Dünyada bir yorğun qadın yaşayırdı. Bütün günü işləyir, gecədən gecəyə yorğun canını yatağa güclə salırdı.
Nə vaxt istirahət etdiyini xatırlamırdı. Yaşamağa həvəsi də yoxdu. İstirahətə, həyatdan zövq almağa vaxtı da yoxdu. Qadın kölgəsiylə başbaşaydı.
Yay günlərindən biri idi. Görülməli işləri çoxdu. O həmişə "könlü balıq istəyənin
quyruğu suda gərək”, "bu günün işini sabaha qoyma”, "işləməyən dişləməz” kimi
fikirlərlə yaşayırdı. Məhz özünə belə yanaşma onun həyatdan küsgünlüyünü,
yorğunluğunu son həddə çatdırmışdı.
Və yorğun qadının kölgəsi ondan uzaqlaşmağa başladı. Qadın kölgəsinə yalvardı:
- Hara gedirsən? Qayıt. Sənsiz neynərəm?
- Hə, düzdü. Axı mən sənin enerji qoruyucunam. Amma daha sənə kömək edə bilmirəm. Sən bütün gücünü israf etmisən.Heç vaxt onu bərpa etməmisən. Bir düşün ki, bu sənin nəyinə lazımdır? Bu necə yaşamaqdır? Sən tamam gücsüzsən.
- Sənsiz bütün bunları anlaya bilmərəm. Mənə çətindir. Xahiş edirəm, kömək et.
Kölgə bir az düşünüb dedi:
-Yaxşı. Amma şərtim var.
-Razıyam.
-Öz enerjini qaytarmaq üçün üç iş görməlisən. Birincisi öz kürəyini, çiyinlərini düşün. Ağırlıq hiss edirsənmi?
Qadın başını tərpətdi. Necə hiss etməsin? O qədər yük daşıyıb ki...
-İndi bu yükü daşımağa gücü olan birinə ver. Yükünü daşıdığın adamlara ver. Bu onların həyatıdır. Qoy öz yüklərini özləri daşısın. Sən ancaq sənə aid olanlara bax.
Qadın nə qədər adamın dərd - sərini daşıdığını hətta özünə etiraf edə bilmirdi: rəfiqələri, dost-tanışları, həyat yoldaşı, onun valideynləri, o, bu...Axı o, hamının problemi ilə məşğul olur, hamıya kömək etmək istəyirdi. Kimsəni qırmamaq üçün şox şeyə susurdu. Getdikcə gücsüzləşirdi.
O gözlərini yumdu, dərindən nəfəs aldı. Hamının problemindən qurtulmağa çalışdı. "Hər kəs öz problemiylə özü məşğul olsun” dedi.
Bir az rahatladı. Bu zaman telefonuna zəng gəldi. Yenə kimsə ona dərdini anladacaqdı.
Yorğun qadın həyacanla kölgəsinə baxdı:
-İndi nə edim? Onlar yenə məndən məsləhət, yardım istəyəcəklər.
- Qoy hər kəs öz həyatını özü yaşasın. Qələbə də, məğlubiyyət də hər kəsin özünündü. Sən "yox” deməyi öyrənməlisən. Haqlı olanda susmağı tərgitməlisən.
Qadın ikinci şərtin daha çətin olduğunu düşündü. İndi necə olacaq? Birdən ondan üz çevirərlər? Ona hörmət etməzlər. Sevməzlər. Başqa yolu yoxdu, razılaşdı.
Telefonu açdı. Rəfiqəsi idi. O, müəyyən işləri görməsini xahiş edirdi. Yorğun qadın isə imtina etmək üçün bəhanələr gətirir, özünə bəraət qazandırmağa çalışırdı.
Kölgə ona yaxınlaşdı: "Yox” deməyi bacarmaq üçün, gərək özünə bəraət qazandırmaqdan vaz keçəsən. Bəraət qazanmağa çalışdıqca inamını itirirsən. Onlar da səni inandırmağa çalışacaq və sən təslim olacaqsan.
Yorğun qadın anladı. Rəfiqəsinə də öz həyatını özü yaşamalı olduğunu anlatdı.
Beləcə başqalarını deyil, özünü razı salmağa çalışdı.
Düzdü, hamı bunu yaxşı qarşılamadı: bəziləri küsdü, bəziləri əlaqəni kəsdi. Görəsən o adamlar ona lazım idimi? Onları razı salmaq nəyinə gərəkdi ki? Qarşısında susduğu adamlar onun bir etirazını qəbul edə bilmədilər.
Amma onu anlayanlar da oldu. Onlar özünə və ona hörmət qoyanlar idi.
-İndi üçüncü tapşırığın öhdəsindən gəlməlisən. İstirahət etməyi öyrən. Özünü rahat burax. Onda sənə mane olan qüvvə ilə üzləşəcəksən: Bu günahkarlıq duyğusudur.
Bu necə də xoşagəlməzdir-qadın düşündü.
Günahkarlıq hissi müxtəlif səslə danışırdı,anası, atası, yoldaşı, dostu, qızı...
-Bu paltarları yumaq lazımdı. Ay başım ağrıyır. Heç həvəsim yoxdu. Niyə bu qablar burdadı. Çörək yoxdu. Ev tozludu və s.
O düşünürdü: niyə özünə baxmır ki? Bu ki istismardı. Adi bir söz deyərkən "işimə qarışma, valideyn övladından niyə əl çəkmir ki” deyən övladın məişət işlərini görməlidir?
Və içində etiraz səsi ucaldı: bütün bunlardan azad ol!
Kimisə razı salmağa, kiminsə xoşuna gəlməyə çalışmadı.
Bunun üçün günahkarlıq duymadı.
Özünə baxdı, gəzintilərə getdi. Divanda oturub kitab oxudu, musiqi dinlədi...Beləcə özünü xoşbəxt hiss edirdi.
Yaşamaq arzusu vardı. Gözəlləşirdi.
Ona görə ki, Yorğun qadın özünü başqalarının dərd sərindən, fiziki və mənəvi yükdən azad etmişdi.
Özünüzü unutmayın. Heç kimə görə yüklənməyin. Sizə günahkarlıq duyğusu yaşatmağa çalışanlar özlərini üstün sayır.
İllərlə sayğı və sevgi göstərdiyiniz adamlar bunun dəyərini bilməyəndə yükünüz daha ağırlaşacaq. Amma onu da atın. Daha çox özünüzü düşünün.
Nina Sumire