YAZI / DÜŞÜNCƏ, SEVGİ
Toxunmaq bədəndə rahatlıq yaradır, xoşbəxtlik hormonlarını artırır… Tarix : 26 Noyabr 2022, 16:06

Professor Yelda Özsunar Gazi Universiteti Tibb Fakültəsində radiologiya ixtisasına yiyələnib. 1999 - 2001-ci illərdə Kopenhagen və Yale Uni­versitetində təhsil alıb. 2007-ci ildə Harvard Uni­versiteti Tibb Fakültəsində, 2013-cü ildə London Böyük Ormond Street Xəstəxanasında və Oksford Universitetində Biomedikal Mühəndisliyi üzrə, 2017-ci ildə Ney­roradiologiya sahəsində akademik və elmi işlər apar­mışdır. 2003-cü ildən Adnan Menderes adına Universitetin Tibb Fakültəsinin dosenti, 2008-ci ildən isə professordur. Hal-hazırda həminuniversitetdə tibb fakültəsinin dekanıdır.

Müxtəlif qəzet və jurnallarda elmi fəaliyyəti ilə bağlı yazıları maraqla izlənir.

Yelda Özsunarın "Universal Simfoniya” kitabı insan sağlamlığının qorunma yollarından, insanla kainat arasındakı harmoniyadan bəhs edir. Gözəl duyğular kainata yayılaraq, ruhlarımızı yüksəldir, hüceyrələrimizi oyadır, bədənimizə şəfa verir.

 

"Universal Simfoniya” kitabından kiçik bir bölümü sizə tədim edirik.

 

 

Aydın Adnan Menderes Üniversitesi


 


 

TOXUNMA NƏDİR, NƏ KİMİ FAYDASI VAR

 


Toxunma qavranan emosional və sosial hissdir. Bədənimizi əhatə edən dərimiz bu duyğuya vasitəçilik edən qəbuledici və ötürücüdür. Dərimizin duyduğu toxunma( taktil) hissi, ağrı hissi də daxil olmaqla, özümüzlə, digər canlılarla və ətrafımızla əlaqəmizin ən vacib mənbəyidir. Bu mənada toxunma həyatımızı ayırd etməyə, anlamağa, lokallaşdırmağa və yaşamağımızı asanlaşdırmağa xidmət edir, eyni zamanda zövq və ünsiyyət üçün ən vacibdir. İctimai münasibətlərimizdə, sosiallaşmağımızda müəyyən rolu vardır. Məsələn, anasına toxuna bilməyən bir körpə meymun stress əlamətləri göstərir və ya kifayət qədər inkişaf etmir. Ana-uşaq və həyat yoldaşı arasındakı əlaqənin əsas elementlərindən biri toxunmadır. Bu bizə xoşbəxtlik və sevinc bəxş edir. Sevilən insanın əlini tutması adamda stress və narahatlığı azaldır və rahatlıq yaradır.


Niyə toxunma xoş və müalicəvidir

 


Toxunma bədəndə rahatlıq yaradır və böyüməyə kömək edir. Oksitosin, endolfin və dopamin kimi xoşbəxtlik və dəyərləndirmə hormonlarının həm heyvanlarda, həm də insanlarda ləzzət almada və istirahətdə rol oynadığı məlumdur. Xüsusilə, zərif və mülayim toxunuşlar insanın zövq almasına səbəb olur və bu beyinə "C toxunma (CT)” reseptor neyronları vasitəsiylə ötürülür. Məlumdur ki, CT reseptor neyronları üz və qolda, əsasən tüklü dəridə daha sıx olur və ayaqda da var. Bu neyronlardan gələn həssas siqnallar beynin ön hissəsində (orbitofrontal korteks) və Posterior Insula (arxa) his­səsində qəbul olunur. Bu MRT tədqiqatlarında ortaya çıx­mışdır. İnsula ayrıca dəyərləndirmə və homeostaz hissi meydana gətirmək üçün limbik sistem və parietal nahiyə ilə bağlanır. Anaların körpələrini qucaqla­ması körpənin immun sisteminə, psixososial inkişafına və genlərinə müsbət təsir göstərir.

 


TOXUNMA HİSSİ SOSİAL MÜNASİBƏTDƏ NƏ İŞ GÖRÜR

 

Qeyd edildiyi kimi, dərimiz də duyğularımızı çatdıran bir sosial ünsiyyət vasitəsi rolunu oynayır. Zövq hissi ilə yanaşı, stress və narazılığı da bildirir. Barmağımız yanarkən, ağrılı yerimizə dilimizlə və ya digər əlimizlə vurub, ağrımızı yüngülləşdirməyə çalışırıq. Eyni metodu əziyyət çəkdiyini düşündüyümüz digər canlılara da tətbiq edirik. Əl sıxma kimi toxunma insanlar arasında etimad və yaxşı sosial münasibətlər qurmağa və əməkdaşlıq hisslərini inkişaf etdirməyə kömək edir. Bu hissdən öz bədənimizə və sevdiklərimizə olan sevgimizi və marağımızı göstərmək üçün istifadə edirik. Toxunma - insanın insanla, heyvan və ya bitki ilə qurulan, şüuraltına təsir edən ən ibtidai və əsas universal ünsiyyət metodlarından biridir.


 

TOXUNMA BEYNƏ NECƏ ÖTÜRÜLÜR


 

Dərimizdə masaj zamanı təzyiq və titrəmələri hiss edən sinir sensorları (Vater Pacini və Meissner kor­puskullar) var, lakin CT reseptorlarından daha dərində yerləşirlər. Bu sensorlar sinir hüceyrə təbəqələrindən meydana gələn top şəklində yumaqcıqlara bənzəyir (Şəkil 1). Başqa sözlə desək, dəriyə toxunmaq əslində sinir uclarına toxunmaq və beləliklə, beyinə toxunmaq demək­dir.Toxunma hissi elmi tədqiqatlarda mikroneyroqrafiya deyilən çihazla ölçülür və standartlaşdırılaraq, bir çox təcrübələrdə istifadə olunur.

 




TOXUNMA XƏSTƏLƏRİ MÜALİCƏ ETMƏKDƏ İSTİFADƏ OLUNURMU


Xəstəlikləri toxunuşla başa düşmək və müalicə etmək əsrlər boyu tibb sənətində öyrənilmiş və xəstələri sakitləşdirmək üçün istifadə edilmişdir. Xəstənin əl ilə müayinəsi tibb elminin ən əsas metodlarından biridir. Son illərin mexanikləşdirilmiş və texniki tibbi müayinə üsullarının çox olması həkimlərin xəstəyə toxunması və əl müayinəsi vərdişini azaldır. Bununla birlikdə, dərmanı tamamlayan bir metod olaraq, toxunma və masaj müalicəsi xəstələrin sağalması və ya rahatlıq tapması üçün istifadə edilməyə davam edir.Toxunma və ya masaj terapiyası, körpələrdən tutmuş yaşlı demensiya xəstələrinə qədər bir çox yaş qruplarında və xəstəliklərdə təsirli metoddur. Erkən və kiçik əməliyyat aparılan körpələrdə pozitiv klinik təsiri olduğu aşkar edilmişdir. Masaj terapiyası sakitləşdirici para- simpatik sistemi (azan siniri tonusunu artırmaq) aktivləşdirərək, körpələrdə böyüməni asanlaşdırır, stress əlamətlərini azaldır, immun sistemi gücləndirir, ağrılara dözümlülüyü artırır və bu xəstələrin xəstəxanadan daha əvvəl buraxılmasına səbəb olur. Masajın autizm və davranış problemləri olan uşaqlarda ən təsirli emosional stimullaşdırma olduğu təsdiqini tapıb.. Masaj müalicəsi stress səviyyəsini azaldır, xəstəni rahatlandırır, etibar və yaxşılıq hissi verir, əzələləri sakitlşdirir, uşaqların böyüməsini və inkişafını dəstəkləyir, ağrı, zəiflik, ürək bulanması, narahatlıq və ya stress, yuxu problemlərini azaldır. Hamiləliyin yan təsirlərini yüngülləşdirir.

Sümüklərə yayılması ilə inkişaf etmiş xərçəng xəstələrinin elmi araşdırması bədən masajının 15-20 dəqiqə ərzində heç bir mənfi yan təsir göstərmədən xəstənin ağrı hissini və narahatlıq səviyyəsini aşağı saldığını göstərdi. Bu məlumatları dəstəkləyən digər araşdırmalar, rahatlanma hissinin masajdan sonra bir neçə saatdan 24 saata qədər davam etdiyini göstərdi.


Digər canlılara toxunmaq sizə necə təsir edir?

 


İnsanların heyvanlara toxunması və bir müddət qarşılıqlı əlaqədə olmasının xoşbəxtlik hormonlarını artırdığı və stress hormonlarını azaltdığı elmi şəkildə sü­but edilmişdir. Digər bir elmi araşdırmada, tərəvəzin, meyvənin və ya bitkilərin yarpaqlarına toxunmağın insanlarda şüuraltı bir rahatlama və sakitlik hissi yaratdığı məlum olmuşdur.

Nəticədə, heyvanlara və ya bitkilərə toxunuş insan bədəninə istirahət, bərpa, inam və xoşbəxtlik gətirərək, ağrı kimi xəstəlik əlamətlərini aradan qaldıra və ya yaxşılaşdıra bilər. Hal-hazırda, həkimin xəstəyə ayıra biləcəyi vaxt azaldığı və həkim və xəstə arasına instru­mental müayinənin girdiyi günümüzdə, bu əsas duyğunun faydalarını bilmək və tətbiq etmək xəstə və həkim məmnuniyyətini artıracaq, tibbi müali­cələrə dəstək verəcək, xəstə, həkim plasebo müalicəsi arasında əlaqə və inamın qurulmasına kömək edəcəkdir.

 

 

 

 


 

 

Təqdim etdi: şair,həkim Nazilə Gültac

 

qadinkimi.com