Bloger və psixoloq Olqa Valyayevanın bütün valideynlərə ünvanlanmış dərin və emosional məqaləsini sizə təqdim edirik:
"Yalvarıram sizə, uşaqlar üçün yaşamayın! Onlara bu lazım deyil, eyni zamanda çox da ziyandır..."
Nə qədər məhv olmuş talelər, qırıq qəlblər, incikliklər və anlaşılmazlıqlar var. Mən uşaqları üçün həyatda hər şeydən imtina edən o qədər qadın görürəm ki..Və sonra uğruna hər şeydən vazkeçilən o uşaqları görürəm. Bu, kədərli mənzərədir...
Ana Vanyanı tək böyütdü. O, ailə qurmadı, hər şeyini oğluna verdi, ona mənzil aldı, universitet xərcini ödədi. O, hər işində uğurlu, çox gözəl insan oldu. Yalnız artıq əlli yaşı var. Heç vaxt evlənməyib, uşaqları yoxdur. Bütün həyatı boyu anasına (ödənilməsi mümkün olmayan) vəzifə borcunu qaytarmağa çalışdı. Lakin alınmadı.
Ksyuşanın atası uşaqlar üçün gecə-gündüz çalışdı. Xüsusilə qızı üçün böyük planları var idi. O, bacarıqlı qız idi. Atası da qızının həkim olacağını xəyal edirdi. Universitetə girməsi üçün pul yığırdı. Qızı isə bundan imtina etdi. O, öz həyatını yaşamaq istəyirdi; Fərqli tərzdə. Rəssam olmaq istəyirdi. Sonra atası qızın "başına ağıl qoymağa” çalışdı və bütün hesabları önünə qoydu. Qızın təhsilinə, paltarlarına, yemə-içməyinə nə qədər pul xərcləyib hamısını bir-bir saymağa başladı. Pulları geri tələb etdi. Hər halda Ksyuşanın atası ilə artıq danışmadığını söyləməyə ehtiyac yoxdur. O gündən bu yana otuz ildən çox vaxt keçib...
Ana İraya görə öz şəxsi həyatından imtina etdi. Boşanmadan sonra heç kimlə görüşmədi, qızına travma yaşadar deyə qorxdu. Qız böyüdü, lakin ananı tərk edə bilmədi. Görüşə gedə bilmədi. Anasını tək qoyub, öz həyatını qurmaq fikrinə yaxın dura bilmədi. İranın artıq qırx yaşı var. Heç vaxt ərdə olmayıb. Uşağı da yoxdur.
İqor və Jenyanın valideynləri çox yaxşı idi. Uşaqlar üçün əllərindən gələn, gəlməyən hər şeyi etdilər. Ailə bayramlarda, tətillərdə həmişə mehriban görünürdü. Lakin bütün valideynlik roluna hədsiz aludəçilik onları öz ər-arvad rolundan ayırdı. Onları uşaqlardan başqa heç nə bir-birinə bağlamırdı. Onlar otuz il birlikdə yalnız ata və ana olaraq yaşadı. Uşaqlar getdikdən sonra isə boşandılar. Jenya hələ də bu böyük yalandan sonra özünə gələ bilmir. Onun artıq otuz yeddi yaşı var və evlənmək istəmir. Eyni kədərli hadisəni təkrarlamaqdan qorxur. Axı boşandıqdan sonra ana çox tez soldu.
Qoşa – sonradan doğulan uşaqdır. Onun üstündə həmişə əsirdilər, həddindən çox qayğısını çəkirdilər. Həqiqəti demək lazımdısa, onun anası şahzadəsini gözləməkdən ümidini itirdi və uşağı sanki özü üçün dünyaya gətirdi. Və sonra Qeorqinin onun bütün arzularını gerçəkləşdirəcəyini düşündü. Ona elə gəlirdi ki, Qeorqi bütün yarım qalmış xəyallarını həyata keçirəcək. Hər cür cəhdlə oğlunu vunderkind etməyə çalışırdı. O, bir neçə dil öyrənirdi, bir çox dərnəklərə gedirdi, arfada çalırdı… Ana onunla fəxr edirdi və həmişə qonaq gələndə onlar üçün nəsə ifa etməyini xahiş edirdi. Arfa - çox ekzotikdir, axı! Qoşanın artıq qırx yaşı var. Boşanıb. Uşaqlarını başqa kişi tərbiyə edir. Qoşa buna qarşı deyil. Nə istədiyini hələ də bilmir. O, vunderkind olmadı. Buna dözmədi və sındı. İndi sadəcə içir. İşə qədər, iş vaxtı və işdən sonra. Ana isə artıq bunları görmür.
Bu tip hekayətlər çoxdur. Onların içində neçəsi şən və sevinclidir?
Bir uşaq valideyn üçün həyatın tam mənasına çevriləndə, bu, ona baha başa gəlir. Onu sanki bir otağa soxurlar və nə vaxtsa o otağın içindəki hava bitir. Əvvəl bəlkə yaşamaq mümkün olur, lakin tədricən insan boğulmağa başlayır. Bu tip sevgi və qayğıda insan boğulur.
Azmış kimi sən iyirmi il – və ya kimdə nə qədərdisə – bu havasız həyat səhrasında yaşayırsan, əksər hallarda qalmağa məcbur olursan. Sənə hesabı gətirirlər, hərçənd ki, sən sadəcə qonaq gəlmisən. Və böyük sevinclə öz istəyinlə sahibinə kömək etmək istəyirsən – lakin sənin qarşına yaşadığın bu iyirmi ilə görə nəlbəkiyə qoyulmuş bir hesab gətirdiklərində artıq aldığın hər nəfəs içini yandırmağa başlayır.
Başqa variantlar da var. Uşaq bu hesabı sonsuza qədər ödəyir. Məqalənin əvvəlindəki hekayələrdən oxuduğumuz - İra və Vanya kimi. Ya etiraz edərək - içməyə başlayır, ya da Qoşa və Ksyuşa kimi bütün əlaqələri qırır...
Çox az adam valideynlərin bu münasibətini anlaya bilir və qəbul edə bilir. Qəbul edin və anlayın. Bununla yanaşı öz həyatınızı, maraqlarınızı qurban verməyin.
Buna görə mən sizə yalvarıram, uşaqlar üçün yaşamayın!
Həyatın mənasını başqa şeylərdə axtarın, analıqda və atalıqdakı başqa mənaları tapın. Ki, bu planetə gələn balaca oğlanlar və qızlar sizin "xeyriyyəçiliyinizin" və himayənizin qurbanına, əsirinə çevrilməsin.
Qoyun Allah necə yaradıbsa, elə böyüsünlər. Nə verirsə, nə qədər verirsə onunla – kifayətlənmək gərəkdi. Kimdəsə milyonlar var, kimsə "maaşdan - maaşa" güclə özünü dolandırır, hərədə bir cürdü… Uşağa və onun tərbiyəsinə bu təsir etməməlidir – nə varsa odur.
Həyat yoldaşınızı sevin. Uşaqlar böyüyəcəklər, hərəsi bir ayrı yerə köç edəcək, amma o, sizinlə qalacaq. Uşaqlar nə vaxtsa bir ailə qurmaq, uşaq sahibi olmaq istədiklərində nümunə olaraq onlara öz münasibətinizi göstərə bilərsiz.
Əgər siz həyat yoldaşınızın ehtiyaclarını görməzdən gələrək, bütün həyatınızı uşaq problemlərinə həsr etsəz, arzularınızı məhv edəcəksiz.
Özünüzü sevin. Uşaqların xoşbəxtliyi üçün girdiyiniz bu yarışda özünüzü unutmayın. Təzə robot oyuncağa görə gözəl bir geyimdən imtina etməyin. Öz kosmetoloqunuzu repetitora dəyişməyin. Əgər özünüzə qayğı göstərməsəniz, başqalarına nə verə bilərsiniz? Hardan? Hansı sevgini? Nə nümunə göstərəcəksiz? Sizə necə hörmət edəcəklər?
Həyatın mənasını maddi qatdan kənarda axtarın. Bu həyat bir gün bitəcək, bu barədə düşünmək istəməsəniz belə. Mənəvi təcrübə, ruhani aləm, meditasiya… Siz bütün gücünüzü uşaqlardan almaq əvəzinə ordan ala bilərsiniz.
Uşaqlara görə yaşamayın, yalvarıram sizə. "Hər şeyini övladına verən" o valideynlərin uşaqlarının gözlərinə baxmaq o qədər ağırdı ki...
Özümü və acılarımı bir çoxunda görürəm və tanıyıram. O əzabları, qırıq qəlbləri, ümidsiz ruhları görürəm. Gözlərindəki o çarəsiz "yardım edin" sədalarını görürəm. Ağrı, ümidsizlik, günahlar…
Onlar bütün uşaqlar kimi öz valideynlərini çox sevmək istəyirlər. Yalnız... gec olur...alınmır.
Uşaqlarınıza yaşamaq və nəfəs almaq imkanı verin. Bu zaman həyatın təyin etdiyi kimi böyüyüb, inkişaf edə biləcəklər. Bizim valideyn kimi rolumuz çox sadədir: vaxtında sulamaq, günəşin qabağını kəsməmək, zərərvericilərdən qorumaq.
Sonrasında uşaq bir çiçək kimi artıq özü açılacaq və ona "yuxarıdan" bəxş edilənin ən gözəlini üzə çıxaracaq.
Çevirdi: Günel Dəniz
qadinkimi.com