UŞAQ / BÖYÜK
Uşaqlar böyüklərdən - "böyük uşaqlar”dan öyrənərlər Tarix : 15 Fevral 2020, 10:00
Yazar : Qadinkimi.com
Deyirlər uşaqlıq saflığını itirməyən insanlar böyük insanlardı və onlar başını göyə qaldıran, səmanı seyr etməyi sevən bir uşaq qədər gözəl olur. Uşaqların gələcəkdə işıqlı insan olması üçün qarınlarını və zehinlərini doyurduğumuz qədər ruhlarını da bəsləməliyik. Ruhumuzun qidası, aldığımız nəfəs, sevinc mənbəyimiz uşaqlardı. İki yaşından başlayaraq uşaqlar nağılları dərk edir. Nağıllar onlara hava-su qədər lazımdı.  Qayğıkeş, ağıllı valideynlər bunu anlayır və övladlarına lap körpə vaxtlarından yaşlarına uyğun nağıllar danışmağa başlayırlar. Onlar həyatın birdən-birə olduğu kimi qavranmasının uşaqlara çətin olduğunu anlayaraq,  bunun nəticəsində uşaq psixikasının zədə ala bilmələrindən ehtiyat edirlər. Nağılların onların dünyası üçün nə qədər əhəmiyyətli olduğunu bilirlər. Nağılların dili sadədi və istənilən nağılda insanların bir-birinə və ətrafa olan münasibəti, davranışı verilir. Onu başa düşmək üçün uşaq özünü yormur, diqqətini çəkən obrazlar, vacib informasiya isə öz-özünə mənimsənilir, təxəyyülün inkişafına da müsbət təsir edir. Ən gözəli də həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır.

Bəzi ailələrdə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə, qeyri-sağlam verilişlərə maraq göstərir ki, bu da onların gerçəkliyi qavramasına mane olur, normal inkişafının qarşısını alır, həyata baxışı, təfəkkürü, başqalarına münasəbəti dəyişir, bəzən qəddarlaşır, getdikcə özü olmaqdan çıxır, yox olur - uşaq ikən böyük təsəvvürə malik olur, lazımsız informasiyaları yaşından əvvəl mənimsəyir. Uşaq özü oxumağı öyrənsə belə, onu nağıllardan birdən-birə ayırmaq olmaz. Nağılların birgə oxunması uşaqlar və böyüklər arasında qarşıdurmada, münasibətlərin kəskinləşməsində də müsbət nəticələr verə bilər, qarşılıqlı anlaşmaya faydası olar. Nevroz əlamətləri olan valideynlər dünyaya sağlam övladlar gətirsələr də,  sonralar bu sağlam, təmkinli uşaqlar ailədəki münaqişə və disharmoniyanın, valideynlərin gündəlik emosional vəziyyətlərinin təsiri altında əsəbi, narahat olurlar.
 
Uşaq ətrafında gördüyü və eşitdiyi hər şeyi özünə çəkir və bu analogiya o zaman yararsız hesab olunur ki, uşaq böyüklərin etdiyi və danışdığını təkrarlamağa həddən artıq səy göstərir. Uşaqlara uşaqlıq dövrünü doyunca yaşamaq imkanı verməyən valideynlər, unutmayaq ki, uşaqlar soruşaraq öyrənir, böyüklərdən gördükləri nümunələrdən öyrənir, toxunaraq, yaşayaraq öyrənirlər. Onların ürəklərində pislik yoxdur, pislikləri dərhal unudarlar. Kindən uzaqdırlar. Uşaqlar fərqli olmağı gözə alarlar, fərqli olmaqdan çəkinməzlər. Tənqidi qəbul edər, sizə qulaq asarlar. Səhvsiz hərəkət etmək vərdişləri də yoxdu. Səhvlərdən doğruları öyrənər, yeniliyə, kəşfə meyl edərlər. Uşaqları pislik, səhv, bədbəxtliklə məhdudlaşdırmaq olmaz. Öyrəndiklərini "böyümüş uşaqlar”dan mənimsəyərlər. Öz uşaqlıqlarını unutmuş böyüklərdən öyrənərlər.Təhqirə məruz qalmayan uşaqlar şəxsiyyət kimi yetişir, özünü bir insan kimi qəbul edir. Alışmayıblarsa, təhqir olunanda sarsılar, həyatın ilkin girdabına tuş gəldiklərini dərk etməz, xroniki depresiyaya məruz qalma ehtimalları olar.

Yaşa dolduqca bunun həmişə belə olduğuna özlərini inandırarlar.
Bir çox insanlarda inam hissi anadangəlmə mövcud olduğu halda bəziləri bu xüsusiyyəti şüurlu şəkildə formalaşdıra, düşüncə tərzini və həyat haqqında baxışlarını dəyişərək özünə inamı yarada bilir.

Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, HƏTTA ÖZ UŞAQLARINA DA uşaqlığını unutdurarlar. 
 
Lakin qəlbindəki mərhəmət, sevgi, xeyirxahlıq, dürüstlük bu müdhiş, çalxalanmış dünyamızın girdabına, eybəcərliklərinə hələ də məruz qalmayan ümid, inam dolu insanlardan güc alar və "yaşamağa dəyər” düşüncəsi ilə ayaqları üzərində dayanmağa çalışar. Bütün bu insanı keyfiyyətləri özündə saxlamış "böyük uşaqlar"dan uşaq xislətlilərdən həyat eşqini, insanlara həqiqi saf münasibəti öyrənə bilərlər. Həyata saf uşaq baxışları ilə baxmağa çalışa bilsək, ömrümüz cənnətə dönər. İnanın. İnanaq...

Yeganə İskəndərova
qadinkimi.com