YAZI / DÜŞÜNCƏ
Bir il də yaşadıq - Sevil Ülvi Tarix : 21 Dekabr 2019, 15:43
Yazar : Qadinkimi.com
Bizimlə başlamayan, bizimlə bitməyən bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməl ola bilməz. Mən də daxil olmaqla hər birimiz həyatın zənginliyini və bolluğunu özümüzə uyğun tərzdə anlayırıq. Mən indi keçmişə nəzər salır, yaşadıqlarıma baxır və keçmiş təcrübələrimdən öyrənməyə çalışıram. O zaman baş verənlər arasında düzgün və ya səhv, yaxsı və ya pis heç nə axtarmıram. Çünki bütün bunlar keçmişdə qalıb və bitib. Artıq mənim üçün indiki zamanda baş verənlər mövcuddur. Özümü keçmisdən indiki zamana gətirdiyimə, dünəndən bu günə gəldiyimə görə şanslıyam. Mən malik olduqlarımı və mövcudluğumu paylaşıram, çünki bilirəm ki, ruhən hamımız birik. Yaşanan və yaşadığım illər mənə insanları sevməyi öyrətdi. Buna görə də bütün insanlar haqqında sevgi ilə düşünür, onlarla sevgi ilə rəftar edirəm, əminəm ki, göstərdiyim münasibət artaraq özümə qayıdır. İnsan mütləq baş verən bütün neqativ hadisələri bağışlamalı və beynindən tamamilə silməlidir. İnsan ruhunu, ürəyini, düşüncəsini təmizləməlidir. Yalnız bu zaman insanın ruhu, ürəyi, düşüncəsi azad ola bilər. Yeni ilə tərtəmiz sevgi dolu azad ruhumuzla, ürəyimizlə, düşüncəmizlə gedək.


Tək qalan ruhlar deyəsən,
Tanrıya sığınıb yenə.
Hansı duanı oxuyum,
Ruhum göydən yerə enə?!
Göy üzü dəlik-dəlikdi,
Saxlamır daha dua da.
Kimin hünəri çatar ki,
Yatmış Tanrını oyada?!
Hamı yatıb, mənsə oyaq,
Artıq dan yeri sökülür.
Gecə etdiyim dualar
Bir-bir üstümə tökülür.
 

 
Sevil Ülvi 
qadinkimi.com