QADIN / KİŞİ
Edam olunan azərbaycanlı qadın - üçüncü hissə Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

16 iyul 1831-ci ildə Təbriz şəhərində аnаdаn оlmuş Nasirəddin şah mirzə Məhəmməd şah oğluQovanlı-Qacar 1848-ci ildə könüllü olmasa da tахt-tаcа əyləşir. Taxta çıxana qədər fars dilini bilmir, doğma ana dilində-türkcə danışır. Poeziya, ovçuluq və foto sənətinə aludəçiliyi ilə tanınır, reformasiya tərəfdarı kimi anılır.

Müкəmməl sаrаy təlim-tərbiyəsi, təhsili аlmış Nаsirəddin şаh səyаhəti sеvirdi. Bir çох ölкələri gəzmiş, yаzıçılığı və şаirliyi vаrdı. Qacarlar dövlətinin IV şahı Nаsirəddin şаh 1896-cı il, may ayının birində Tеhrаndа " Şаh Əbdüləzim " məscidində nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən qətlə yetirilir. Şəhid şаh кimi аnılır.

Nəsrəddin şahın ( 1848 mart – 1896 avqust ) hökmdarlığının erkən hissəsi babilər hərəkatının yaranması ilə müşahidə olundu. Onun zamanının İranı hər cür korrupsiyaya uğrayaraq laxlamış monarxiya idi ki, xalq yoxsulluq və dini fanatizm tərəfindən idarə edilirdi.

Nəsrəddin şah Qacarla Tahirə Qürrətül-Eyn arasında bir görüş keçirildiyi məlumdur. Onun ağlına, şeirlərindəki poetikaya, təfsir sahəsindəki rəqabətsiz liderliyinə, əqidəsinə və s. məftun olan şah belə bir şəxsiyyətin məhv olmasını istəmir. ( Bəlkə də hər ikisinin türk olması, şahın da poeziyaya meylli olma faktoru da burada müəyyən rol oynayır ) Və ona evlilik təklifi edir. Onu yalnız bu yolla fətvadan xilas edə biləcəyini bildirir.Tahirə Qürrətül-Eyn:

-Mən sürgün və həbslərdə, döyüş meydanlarında insan, ələlxüsus da qadın azadlığı uğrunda ona görə mübarizə aparmamışam ki, sonda sizə ərə gedim! " Səyyar həbsxana " nı oturaq zindana dəyişəcək qədər aciz deyiləm - cavabını verir. Sonda bir bənd şeir söyləyərək barəsində verilmiş fitvanı qəbul etdiyini bəyan edir:

Sənə sənin səltənətin, cahü-cəlalın,

Mənə isə zahidin yolu və vəsiləsi.

Əgər o yaxşıdırsa, özünə saxla,

Əgər bu pisdirsə, mənim qismətim.

Babın edamına cavab olaraq bir dəstə hərəkat üzvü 15 avqust 1852-ci ildə Nəsrəddin şah Qacara səthi düşünülmüş və ya uğursuz sui-qəsd edir. Şah cüzi yaralanır, sui-qəsdçilər öldürülür. Bu hadisədən qeyzlənən şah və hakimiyyət üsyançılara qarşı ciddi tədbir görməyi qərara alır. Hərəkatı birdəfəlik məhv etmək üçün bütün ordu səfərbərliyə alınır.

Bu qəsddən sonra Tahirənin babi dinini və siyasi baxışlarını etiraf etməsi sadəcə ölüm cəzası deyil, həm də ən dəhşətli işgəncələr demək idi və bu hadisə Qobino, Ledi Şeyl, Polak və Usşer tərəfindən canlı bir şəkildə təsvir edilmişdir. Hətta Qürrətül-Eyn onda öz dinini danmaqla ölümdən qurtula bilər və şərəfli şəhidliyini və ölümsüz şöhrətini bir neçə illik həyata dəyişə bilərdi; lakin onun alicənab ruhu buna ikrahla yanaşır.

Bu ərəfələrdə Mirzə Ağa Xan Nuri İranın Sədri-Əzəmi təyin olunur. Baş Nazir baş qazi Molla Mirzə Məhəmməd Eldermani və Hacı Molla Əli Keniyə əmr edir ki, Tahirəylə söhbət etsinlər və onun inanclarını yoxlasınlar.

Qürrətül-Eyn bir strategiya fikirləşəndə hadisələrin çox pis şəkil alması riski böyük idi. Bu planı başa düşmək üçün bilmək lazımdır ki, şiə təriqəti islamdan dönmüş hər bir kəsi bağışlamadan ölümə məhkum edir. Heç bir səbəb qəbul edilmir və hətta günahkar islama qayıtsa da, qanunun onun əleyhinə çıxardığı hökmü ləğv edə və ya saxlaya bilməz. Lakin qadınlar üçün bu belə deyil. Onlar sadəcə nəsil verən heyvanlardır, onlar öz hərəkətləri üçün məsuliyyət daşımırlar. Onlardan biri dinini dəyişsə - əslində şüuraltı istisna olmaqla bunu edə bilməz - kimsə onun başına ağıl qoymalı, onu öyrətməli, günahını başa düşməsinə kömək etməli və islama qaytarmalıdır. Onun öz dininə qayıdışı bağışlanmasını təmin edir. Lakin əgər o öz səhvində israr edərsə, ancaq onda və onda o, ölümü haqq edir.

Nəinki Şərqdə, həm də vaxtilə Qərbdə və bütün dünyada qadınların kişilərdən aşağı rolunu iddia edənlərə qarşı Doktor John Ebenezer Esslemontun irəli sürdüyü bu fikirl çox maraqlıdır. " Bəzi alimlər belə mülahizə irəli sürürlər ki, kişilərin beyninin çəkisi qadınların beyninin çəkisindən ağırdır və onlar bunu kişilərin üstünlüyünə dəlil sayırlar.  Lakin biz həyatda başı kiçik olan kişilərə rast gəlirik ki, onların beyinlərini çəkisi azdır, lakin onlar böyük ağıl və geniş idrak gücü nümayiş etdirirlər. Iri başı və ağır beyni olan kişilər vardır ki, əqli cəhətdən inkişaf etməmişlər. Buna görə də beynin çəkisi ağlın inkişafı və ya üstünlüyü üçün həqiqi meyar deyildir.

Bu iki kişi ilə dustaq arasında səkkiz (!) görüş keçirilir... Tahirə Qürrətül-Eyn elmdə ondan xeyli aşağıda dayanan, dini öz məqsədləri üçün alət edən mollalara deyir: - " Sizin  gətirdiyiniz dəlillər cahil və nadan bir uşağın dəlilləridir. Siz bu sərsəmlikləri, bu yalanları nə vaxt saxlayacaqsınız? Siz gözlərinizi nə vaxt qaldırıb Həqiqət Günəşinə baxacaqsınız ? ".

Tahirə yeni bir yolla gedirdi. O, ənənəçiliyin qandallarını qırırdı. Onun mühazirələri din xadimlərinin hakimiyyətlərinin kökünə vurduğundan onlar təşvişə düşdülər. Din xadimləri ondan qurtulmaq istəyirdilər.

Bu ağır sözlərdən qəzəblənmiş Hacı Molla Əli ayağa qalxıb yoldaşına deyir: " Bir kafirlə çoxlu müzakirələr aparmağın nə faydası olacaq ?! " Tahirənin dindən döndüyünü və tövbə etməkdən imtina etdiyini təsdiq edən bir hökm çıxararaq Quran adı ilə onu ölümə məhkum edirlər.

Tahirə atəşli temperamentə, aydın və parlaq zəkaya, heyranedici təmkin və ramedilməz cəsarətə malik olduğundan onu əqidəsindən döndərmək mümkün olmur.

Ardı var...

Müəllif: Kəmalə Səlim Müslümqızı

Qadinkimi.com