Türk rejissor Çağan İrmakın "Qaranlıqdakılar" filminə baxmısınız? Film şizofren anayla 30 yaşlarında bir oğulun hekayəsini danışır. Anası ilə yaşamağa məcbur olan oğul üçün həyat bir cəhənnəmə çevrilir. Ana üçün isə həyatda yaşamağın tək səbəbi oğludur. O, ancaq övladını yanında görmək istəyir. Oğlunun ondan uzaq düşməsini düşünmək belə ananı dəli edir. Onun evə bir dəqiqə gec gəlməsini belə qəbul edə bilmir. Bəzən oğlunu o həddə çatdırır ki, o, anasını evdən qovur. Film boyu gah ananı qınayırsan, gah da oğulu. Ancaq filmin sonunda məlum olur ki...
İllər öncə bu qadını zorlayıblar. Ailəsi isə qıza həmdəm olmaqdansa, ancaq hadisəni ört-basdır etməyin yollarını axtarır, bu utancdan xilas olmaq peşində olur. Yaşadıqları yerdən köçürlər, qıza ər axtarırlar... Dizlərini qucaqlayıb oturan zorlanan qadını isə heç kim başa düşmür, zorlanmağın nə demək olduğunu heç kim anlamaq istəmir.
Hamilə qalan gənc və gözəl qadın uşaq sayəsində həyata tutuna bilir. Yaşamağın mənasını onda görür. İndi isə oğlundan bu illərin bədəlini ödəməyi tələb edir. Hələ də düşünürəm: bu, sevgidir? Zorlanma nəticəsində əmələ gələn övladı sevmək olurmu? Sevirsə, niyə ona bu qədər zülm eləyir? Bəlkə, elə ona zülm eləməklə bu həyatdan qisasını alır? Qisas almaqda haqlı deyilmi? Fərqi yoxdur, bu, övladdır, canından bir parçadır. O şüuraltı da olsa qisas alır, çünki o zorlanıb, başa düşürsünüz ZOR-LA-NIB.
Yazmaq belə, dilə gətirmək belə qorxuncdur, iyrəncdir, dəhşətlidir. Həyatda ən qorxduğum şey zorlanmaqdır; mənən zorlanmaq, ruhən zorlanmaq, cismən zorlanmaq... Bu qorxunu ifadə etməkdə belə, türklər demiş, zorlanıram... Heç cür beynimə sığışdıra bilmirəm, bir, iki, üç "kişi” bir qadını zorlayır və bundan həzz alır. Təsəvvür edirsiniz, bu insanların həzz anlayışı bundan ibarətdir. Çünki onlar da sevgisiz bir ailənin məhsuludur, onların dünyası, dünyagörüşü zorlamaq üzərində qurulub. Fərqi yoxdur, o zorlanma könüllü oldu, səssiz oldu, dişini-dişinə sıxaraq oldu, ya bağıraraq, dünyaya səs salmaq istəyərək... O zorlanma olub!
Bir filmə də baxmışdım, adını unutmuşam. Ərindən nifrət edən bir qadına ailəsi boşanmağa icazə vermir, ölsə də, qalsa da. Elə də olur. O qadın hər gecə ölür. Ərinin vəhşicəsinə həyata keçirdiyi cinsi akt hər dəfə qadının ruhundan, canından bir parça qoparır, məhv eləyir. O qadın işə gedəndə də, çörək almağa gedəndə gözündən sakit-sakit yaş gilələnirdi. Onun dünyaya etirazı, hayqırışı ancaq səssiz göz yaşlarından ibarət idi. Bunu da heç kim başa düşmürdü...
Elə bu anlayışsızlıq məhv eləmirmi qadınları, insanları, bəşəriyyəti? Bəs biz adamların, ailəmizin, cəmiyyətin, bəşəriyyətin bizi anlamağını gözləməliyikmi? Gözləsək, anlayacaqlarmı? Onlar bizi anlayanda gec olmayacaqmı? Onda biz olacağıqmı, ruhumuzda, canımızda salamat yer qalacaqmı? Biz onda yaşadığımızı hiss edə biləcəyikmi, sevə biləcəyikmi, yaşadıqlarımızdan həzz ala biləcəyikmi? Ömrümüz, ən gözəl çağlarımız hədər getmiş olmayacaqmı? Olacaq. NİYƏ? Bu suala cavabınız varmı, varmı bu suala tutarlı bir cavabınız? Niyə axı, niyə? Hansı bəşəri bir hadisəyə, ideyaya qurban veririk ömrümüzü, canımızı, ruhumuzu, zamanımızı?
***
Beyləqan rayonunda orta məktəb şagirdini zorlamışdılar. Hamı onu qınadı ki, bunu özü istəyib. Bu barədə uzun-uzadı danışmaq, yazmaq istəmirəm. O qızın da, onu zorlayanların da ailəsinin, ətrafının, məktəblərində dərs deyən müəllimlərin təfəkkürləri, dünyaları, əxlaq anlayışları o qədər məlumdur ki hamımıza... O qədər canımızı yandırmışdı ki, onların söylədiyi hər kəlmə. Bircə şeyi bilirəm və demək istəyirəm: o qızın yerinə olsam, olduğum yerdən bacardıqca uzaq, uzaq, uzaq qaçardım. Çünki onu ömrünün sonuna kimi zorlayacaqlar artıq. Ailəsi də, ərə verdikləri adam da, qonşuları da, qohumları da, dünyaya gətirəcəyi övladlar da, hamı, hamı zorlayacaq onu. Mənən, ruhən, cismən zorlayacaqlar onu. Qaç, qurtar canını, qızım! Bu dünyada ən doğmanın belə sənin bir zərrəni zorlamağa, qoparmağa haqqı yoxdur! Haqq da sənsən, doğru da sənsən, doğma da sənsən, dünya da sənsən, azadlıq da sənsən! Zorlanma, qızım...
Çağan İrmakın filminin sonunda anayla oğul bəzənib-düzənib şam yeməyi yeyir, sərxoş olana qədər içir, sonra gecənin qaranlığında motosikletə minib gedirlər. Bu gediş ümid idi. Rejissor ağır həyat hekayəsinin sonunda tamaşaçıya bir ümid buraxır. Getmək olar, bacarmaq olar, yaşamaq olar deyir. Ümid həmişə var, qızım. Yetər ki sən istə... Sən də bir gecənin qaranlığında başını götür və get... O qaranlıqdan xilas ol, sən xilas olmasan heç kim səni xilas etməyəcək!
Sevinc Fədai
Qadinkimi.com