özümüzdən başlayaq ilk növbədə. Dahi Mirzə Ələkbər Sabirin "Millət necə tarac olur olsun, nə işim var?!” misraları ilə ayıltmağa çalışdığı, cəhalətin hökm sürdüyü o dövrlərə yenidən qayıtmayaq. Gənclər gələcəyimizdi, günəşimizdi deyirik. Bəs qaranlığın fərqindəyikmi? Hər dünyaya gələn uşaq bizim olduğu kimi, hər ölən "öldürülən" uşaq da bizimdir. Qısacası, gələcəyimizi qorumaq da, itirmək də öz əlimizdədir. 
 
Gəlin sahib çıxaq.
Anlayaq.
Fərq qoymayaq.
Biganə qalmayaq.
"Mənlik deyil” deməyək.
və ən əsası SEVƏK!

Sənsə, 
Bağışlama bizi, qızım.. 
Bağışlama...

 
Gunel Dəniz 
qadinkimi.com