UŞAQ / BÖYÜK
"Xırda məsələdir, 5 dəqiqə vaxt sərf etdim, status yazdım" - Rasim Musabəyov Tarix : 11 May 2019, 11:55
Yazar : Qadinkimi.com
 
 
Deputat Rasim Musabəyovun sosial mediada şəhərin mərkəzindəki keçidlərdən birində popkorn satan yeniyetmə haqda yazdığı status qınaqla, tənqidlə qarşılandı. Bu statusdan sonra həmin keçiddə popkorn satışı dayandırıldı və deputat bu haqda yenidən yazmalı oldu: «Dünən axşam Azneft Meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir».

R.Musabəyovla bağlı tənqidlərsə davam edir. Tənqidçilər onun ölkənin daha vacib problemlərindən danışmalı olduğunu bildirir və deputatı bir yeniyetməni işsiz qoyduğuna görə qınayırlar.

Qadinkimi.com  xəbər verir ki, AzadlıqRadiosu bununla bağlı R.Musabəyovdan müsahibə alıb.

– Rasim bəy, Facebook-da yazdığınız statusa belə bir reaksiya veriləcəyini gözləyirdinizmi?

– Açığı, gözləmirdim. Bu, mənə kiçik məsələ kimi göründü, buna görə harasa deputat sorğusu göndərməyi, lap elə rəsmi bir rəhbərə zəng etməyi düzgün saymadım. Qısa bir status yazdım. Ayrı keçidlərdə də belə biabırçılıqlar var, onların şəklini də çəkə bilərdim. İctimai rəy yarana bilərdi ki, keçidlərdə dönər, popkorn satışı qadağandır. Biz keçidlərdə, dayanacaqlarda siqaret çəkməyi qadağan etmişik, orda bu cür fəaliyyətlə məşğul olmaq düzgün deyil. Başqaları popkornu küçədə satdığı kimi o da keçiddən çıxıb orda satsın. Ona bir söz deyən yoxdur ki…

– Sizin qaldırdığınız bu məsələyə fərqli, əks reaksiyalar da oldu və…

– Təəssüf olsun. Başladılar gözyaşı tökməyə ki, 12 yaşlı uşaqdır, kimsə felyeton, kimsə 12 yaşlı uşaqcığazın adından məktub yazdı. 17 yaşı var, bunu Təhsil Nazirliyi dəqiqləşdirdi. IX sinfi bitirdikdən sonra oxumaq istəməyib, gəlib Binəqədidə vaxt öldürür, bir il sonra əsgər getməlidir. Buna texniki peşə məktəbində oxumağı təklif ediblər, maraq göstərməyib. İndi buna gözyaşı tökməyə dəyərmi? Problemin mahiyyəti qalıb kənarda… Yox, Rasim Musabəyovun dediklərini yozmaq üçün bəhanə axtarırdılarsa, buyursunlar. Amma ədalət hissi olmalıdır, axı.

– Sizə olan iradlar, qınaqlar onunla bağlıdır ki, həmin yeniyetmə orda işləyirdi, oradan evinə çörək aparırdı, amma Sizin yazdığınızdan sonra işsiz qaldı…

– Bəli, ailəsini bununla dolandırırdı, mənsə gəlib mərdimazarlıq etmişəm. Hmm… Mənə deyirlər ki, get böyük problemlərlə məşğul ol, bununla yox. Mən bununla məşğul olmurdum. Bu status yazmağa 5 dəqiqə sərf etdim. Bir daha təkrar edirəm, bu, mənə xırda bir məsələ kimi göründü, buna görə harasa müraciət etməyə dəyməzdi. Gözümün qabağında görürəm ki, oradan keçəndə iy ətrafı doldurur. Bu, düzgün deyil, açıq havada satılmalıdır.

– Siz başqa məqama da diqqət çəkirsiniz, yazırsınız ki, bu yeniyetmə dövlətə vergi ödəmir, elektrik enerjisindən havayı istifadə edir.

– Bu, ora niyə gəlib? Mənim iradım… Mən buna kim baxırsa ona dedim ki, düzgün etmirsiniz, bunu yığmaq lazımdır. Allah bilir, onu orda heç bir icazə almadan yerləşdiriblər. Gündüz keçiddəki otağa qoyurlar popkorn dəzgahını, çoxlu adam keçəndə çıxarıb satırlar. Bundan kimsə qazanc götürür də. Mən göstərdim ki, burda satışa şərait yaradanlar qanunu hərtərəfli pozurlar.

– Sizcə, kimlər şərait yaradır buna? Rəsmilərin icazəsi olmadan, yəqin, buna imkan yaradılmaz.

– Rəsmilər yox ey. Keçidə baxan var, onun orda otağı var, həmin şəxsin icazəsi olmadan elektrik enerjisinə qoşulmaq mümkün idi? O enerjinin pulu da ödənmir, təbii. Həmin pul keçidə baxanın cibinə axır. Mənim iradım bu baxımdandır, məmurlaradır ki, bu cür öz marağı naminə, cibini doldurmaq naminə camaatı tüstüyə verməməlidirlər.

– İndi o uşaq…

– O, uşaq deyil, 17 yaşındadır, sabah əlinə tüfəng verib orduya çağıracağıq.

– Həmin yeniyetmə işsiz qaldı, yəqin bu işə ehtiyacı vardı ki, gəlib orda, yarıqapalı bir yerdə işləyirdi.

– Niyə işsiz qalır? O aparat onun idisə bulvarda ya ayrı yerdə açıq havada qoyub işlədə bilər. Mütləq bunu keçiddə işlətməlidir?

– Ona başqa yerdə iş təklif edilib-edilməməsi ilə maraqlandınızmı?

– Bunun işi vardısa, indi də davam edə bilər, bu birilər kimi. Bulvara keçən kimi 10 dənə belə aparat var. Mütləq keçiddə durmalıdır?

– Bu məsələ ilə bağlı Sizə tutulan iradlardan biri də bu oldu ki, deputat Rasim Musabəyov niyə böyük, ölkəmiqyaslı problemlərə deyil, xırda problemlərə diqqət çəkir.

– Siz böyük problemlərlə bağlı neçə dəfə müraciət etmisiniz mənə? Mənim fəaliyyətim parlamentin beynəlxalq əlaqələr üzrə komitəsindədir. Onu da həyata keçirirəm. Bu, mənim üçün xırda məsələdir, 5 dəqiqə vaxt sərf etdim, status yazdım. Dediklərimi müxtəlif yerə yozdular və buna cavab vermək vaxtımı aldı. Məni məcbur etdilər ki, xırda məsələyə lazımsız vaxt sərf edim. Bu, məmurlara çağırış idi, yəni ay məmurlar, buna yol verməyin. Orda yazıram ki, icazəsizdir, dövlətin elektriki sərf olunur, bu, onlara işarədir: siz cibinizi doldurursunuz, amma camaata zərər verirsiniz. Burda nə var idi?! Təəssüflənirəm ki, yüzlərlə insan bunu özünə mövzu seçib və o yana, bu yana yozurlar. Mən publik şəxsəm, hamının xoşuna gələ bilmərəm. Bundan həzz alırlarsa, buyursunlar.

– Azneft dairəsindəki keçiddən bulvara çıxanda Bayraq Meydanı da görünür. Orda bir-iki il qabaq bayrağı götürüblər, hələ də yerinə qaytarılmayıb. Siz niyə buna da diqqət çəkmirsiniz ki, hanı bu bayraq?

– Bununla yanaşı, yüz dənə də ayrı problem var. Siz deyirsiniz ki, mən oturub indi… Mənim səhifəmə baxın, mən status yazmıram. Mənim səhifəmdə hamısı müsahibələrimin, yazılarımın linkidir, beynəlxalq görüşlərdə çıxışlarım haqqında məlumatlardır. Oturub Facebook-da statuslar yazmaq üçün yaşım da çoxdur. Mən indi oturub Facebook-da bayraqdan yazım, nədən yazım? Mən bununla Facebook-da məşğul olmuram.

– Həmin vacib məsələləri parlamentdə, başqa rəsmi qurumların qarşısında qaldıra bilərsiniz, Sizin buna imkanınız var. Olmazmı, Rasim bəy?

– Çox problem var. Hər kəs öz məsələsi ilə məşğul olmalıdır. Sən hesab edirsənsə ki, bayraq məsələsi ilə mütləq maraqlanmaq lazımdır, maraqlana bilərəm. Bildiyimə görə, orda ciddi möhkəmləndirmə işləri gedir. Bayraq orda yenidən ucaldılacaq, ancaq indi bərkitmə işi gedir ki, sonradan problem yaranmasın. Əminəm ki, bu işi aparmaq dövlət qurumlarının məsuliyyətidir.

– Görünür, dövlət qurumları vaxtında məsuliyyətsiz davranıblar ki, milyonlar xərclənmiş Bayraq Meydanında yenidən bərkitmə işlərinə ehtiyac var, elə deyilmi?

– Sən deyirsən ki, mən bir popkorn məsələsinin həllini tapmışamsa, bayraqla bağlı da status yazım, sabah tökülüşüb həll etsinlər? Orda işlər gedir. Əminəm ki, tamamlanacaq.

– Siz statusunuzda yazmısınız ki, keçidi iy basır, xaricilər də görür bunu və s.

– Məni xaricilər maraqlandırmır. Özümüz də keçəndə nəfəs almaq mümkün deyil.

– Sizin bu qeydinizə cavab olaraq sosial mediada yazırlar ki, xarici ölkələrin gözü qarşısında ölkənin imicinə zərbə dəyib, ölkə beynəlxalq qurumlar qarşısında öhdəliklərini yerinə yetirmir, insan azadlıqları təmin edilmir, korrupsiya ittihamları bitmir və buna görə Azərbaycan beynəlxalq aləmdə biabır olub. Sual edirlər: «Bundan niyə danışmır Rasim Musabəyov?».

– Biri o birini əks etdirir.

– Necə?

– Yəni bu balaca məsələ həllini tapırsa, o sən deyən böyük məsələlərə kölgə salır? Yox! Məntiqsiz yanaşmadır.

– Seçiciniz Sizdən daha qlobal problemlərə…

– Mən indi oturum yazım, Azərbaycanın filan problemləri var? Problemi həll edirəm mən? Görüşlər var, söhbətlər aparıram mən. Düşünmürəm ki, Facebook-da status yazmaqla millət vəkili ölkənin problemlərini həll edəcək. Sadəcə hesab etdim ki, bu, xırda məsələ Facebook-luqdur.

– Bu cür müşahidələrinizi yenə yazacaqsınız, ya peşman etdilər Sizi?

– Reaksiyanı görərək düşünürəm ki, müsahibələrimin linkini yerləşdirməklə, görüşlərim haqda məlumat, şəkil verməklə kifayətlənərəm. Camaatın bu cür yanaşmasını görəndə, balaca da olsa, məsələlərin həllinə diqqət çəkməyə həvəs itir.

Mənbə: Azadlıq.org