QADIN / KİŞİ
Azərbaycanda qadınların vəzifə və biznesdə təmsilçiliyi niyə azdır - onlar danışır... Tarix : 17 Oktyabr 2018, 21:58
Yazar : Qadinkimi.com
Azərbaycanda qadınların vəzifələrdə, siyasətdə biznes və digər sahələrdə təmsilçiliyinin az olması hər zaman müzakirə mövzusudur. Bu yöndə səslənən fikirlər müxtəliflik təşkil edir. Daha çox bu hal mentalitetlə əlaqələndirilir.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirdi ki, uzun illərin mental dəyərləri, Şərq təfəkkürü, Şərq yanaşması Azərbaycan qadınının siyasətdə, ictimai həyatda, biznesdə yer tutmasına o qədər də ciddi şərait yaratmayıb: "Baxmayaraq ki, sovet hakimiyyətinin ilk illərindən başlayaraq, bir qadın hərəkatı yaradıldı, qadın hərəkatı formalaşdırıldı, amma təəssüf ki, bu da nə biznes vərdişlərinə, nə də ictimai-siyasi vərdişlərə çevrilmədi. Sadəcə olaraq, qadınları ictimai-siyasi həyatda və biznesdə təmsil olunurlar deyə cəmiyyətə təqdim etməyə çalışdılar. Amma xarakter və düşüncələrimizdəki Şərq təfəkkürü və mental dəyərləri dəyişə bilmədik. Ona görə də Azərbaycan qadını ictimai-siyasi həyatda, biznesdə az təmsil olunur. Həm də cəmiyyətin qeyri-adekvat yanaşmaları var. İctimai rəydə yanaşmalar xoş deyil. Qadınlar ictimai-siyasi işlərlə, bizneslə məşğul olanda hökmən ona arxa ola biləcək birinin olduğunu düşünənlər var. Düşünürlər ki, o qadın ailə işi, öz işi ilə məşğul deyil, uşaq tərbiyə etmək, uşaq böyütmək əvəzinə bu tipli işlərlə məşğul olur. Qadın ancaq həyat yoldaşı, ancaq ana olmalıdır deyə düşünənlər var. Azərbaycan qadını da bu tipli basqılardan bir az çəkinərək, çevrəsində olan çoxluğun rəyini nəzərə alaraq, bəzən geri durmağa məcbur olur. Əsas səbəblər bunlardır. Amma inanıram ki, bu səbəbləri aradan qaldıra biləcək ictimai-siyasi mühit yaranacaq ki, bu mühit artıq formalaşmaq üzrədir. Bu məsələləri təkcə kişilərlə, əks cinslərlə bağlamaq doğru deyil.

Tamilla Qulami: "Bunu təkcə kişilərin üstünə atmaq lazım deyil”
 


Qeyd etdiyim kimi, bu istiqamətdə Azərbaycan qadının da vərdişləri yoxdur. Bu vərdişlər olsaydı, təbii ki, əks cinslər də bu vərdişləri ən azı normal qəbul edə bilərdi. Vərdişlər olmayanda heç kim inqilab etməyə həvəsli, eləcə də, heç kim yenilik gətirməyə, təkbaşına addım atmağa meylli olmur. Çünki cəmiyyət tərəfindən birmənalı qarşılanmayacağının fərqindədir. Ona görə də hamı məcburən geri çəkilir. Bunu təkcə kişilərin üstünə atmaq lazım deyil. Bu gün Azərbaycanda kifayət qədər normal düşünən, qadınlara hüquq və azadlıqlar verən, onların işləməsinə mane olmayan kişilər - yeni nəsil formalaşıb. Lakin onlar da hələlik cəmiyyətin az faizini təşkil edir və onların da üzərində müəyyən qədər ictimai basqı var. Proseslərə diqqət edək. 1980-ci illərin sonlarındakı geyim tərzi ilə indinin geyim tərzləri arasında nə qədər fərqlər var... O zaman geyim tərzlərini gətirənlərə cəmiyyət bir az fərqli baxırdı. Və yaxud da 15 il öncələrə baxsaq, maşın sürən qadınları barmaqla saymaq olardı. Amma indi qadınlar da maşın sürür və cəmiyyət də bu halı normal qəbul edir. Bu nəyin göstəricisidir? Təbii ki, vərdişlərin. Hesab edirik ki, vərdişlər artdıqca, çoxaldıqca və cəmiyyət bu vərdişləri özündə əxz etdirdikcə qadınlar da yavaş-yavaş ictimai-siyasi, biznes həyatına girəcəklər. Bunun üçün bir az zaman lazımdır”.

Rəsmiyyə Allahverdiyeva: "Xanımlarımızda risk yoxdur”
 


Jurnalist Rəsmiyyə Allahverdiyeva hesab edir ki, azərbaycanlı qadınlar idarəçiliyi çox gözəl bacarırlar: "Yox dərəcəsində olmasa da, bu sahələrdə barmaqla sayılacaq qədər xanımlarımız var. Deyərdim ki xanımlarımızda risk yoxdur, bu işlərlə məşğul olmağa. Təməldən öyrəşdiyimiz bir ənənə var, bu iş qadınlıq deyil. Son zamanlar az çox bu ənənədən çıxanlar var, amma bu da çox azdır. Bizdə bölünmüş bir kateqoriya var. Elə ixtisaslar, peşələr var ki, onlar qadın üçün keçərlidir, eləsi də var ki, kişi üçün. Bir qadın kişi işi görürsə, cəmiyyət buna reaksiya verir ki, qadın kişi işi görür. Bu qadınlarımızın bacarıqlarının az olması və ya idarəçiliyi bacarmaması ilə əlaqəli deyil. Əksinə, deyərdim ki, qadınlarımız idarəçiliyi çox gözəl bacarır. Yəni  oturuşmuş sahələr var ki, onlar sırf kişilərə aid edilir. Cəmiyyətimizdə qadın bacarmaz anlayışı mövcuddur. Bir qadın siyasi lider olmağa cəhd göstərərsə, kişilər bu qadının tabeçiliyində olmağı bir az özlərinə sığışdırmırlar. Bizim psixikamıza, mentalitetimizə yad bir fikirdir ki, kişi zərif (kişilər üçün zəif) cinsin nümayəndəsinin tabeliyində çalışsın. Bu başqa sahələrə də aiddir. Qadın və kişi bərabərdir desək də, buna əməl etmirik. İlk öncə şüur altına yeridilmiş, qadın bunu bacarmaz fikrindən azad olmalıyıq. Amma son vaxtlar bu baryeri keçən xanımlarımız var. Bunu inkar etmək olmaz. Yəqin ki, zamanla bütün sahələrdə bərabərlik təmin olunar. Müəyyən sahələrdə qadınların işləməməsinə qarşı çıxan ailə faktoru da mühüm rol oynayır. Nə qədər desək ki, müasir fikirli insanlarıq, bərabər hüquqlarımız var, biz xanımlar üçün ailə bütün bunların önündə gəlir. Qadınlarımızın əksəriyyəti cəmiyyətin fikirlərindən ehtiyat etdiyi üçün bu sahələrdə işləməkdən çəkinirlər”.

Fərqanə Mehmanqızı: "Beşiyi yırğalayan əl dünyanı idarə edər”
 


"Güzgü” İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı bu cür düşünmür: "Nəyə görə nisbətən bu statistika belə götürülür? Yəqin ki, kişilərin sayı ilə müqayisə edilir. Bu müqayisə doğru deyil. Statistikanı ötən illərə nisbətən götürmək lazımdır. Hələ müstəqillikdən qabaqkı dövrdə kolxoz sədrləri və ferma müdirləri olan qadınlar var idi. İndi də məktəb direktorları, bağça müdirləri arasında qadınlar az deyil. Bu sahələrdə qadınlar yetərincə çoxdur.  Sadəcə nisbətdə görürük ki, qadınların çoxu, ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmur. Düşünmürəm ki, qadın idarəçiliyi bacarmır. Necə deyərlər, ”Beşiyi yırğalayan əl dünyanı idarə edər". Keçmiş və ya kapitalizmlə ayaqlaşan qadınlar çoxdur. Hər hansı bir qadın biznes olmağı hədəfləyibsə, düşünmürəm ki, onun qarşısını məişət problemləri kəsə bilər. Çünki bu da bir karyeradır. Nəzərə alaq ki, vitse-prezidentimiz, ombudsman qadındır. Demək elitadan qadınlara örnəklər var və çoxdur. Kişilərə nisbətən qadınların diqqətli və məsuliyyətli olduğunu bildiyimiz halda biznesdə, idarəçilikdə onların üst səviyyədə olduğunu demək çətin olmaz. Zatən insan yetişdirməyi, ailə idarə etməyi, ailədaxili qohumlar arasındakı münasibətləri qadınlar idarə edir".

Səbinə Abdullayeva: "Qadınlarımız yetərincə aktiv şəkildə ön sıralarda təmsil olunurlar”
 


Yazar Səbinə Abdullayeva qadınların ön sıralarda təmsil olunduğunu bildirdi: "Deməzdim ki, qadınlar istər vəzifədə, istər biznesdə, istərsə də digər sahələrdə azdır. Bu gün qadınlarımız yetərincə aktiv şəkildə ön sıralarda təmsil olunurlar. Təbii ki, istisnalar hər zaman hər yerdə var. Bu da bəzi mental qanunlarla bağlıdır. Bəzi xanımlarımız bir qədər istər iş həyatında, istərsə də ictimai mühitdə passivlik göstərirlər. Ümumilikdə, Azərbaycan qadını həmişə fədakar, çalışqan və əzmkar olub”.

Cavanşir ABBASLI,
Mənbə: musavat.com