QADIN / KİŞİ, GENDER
25 NOYABR QADIN ZORAKILIĞINA QARŞI MÜBARİZƏ GÜNÜDÜR Tarix : 25 Noyabr 2019, 10:00
Yazar : Qadinkimi.com
Məni həmişə narahat edən ciddi problem MÜHARİBƏLƏR olub. Heç cür anlamaq istəməmişəm, istəmirəm, ya anlaya bilmirəm dövlətlər arası müharibələri. Müharibə mənim üçün "ölüm yağışı”, ”insanların bir-birinə xəyanəti”, "insanlığa xəyanət”dir. Və düşünürəm ki, niyə insanlar əl-ələ tutub, səs-səsə verib müharibələrə "DUR”, silahlara "YOX” demirlər? Niyə demirlər? Cavabsız bu sual adamın ruhunu sarsıdır. Və bu zaman Qadın Zorakılığına qarşı Mübarizə gününün qeyd olunması beynimi silkələdi: hələ bir şəhərdə, bir kənddə, bir məhlədə, hətta bir evdə bir-birilə "müharibə” edən insan dünya müharibələri haqda necə düşünə bilər? Hələ insanların ümumbəşəri fəlakətləri doğurmayacaq, ya qarşısını alacaq, sevginin, insan olmanın böyüklüyünü duyacaq zehni yoxdur! 

Hələ iki cinsin yaşadığı dünyada birinin digərinə zorakılığı var. Hələ kişi fiziki gücünü əks cinsə göstərməklə, əks cins "kişi”dən qorunmaqla məşğuldur. Hələ "kişi” xanımına, sevgilisinə, bacısına, anasına, nəhayət övladına əl qaldırır, söyür, döyür,.. öldürür…

Yadıma eşitdiyim, sosial şəbəkədə, xəbərlərdə rastladığım vəhşicəsinə döyülən, söyülən, zorlanan, öldürülən qadınlar düşdü. Bu insan vəhşiliyidir, əgər beləsinə "insan” demək olarsa…Və vəhşi insanın müharibəyə "DUR”, silaha "YOX” demək düşüncəsi ola bilməz. Ona müharibə, silah lazımdır. Ona QAN lazımdır.

Belə hadisələr çoxdur. Və o qədər ürəkağrıdıcı, qandondurucudur ki, bütün bu olaylar, deməyə söz tapmırsan. 21 – ci əsr və qadınların zorakılıqdan qorunma ehtiyacı. Bu təkcə bizdə deyil, bütün dünyada belədir: Bütün dünyada qadınların qorunma ehtiyacı var.

Ona görə də Qadın Zorakılığına Qarşı Mübarizə Günü (ing. International Day for Elimination of Violence against Women) — BMT Baş Assambleyasının qərarı ilə düz 20 ildir ki, qeyd olunur.

BMT Baş Assambleyası 1999 - cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Bütün dünya ictimaiyyəti bu hadisəni pisləyib. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.

BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: "Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”.

BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də dövlətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.
Bu təklifə qoşulan, bu günü qeyd edən dövlətlər, təşkilatlar,QHT – lər artmaqdadır. Bizdə də çox cəsur xanımlarımız var ki, qadın hüquqları uğrunda, zorakılığa, qadına şiddətə qarşı mübarizə aparır, təşkilatlar yaradır, etiraz aksiyaları keçirirlər. Amma bu mübarizəni hər bir qadın həm də özü öz uğruna aparmalıdır. 

Hüquqları, azadlıqları uğruna savaşan nə qədər qadınlar olub və var. Hətta qadın zorakılığına, azadlığına, hüquqlarına,...görə savaşan kişilər də olub və var. Buna baxmayaraq indi 21-ci əsrdə də bu məsələ hələ gündəmdədi. Ailəsi tərəfindən təhsildən uzaqlaşdırılan, hüquqları pozulan, zorla ərə verilən,”ər evindən ancaq meyidin çıxmalıdır” deyilən qızların olduğunu bilirəm. Məni məhz nisbətən azad, sərbəst, dünyagörüşlü, savadlı xanımlar düşündürür. 

Müşahidələrimdən, gördüklərimdən, şahid olduqlarımdan qaynaqlanıb yazıram. Birinə aşiq olub "sevirəm” sözünə özünəhörməti itirən, kişinin bütün yükünü çəkən, hər hərəkətinə dözən qadınlar istənilən qədərdir. Daim bağışlayaraq alçalıb yaşayırlar, yaşayıb alçalırlar.

Əziz XANIMlar! Fərqi yoxdu Həvva nədən – qabırğadan, çöpdən, yarpaqdan və s.-dən yaranıb. Önəmli olan odur ki, ehtiyacdan yaranıb. Sizə ehtiyac var. Hava, su kimi! Siz ən gözəllik, ən müqəddəs duyğular ehtiyacısınız. Bunu unutmayın! Hər cür şiddətə, zorakılığa, laqeydliyə belə öz evinizdə, ətrafınızda "YOX”deyin. Siz sevgi və hörmət, diqqət və qayğı üçün yaranmısız.

Qadına qarşı zorakılıq gününün qeyd olunmasına ehtiyac qalmaması arzusuyla...



Kamalə ABİYEVA
qadinkimi.com