QADIN / KİŞİ
Adam kişi olmalıdır? Tarix : 08 İyul 2018, 16:09
Yazar : Alov İnanna

Insanı hər mənada yaradan qadındırsa, niyə və nə vaxtdan insan deyərkən kişi başa düşülür (məsələn, bir çox dillərdə insan sözü ilə kişi sözü eynidir), niyə “Adam kişi olmalıdır”? Niyə və nə vaxtdan qadın göyün yeddinci qatından yerin dibinə endirildi, and yeri olan orqanları söyüş yerinə çevrildi, şüuraltında qul ilə eyniləşdirildi və s.

İnsanı insan edən nə varsa qadınla başlayıb; qadın – insanın təkcə ilk vətəni deyil, ümumiyyətlə, ev quruculuğu onun adıyla bağlıdır. Həmin evlər ana qarnını imitasiya edən dairəvi formada olurdu. Hələ də bu cür ev forması qalır: Afrika xalqlarından olan sombalarda (tata adıyla), bir sıra türk xalqlarında (yurd adıyla), Arktika xalqlarından eskimolarda (iqlu adıyla) və s.

Qadın – neandertallı insandan üzü bəri dünyanın ilk inamının – yenidəndoğulma inamının yaradıcısıdır. O inam yenidən oyanış, yenidən diriliş, yenidən doğuluş kimi demək olar ki, dünyanın bütün miflərində, dinlərində, onlarla fəlsəfi ideyalarda, saysız-hesabsız simvollarda, hətta bir sıra hüquqi institutlarda, məsələn, yenidən doğulması, təzələnməsi üçün cinayətkarın həbsxanaya salınması təsəvvüründə və s. hələ də yaşayır.

Qadın odu kəşf edib, od qoruyucusu olub. Ailə yiyəsi kimi ailəsini odun, ocağın başına yığıb. Od, ocaq, qadın, ailə – bir vaxtlar eyni mənalı feminin sözlər olub. Yeri gəlmişkən, dünyanın bir çox dilllərində ailə, tayfa, soy, millət adlarının etimologiyası feminin mənşəlidir. Dulusçuluq, mətbəx avadanlıqları, kulinariya da qadın əməyinin nəticəsidir.

Qadın həm də qarın doyurandır. Qadın bitkiləri mədəniləşdirib, əkinçilik onun əməlidir. O, ana bətni ilə simvollaşdırılan təndiri, sobanı kəşf edib. Qədim Sumer mətnlərində “çörək doğan soba”dan danışılır. Qadının kəşf etdiyi çörəyə hələ də and içirik. Bitki məhsullarından spirtli içkiləri də icad edən qadındır. Bir vaxtlar dini ritualların tərkib hissəsi olan spirtli içki, islamın qadağasıyla bizdə müqəddəsliyini itirib, ancaq, məsələn, şərab xristianlıqda hələ də İsanın qanını simvolizə edir.

Qadın – heyvanları əhilləşdirib; inək, keçi, qoyun, maral və s. min illərlə ana-tanrı simvolu olub.

Qadın – ipi, bağı, toxuculuğu kəşf edib. İnsanlar geyimə görə də ona borcludu. Bir vaxtlar inanılırdı ki, insanın ömür ipini ana-tanrı toxuyur. İndi də bu düşüncənin izləri qalır; “İpi hələ üzülməyib” “İpi Allahın əlindədir, nə vaxt kəsər, kəsər”. Tibb, biologiya, həndəsə, kimya, astronomiya... hansı elm sahəsinin genezisinə, təməlinə baxsanız, qadın görərsiniz.

Hələ musiqidən, şeirdən, daha doğrusu, sənətdən danışmıram. Sənətin yaradıcısı qadın idi, onun ilham verəni Muzalar – qadın idi. Konkretləşdirsək, mənim cavab axtardığım elm sahəsi, matriarxallığı öyrənən, özündə bir neçə elm sahəsini birləşdirən yeni bir interdissiplinar elm sahəsidir.