Düzdür, sivil, dünyəvi dəyərləri üstün tutan hər ölkədə belədir: onun insanlarının, vətəndaşlarının taleyüklü məsələlərə vediyi reaksiya o ölkənin sosial-iqtisadi, ictimai-siyasi təzyiqini ölçən barometrdir. Amma burada bir vacib məqama da diqqət yetirmək lazım gəlir: iş təkcə danışmaqla bitmir, hər bir vətəndaşın - ölkəsinin taleyinə, gələcəyinə həqiqətən də biganə qala bilməyən insanın öz ölkəsi üçün nəsə etmək, əlini daşın altına qoymaq kimi məsuliyyəti də var.
Hamımızın istəyimiz eynidir: problemlərin mümkün qədər minimum həddə olduğu, normal, sivil cəmiyyətdə yaşamaq. Sadəcə, kağız üzərində yox, sözün əsl mənasında normal və sivil - savadlı, mədəni, inkişafyönümlü bir cəmiyyətdə. Ali dəyərlərin üstün tutulduğu toplumlarda olan bütün müsbət xüsusiyyətlərin bizim cəmiyyətimizə də inikas etməsi ən böyük arzularımızdandır.
Ərköyün uşaqlar, yem istəyən sərçə balaları kimiyik lap. Elə hey kimdənsə gözləyirik. Başımızı göyə qaldırıb, ağzımızı açıb qışqırırıq: olsun, çox olsun, o da olsun, bu da olsun... Elə ki bir azca yem atılar, o dəqiqə susuruq. İndiki zamanda da yem atanlar, uzlaşmağa çalışanlar nə qədər desən. Bir doyumluq yemin əvəzində başqalarının şəxsi mənafeyinin, hədəflərinin qurbanları olur və bu minvalla pərvazlanıb qanadlanmaq yerinə, uçmağı öyrənə bilməyən sərçə balalarına çevrilirik. Beləcə, öz kiçik, gündəlik məişət tələbatlarımızdan yola çıxıb hələ bir böyük iddialara da düşürük, işıqlı cəmiyyət tələb edirik. Hər kəs özünü hər şeyin ən yaxşısına layiq sayır, ən yaxşısı olmayanda isə cəmiyyəti özünə layiq bilmir. Əslində, düz də edir, hər insanın buna haqqı var. Amma bir cəmiyyətin, bir ulusun qaranlıqdan çıxış yolu yanan fərdlərin getdiyi yoldur. İşıqlı cəmiyyət arzulayırsansa, fərd kimi bunun üçün sən özün də nəsə etməlisən.
Bu günlər fəallığı, əzmi ilə ölkədə ictimai rəyin diqqətini çəkən gənc azərbaycanlı xanım Vəfa Nağının fəaliyyətini izlədim. Vəfa Nağı əyalətdə yaşayır, Neftçala rayonu Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvüdür. Əslində, ictimaiyyət ilk dəfə Vəfa Nağını ilə elə həmin vaxtlar - ötən ilin dekabr ayında ölkədə keçirilən bələdiyyə seçkiləri dövründə, o, doğulduğu kəndin bələdiyyə üzvlüyünə namizədliyini irəli sürəndə tanıdı. Yaradılan süni əngəlləri dəf edən bu gənc xanım seçkidə 113 səs toplayaraq 31 namizəd arasında 4-cü yeri tutdu və bələdiyyə üzvü seçilən 9 nəfərdən biri oldu. Bələdiyyə üzvü kimi ilk gündən kənd bələdiyyəsi sədrinin qanuna zidd fəaliyyətinə qarşı çıxaraq onu kənd əhalisinin mənafeyini düşünməməkdə, korrupsiya və ədalətsizlikdə ittiham etdi.
Əslində isə bizim bu ərəfələrdə tanıdığımız Vəfanın həyat hekayəsi bundan xeyli əvvəl başlayıb.
Türkiyənin İstanbul şəhərindəki Səbahətdin Zaim Universitetində bakalavr təhsili aldığı illərdə doğulub boya-başa çatdığı kəndə gələn Vəfa bir gün yas mərasimində kəndin qadınları ilə həmsöhbət olur. İlk dəfə orada, bəlkə də, bu günə qədər heç kimin görmədiyini görür: kənd qadınlarının gözlərindəki ümidsizliyi, qəm-qüssəni, səssiz yardım çağırışlarını, övladlarının gələcəyindən nigarançılığı müşahidə edir. Tələbə qız bu durumdan o qədər təsirlənir ki, təhsilini davam etdirmək üçün İstanbula dönəndə də kəndindəki qadınlar üçün nə edə biləcəyini düşünməyə başlayır. Bir biznes-layihəyə hazırlayır və bu ideya uğurlu olur. Beləcə, xaricdən maliyə dəstəyi alan Vəfa universiteti bitirib, daha cəlbedici perspektivlər olduğu halda, kəndə qayıdır. Bir müsahibəsində o günləri xatırlayarkən özü belə deyir: "Kəndlərimiz qaranlıqdır, mən istəyirəm ki, qaranlıq olmasın, rəngarəng olsun". Bu niyyətlə, qazandığı həmin biznes-layihə əsasında kəndlərində balaca bir tikiş sexi açıb kənd qadınlarının bir qismini işlə təmin edir. Özü deyir, burada çalışan qadınların nə qədər həvəsli olmaları, öz maddi azadlıqlarını qazanmalarının verdiyi sevinc onların gözlərindən oxunurdu. Bu müəssisə o qadınların təkcə iş yeri deyildi, həm də onların bir yerə toplaşıb sosiallaşdığı məkan idi.
Sonra isə, bayaq dediyimiz kimi, bələdiyyə seçkisi, seçkidə qələbə və bələdiyyə üzvlüyü. Vəfanın bələdiyyə üzvü seçilməsi bizim əyalət təfəkkürü üçün qəbulolunan deyildi. Bu, "qadın olmaq susmaqdır, tabe olmaqdır, qadın olmaq haqq sahibi olmamaqdır" arxaik düşüncəsinə qarşı bir üsyan, etiraz idi. İndi Vəfa enerjisini təkcə böyüdüyü kəndin abadlaşmasına yox, həm də əhalinin taleyini düşünməyən belə təfəkkür sahibləri ilə mübarizəyə sərf eləməliydi və edir də. Təhsilli, vətənsevər, gənc bir azərbaycanlı xanımın öz vəzifə səlahiyyətlərindən şəxsi mənafeləri üçün istifadə edənlərə, köhnə düşüncə sahiblərinə qarşı böyük əzmlə mübarizə aparması və bunları edərkən qətiyən "mən" yox, hər dəfə "biz" deməsi müsbət hadisədir. Belə təhsilli, enerjili gənclərin ölkəyə qayıdıb ən fərqli fəaliyyət sahələrində öz potensialını ortaya qoymaları təkcə şəhərlərimizin yox, əyalətlərimizin də inkişafına, dövlət və bələdiyyə strukturlarının yeni təfəkkür və düşüncə hesabına daha mütəşəkkil, daha çevik və faydalı səviyyəyə çatmasına, ən əsası da bu quruluşların vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən qurumlar halına gəlməsinə həlledici köməklik göstərmiş olar.
Vəfa bir nümunədir. Hətta regional inkişaf üçün lokal pilot layihələr təşkil edilsəydi belə, ancaq bu qədər uğurlu nəticə qazanıla bilərdi. Vəfanın timsalında biz kiçik bir təkanla bir azərbaycanlı gəncin öz kəndində əhəmiyyətli yeniliklər edə bildiyinin və bir bölgənin insanlarının pessimist əhval-ruhiyyəsini köklü şəkildə dəyişməyin mümkünlüyünün şahidi olduq. Onun gördüyü işlər həm də gələcəklə bağlı böyük ümid və nikbinlik yaratdı: əgər gənclərimiz dövlət səviyyəsində bu tipli layihələrə cəlb olunsalar, neçə-neçə gənclər ortaya çıxar, ölkəmiz üçün canla-başla xidmət göstərərlər.
Bu gün kənd bələdiyyəsi sədrinin Vəfa Nağıya qarşı apardığı qarayaxma kampaniyasının tək səbəbi onun sədrdən qanuna uyğun olaraq hesabat tələb etməsidir. Vəfa bələdiyyənin fəaliyyətini qənaətbəxş saymır, kənd camaatının haqqının tapdanıldığını düşünür və bələdiyyə üzvü, vətəndaş olaraq, "Gəlin doğru olanı edək" deyir. Qarşı tərəf isə bunun əvəzində Vəfanın Feysbuk profilindəki şəkilləri götürüb böyütdürərək kənddə müxtəlif yerlərdə yapışdırtmaqla həqarət edir, örüş yeri, əkin sahəsi vədi ilə çarəsiz kənd adamlarına boş kağızlara imza atdırıb onun əleyhinə müxtəlif instansiyalara iftira dolu məktublar, ərizələr yazırlar.
Söz var, əgər ölkən üçün nəsə etmək istəyirsənsə, birinci öz olduğun yeri gözəlləşdirmək, onun mühitini sağlamlaşdırmaq uğrunda mübarizə aparmalısan. Başqa heç nə. Başqa nə olsun ki? Bir vətən üçün bundan gözəl nə ola bilər ki? Gənc, savadlı, enerjili, əzmkar bir Azərbaycan qadını başqa nə etməlidir? Amma təəssüf ki, biz Vəfanın səsinə yetərincə səs verə bilmir, görməzdən gəlirik. Onun dərdi sadəcə, yaşadığı kəndin inkişafının qarşısını alan insanların əməllərini dayandırmaqdır. Amma bəziləri onu guya Azərbaycanla problemi olan biri kimi qələmə verməyə çalışırlar. Nəticədə Vəfaya baxıb ürəklənən, həvəslənən gənclərin də şövqü qırılır, cani-dildən ölkəsi üçün çalışmaq istəyən insanlar da ruhdan düşürlər.