BURA / ORA
Əfqanıstanda pedofil qruplaşma aşkar edilib - 500 uşaq istismar olunub Tarix : 14 Noyabr 2019, 16:21


Əfqanıstanın Logar əyalətində bir pedofil qruplaşması aşkar edilib. Əyalətdə 6 fərqli məktəbdən ən az 546 uşağın cinsi istismara məruz qaldığı, istismara məruz qalan uşaqların bəzilərinin isə öldürüldüyü iddia edilir. Qruplaşma içərisində müəllimlərin, direktorların və rəsmi qurumlarda çalışan vəzifə sahiblərinin də olduğu deyilir. Uşaqlara aid istismar videolarını sosial mediada yayan qruplaşma bir çox uşağı da videolarını yaymaqla təhdid edərək qanunsuz işlərlə məşğul olmağa məcbur ediblər. 


Guardianın müxbiri Stefanie Glinskinin xəbərinə görə, cinayəti törədənlərin kimliyi bilinməsə də, Logarda keçən həftə 13 və 15 yaşlarında iki oğlan uşağı öldürülüb.

16 ildir bölgədə çalışan Logar Gənçlik qeyri-hökumət təşkilatı bir sosial media səhifəsində 100-dən çox uşağın istismar videosunu üzə çıxarıb. Sosial medianın bəzi hallarda pis yöndə istifadəsini bir daha sübut edən sözügedən QHT araşdırmalarını davam etdirir və daha çox uşağın istismara uğradığı qənaətindədir. 


Qurumun sosial xidmət eksperti Muhammed Mussaya görə müəllimlər, direktorlar və yerli səlahiyyətli şəxslər də sosial mediadan pis niyyətlərlə istifadə edənlər arasındadır: "Danışdırdığımız uşaqların yaşları 14-20 arasında dəyişir. Uşaqlar yaşadıqları istismar hadisələrinin nisbətən güvənli hesab edilən yerlərdə gerçəkləşdiyini deyirlər. Bu da əlimizdəki rəqəmlərin daha da artacağını göstərir”.

Logar əyalətindən olan 17 yaşlı məktəbli Tamim direktorun səsini telefonuna yazıb ailəsinə dinlədənə qədər heç kimin ona inanmadığını deyir: "Məni sevdiyini və mənimlə cinsi əlaqədə olmaq istədiyini söyləyirdi”. 


Şagirdlər məktəb direktorunun istismar yeri kimi kitabxanadan istifadə etdiyini bildirirlər.

İddialara görə məktəb direktoru vəzifəsindən azad edilsə də, hazırda Təhsil Nazirliyində başqa bir vəzifədə çalışır.

Başqa bir məktəbin şagirdi 18 yaşlı Daudun məktəbində də bu günə qədər 66 istismar hadisəsi qeydə alınıb. Daud müəllimlərindən birinin onun dərslərində yaxşı olmadığını, amma onunla cinsi əlaqədə olarsa, qiymətini yazacağını söylədiyini deyir. Bundan əlavə, Daud müdafiəsiz olduqları üçün daha çox kasıb ailələrin uşaqlarının seçildiyini də bildirib. 


Sosial xidmət eksperti Mussa deyir ki, bəzi müəllimlər polisə şikayət edilsələr də qısa bir müddət sonra azadlığa buraxılıblar.

Mussa bu istismar hadisələrini araşdırmağa başladığından bəri özünün və həmin uşaqların ölüm təhdidləri aldıqlarını deyir: "İstismara məruz qalan uşaqları şantaj edirlər. Əksəriyyəti videolarının yayılacağı ilə təhdid edilir və qanunsuz işlər görməyə məcbur edilir”.

İnsan haqlarını müdafiə edən təşkilat - Human Rights Watch-un rəhbəri Patricia Gossman "Uşaq təcavüzündə cəzasızlıq var, çünki əksər hallarda bunu edənlər rəsmi qurumlarda çalışanlardır. Təəssüf ki, qanunlar lazımi şəkildə tətbiq edilmir” fikirlərini səsləndirib.

 


Medyacope.tv

Qadinkimi.com