DƏB VƏ BAXIM
Yağlı saçlar üçün nə etməli? Tarix : 14 May 2022, 11:00

Bir çox xanımların əsas problemlərindən biri də tez yağlanan saçlardır. Saçları çox tez yağlanan insanlar üçün yeni günə başlamaq çətin ola bilir. Bu tip saçlı insanlar hər gün müntəzəm duş qəbul etsələr də, gün ərzində saçları yenidən yağlana bilir. Səhər tezdən məktəbə və ya işə getmək üçün oyanıb yağlı saçlarla qarşılaşmaq da olduqca cansıxıcı mənzərədir. Eyni zamanda saçları tez yağlananlar üçün məhdud vaxtda duş qəbul etmək günün gec başlamasına səbəb olur. 




Bəs bu problemi necə aradan qaldırmaq olar? 



Əslində yağlı olan saç yox bədən dərisi olur və dəridəki piy vəzilərinin normadan artıq aktivliyi nəticəsində saçlar da yağlanır. Baş dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün öncə orqanizmdə baş verən hər hansı bir problemi araşdırmaq lazımdır. Əgər problem daxili orqanlardadırsa, bu zaman heç bir kosmetik vasitələrin xeyri olmaz. Bu durumda həkimə müraciət edib, qaraciyər, öd kisəsi, mədəaltı vəz və mədəni yoxlamaq gərəkdir. Həmçinin müəyyən preparatların qəbulu, stress və qadın xəstəlikləri orqanizmdə hormonal pozğunluqlara gətirib çıxara bilər. Bu pozğunluqlar insanın zahiri görünüşünə təsir etməklə yanaşı, dəridə sızanaqlara, saçların yağlanması və tökülməsi kimi hallara da səbəb olur.



Bəzən də bu yağlanma sadəcə genetik ötürməylə əlaqəli olur. Əgər saçların yağlı olması sizə irsi olaraq ötürülmüşsə, bu halda heç də dilxor olmayın. Düzgün qulluq edərək saçlarınızı daha sağlam və daha gözəl edə bilərsiz.



Saçları yağlı edən başqa bir səbəb isə zərərli yemək vərdişləridir. Həddindən çox yağlı, ədviyyatlı, duzlu və şəkərli qidalar, ayaqüstü (fastfood) atışdırmalar və balanssız bəslənmə saçların yağlanmasını artırır. Bunların əvəzinə bol səbzə, meyvə, taxıl kimi sağlıqlı qidalar qəbul edə bilərsiz. 



Saçları tez-tez daramaq və ya əllə toxunmaq da onu tez yağlandıran səbəblərdəndir. Saçlar sürəkli darandığı zaman piy vəzilərinin fəaliyyəti güclənir və piy ifrazı artır. Bunun qarşısını almaq üçün də gün ərzində əliniz saçınıza getdiyində özünüzü durdurun və daha az daramağa çalışın. 



Saçların çox isti su ilə yuyulması da saçların tez yağlanmasına səbəb olur. Bu səbəbdən də saçları mümkün qədər ilıq su ilə yumaq lazımdı. 



Düzgün şampun seçməmək və baş dərisinə kondisioner və ya yağlı saç maskalarının, kremlərinin tətbiq edilməsi də saçı tez yağlandıra bilir. 



Saçları həddindən artıq istiyə məruz qoyan saç qurutma feni, düzləşdirici kimi alətlərdən çox istifadə etmək də olmaz. Saç qurutma fenindən istifadə edərkən mümkün qədər saça uzaq tutmaqda fayda var. 



Dermotoloqların fikrinə əsasən saçları ümumiyyətlə həftədə 4 dəfədən artıq yumaq olmaz. 



Yağlı saçlardan qurtulmanın ən effektiv üsullarından biri də sirkəli sudur. Saçın yağlanmasını gecikdirən bu üsul həm saç tökülməsində, həm kəpək problemində çox effektlidir. Alma sirkəsi baş dərisindəki pH səviyyəsini tarazlamağa kömək edir, bu da öz növbəsində həddindən artıq yağ ifrazını kontol altına alaraq saçınızda yağ yığılmasını azaldır. 



Bunun üçün; öncə saçınızı şampunla yuyun. Sonra bir stəkan suya iki və ya üç yemək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Bu məhlulla saçınızı durulayın və bir neçə dəqiqə gözləyin, sonra soyuq su ilə yuyun. Həftədə iki və ya üç dəfə təkrarlayın. 



Və şampun alarkən onun məhz yağlı saçlar üçün nəzərdə tutulan, xüsusi müalicəvi tərkibli olmasına diqqət edin. Tərkibində gicitkən, adaçayı, dəvədabanı, çöl qatırquyruğu, dəniz yosunları ekstraktları, protein, A, S, K vitaminləri, sink və s. olan şampunlar yağlı saçlar üçün daha uyğundur. 



"Sirkəli su nə qədər işə yarasa da, sirkə iyini sevmirəm” deyənlər vardır əlbət. Saçda qalıcı sirkə qoxusu olmasa da, bu üsulu tətbiq etmək istəməyənlər üçün bir ayrı üsul daha var. 



Bir qazan təmiz suya bir tutam qurudulmuş və ya təzə lavanda əlavə edin və 8-10 dəqiqə qaynadın. Suyun rəngi qaralmağa başlayanda lavandaları süzün və suyu ayrıca qaba töküb soyumağa qoyun. Su soyuduqdan sonra quru saçlarınıza dibdən ucuna qədər çəkin. Daha asan olsun deyə lavandalı suyu bir sprey şüşəsinə doldura bilərsiniz. Bu şəkildə 30 dəqiqə gözləyin və saçınızı yuyun.



Bir kiçik məsləhət daha…



Yumazdan qabaq saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da yağlı saçlar üçün çox xeyirlidir. 



Hər zaman sağlam və gözəl olmanız diləyi ilə…

 



Hazırladı: Günel Deniz

Qadinkimi.com