BURA / ORA
"Şeytan ayələri" kitabının yazarı Salman Rüşdi bıçaqlı hücuma məruz qalıb Tarix : 13 Avqust 2022, 16:21

 

Nyu-Yorkda keçirlən konfransların birində hind əsilli yazıçı Salman Rüşdi bıçaqlanıb.


Hind əsilli ingilis yazıçı Salman Rüşdinin (1947) 1988-ci ildə yazdığı "Quran"dan bəhs edən "Şeytan ayələri" kitabı bir çox ölkələrdə qadağan olunub, müsəlman dünyasında isə böyük qəzəblə qarşılanıb.

 

 


 

Yüzlərlə insanın ölümünə səbəb olan "Şeytan ayələri”nin nəşrindən sonra onun adı dəfələrlə dünya mediasında hallandı. Əksər müsəlman ölkələrini etiraz dalğası bürüdü. Bu kitabın üzündən neçə-neçə günahsız insanın qanı töküldü.

 

 


1989-cu ildə İranın Ali dini rəhbəri Ayətullah Xomeyni kitabı İslama qarşı küfr adlandıraraq müəllifi və kitabı nəşr edən bütün şəxslərin qətlinə çağıran fətva vermiş, başına iki milyon dollar pul qoymuşdu.


 

Xomeyninin fitvasının qüvvədə olduğu 10 il ərzində Rüşdi qapalı həyat yaşamağa məcbur olur. Dünyanın heç bir aviaşirkəti Rüşdi soyadına bilet verməyə risk etmirdi. Onun mühafizəsinə Britaniya xüsusi xidmət orqanları il ərzində milyon yarım dollar xərcləyirdi. Səfər etdiyi ölkələrdə ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, qaldığı otellərdə pəncərə şüşələri gülləkeçirməz şüşələrlə əvəz olunur, keçdiyi küçələrdə hərəkət məhdudlaşdırılırdı.


 

2007-ci ildə Britaniya Kraliçası II Elizabet Rüşdiyə "Ser" titulu verəndə müsəlman aləmini yenidən etirazlar bürüdü. Ayətullah Xamneyi fitvanın qüvvədən düşmədiyini, fitva verən ölsə də fitvanın Salman Rüşdi ölənəcən qüvvədə qalacağını bildirdi.


 

Onun adı və əsəri radikal müsəlman üçün lənət ünvanına çevrilib. Maraqlısı budur ki, Salman Rüşdini tənqid edənlərin, onu ölümlə hədələyənlərin çox az hissəsi "Şeytan ayələri”nin məzmunundan xəbərdardır.


Tərcüməçilər və bu əsəri çap edən nəşriyyatlar da eyni təhlükəni yaşayıblar. 1991-ci ildə "Şeytan ayələri”nin yaponcaya tərcümə edən ərəb və fars dilləri üzrə mütəxəssis, professor Xitosi İqarasi iş otağında bıçaqla boğazı kəsilərək qətlə yetirilib.

 


Əsərin italyan dilinə tərcümə edən Ettoro Kaprioloya sui-qəsd nəticəsində yaralanıb.

Norveçli tərcüməçi Vilyam Niqardaya hücum edilib və tərcüməçi yaralanıb.

 


"Şeytan ayələri”nin qurbanlarının sayı təkcə bununla yekunlaşmır. 1989-cu ildə İslamabadda təşkil olunmuş mitinqdə 6 nəfər ölür, 100-dən çox adam yaralanır.

 


1993-cü ildə Türkiyənin Sivas şəhərində baş verən faciə isə "Şeytan ayələri”nin yaratdığı təsirin pik nöqtəsi olur. 

 


Sivas şəhərində təşkil olunmuş şənlikdə iştirak edən yazıçı Əziz Nesin jurnalistlərə "Şeytan ayələri”ni türkcəyə çevirəcəyini deyir. Günorta namazından sonra Əziz Nesinin Sivasda olmasına etiraz edən bir qrupun başladığı etiraz gedərək böyüyür və idarəolunmaz hala gəlir. Axşam saatlarında "Madımak” oteli yandırılır. Faciə nəticəsində 33-ü şair, yazıçı, ozan olan 37 nəfər yanaraq və ya tüstüdən boğularaq həlak olur.

 

 

Hazırlayıb: Xəyyam Ağa

qadinkimi.com