1960-cı ildə hazırda Meşginşəhr adlanan Xiyav şəhərində anadan olub. Bu şəhərdə boya-başa çatıb, ibtidai vә orta tәhsilini orada alıb. 1984-cü ildә Tehranda yerlәşәn Tәrbiyәti Texnikumun Mikrobioloji bölmәsinә daxil olsa da, tәhsilini yarımçıq qoymaq mәcburiyyәtindә qalıb. Bir müddәt radioloji sahәdә texniki işçi kimi işlәyib. 1997-ci ildə ildә Lahicanda yerlәşәn Azad Universitetin İngilis dili mütәrcimliyi bölmәsinә daxil olub, ancaq oranı da müәyyәn sәbәblәrә görә yarımçıq qoyub. 1998-ci ildə Tәbriz Azad Universiteti İctimai elmlәr fakultәsinә daxil olub vә 2002-ci ildә tәhsilini başa çatdırıb. 2006-cı ildə Bakıda yerlәşәn Xәzәr Universiteti İctimai elmlәr fakultәsindә Azәrbaycan türkcәsi sahәsindә magistraturanı "Hәbib Sahirin hәyatı vә əsәrlәri” tezisi ilә bitirәrәk doktorluğa başlayıb.
Nigar xanım şeirlərini əvəllər farsca yazıb. 1989-cu ildən isə qardaşı Rövşən Xiyavinin və həyat yoldaşının təşviqi ilə türkcə yazmağa başlayıb. Onun "Mənim şerim” adlı ilk kitabı 1996-cı ildə yayımlanıb.
***
Bir quşun uçuşundan qopub düşən
lələk bulmuşdum
odla suyun arasında
və gecənin gövdəsində
gəlməmişdim balıncınızı
başınızın altından çəkməyə,
bir az şeirim,
bir az sevgim var idi,
bir az da türklüyüm
keçid alır şair axşamlarımdan
lələkdən bir qapı asım deyə
qaldırır çiynimə
endim sizlərə
damlara qalxıb da
durnanı daşa basan
sizlər oldunuz.
Hə,
bu mənəm,
bu bağ mənəm
gövdəmin gəbəsindən ilmə-ilmə
keçid verən bağ sənə, mənəm
bu da sən
yarpız ətrimi çəpərlərə qıfıllayan səssiz
sarmaşıq
və zanbaqlığımı zağ-zağ əsdirən qorxu
istərsən gəl,
hansı ürəklə gələ bilsən gəl
paslı dəmir təkərlərin
çənliyimdə batıb qalacaq
bu səfər.
İndi ki,
güllədən gül-gül açılmış cənazəmi
tam sayğı,
tam hüznlə
qəbrimə daşımaqdasınız
və kəndi əlinizdən acıyıb ağrımaqda,
ey kədərli milyon çiyinlər!
unutmayın da utanmayın ki,
sayğı-sevgiylə yaşama durduğumda
yalqız buraxan məni
ölürcəsinə sizlər oldunuz.
***
Sən səhərsən!
Gecənin camına calamaq istəyirəm səni,
Nəfəs-nəfəs...
Səni çiynimdə çəkirəm tüşkü-tüşkü...
Səndə doğan günəşi
Bütün anaların döşündə,
Əmizdirmək istəyirəm.
Qucaq-qucaq...
Bu arxayınlığa inanma, inanma!
Arxamda külək əsir,
Külək əsir arxamda, kül sovurur,
Saçlarım gizli bir hıçqırığın darağında
Dən-dən tökülür.
Başımın ağrısı, qapının cəftəsi ağırladır.
Qapı açılmır, qapı açılmır...
Açılmırsa, önümdə divar durur...
Mən bu sarı arxayınlığa inanmıram.
Buraxın yaşayım
Ürəkdə ağrı,
Ürəkdə sızı
Ürəyim bir üzdə, başım min üzdə
Ürək çırpıntılı bir quş yuvası
Başım fırtına meydanı, yanğı dəryası.
Buraxın yaşayım, bu qara nəfəsi
Yorğun-yorğun tövşəyim.
Boynuma qoyulan həyat payımı
Buraxın eşidim.
İçimdə boğulan hay-harayımı
Buraxın...
***
Qapını acığımla çırpıb
Tələsə-tələsə Qaragildən, Bozgildən çıxıram
Çıxıram gedəm Mirkukurumgilə.
Yaşasın Mirkukurum!
Başarır qara dovşanların boynuna üfləyib kiritməyi.
Başarır rəngi qaçmış şəhəri güllətməyi, gözəllətməyi.
Gülü vax və axı qıla bilməyi başarır.
Gülü vax və axı nədi?
Bilməyə bilirsiniz, zavallı cocuqlar.
Hələlik sözlüklərdən öyrənin dilinizi.
Nə bilim,
Haralarınızda gizlədiyiniz oydu çanaqlarından,
Öyrənin hələliyinizi.
Həddini aşmış qan qırmızıdı.
Gülü vax və ox.
Davam etdirin devirişi Mirkurkurum üzərinə,
İnqilab sayağı saf-çürük ediniz, soyundurunuz,
Kurkurum ediniz.
Qaraqançır dişlərim qıcıyırsa,
Qorxmayın lütfən bir şey deyil,
Xurma baxışlarım
Gözlərimdə qan çanağına dolsa,
Diksinməyin...
Özbaşına olmuş bütün orqanlarım.
Qan boğçasıdı burulqanlarım.
Yaşasın Mirkurkurum, bağışlayın kurkurum –
Qızların, qandan yoxsun yanaqlarına gül qıla bilir.
Çox günah kimi...
Dırnaqlarına çox sıçraya bilir.
***
Hər barmağı bir açar,
Aça bilmədi naçar çönbəlmə daldı
Qaldı qapı dalında.
Azərbaycanımızgilin,
Öz qapımızlarında, dalda qaldı.
Dilinin dal budaqlarında,
Boynunun buruqlarında,
Dilənib dilənçiliyinə düşdü, dillənmədi dil.
Azərbaycanımızgil, dilimizgil, bizgil,
Bu havada bu tonqal,
Bu havalıqda nəyə alovlanır ki, dədəmizi yandırır?
Dilim, dişimin arasında,
Bir yerlərə ilişib məzhəbsiz.
Əlimdə yerlərə barmaq çüçərsə də,
Dolaşığını aşa bilmirəm.
Bu boyda türkülərdə şeir qoşa bilmirəm.
Əcci Məcciyə qaldıq nənəlik,
Lətər məccəyə qaldıq nənəlik.
Almagül aşdı nənəlik, dilim dolaşdı nənəlik
Ay bu evin kiçik qızı....
Qoşulub qaçma köpəyin qızı!..
Sənə deyirəm, gözümün qabağından itil sarımsaq!
Qan qusasan səni sarsaq......s.
***
Bütün bir salamın açılışında
Birdənbirə gələsən.
Saniyələrin doğum gününü
Diqqətlə dəqiqləşdirəsən.
Yolun başını salıb aşağı, qatıb qabağına
Fərman dinləməz, döndərib gələsən.
Sən suyunu verənədək,
Çörəyini verənədək, sevginin
Üstünü basdırıb yatıranadək
Mən başıma çətir örtüb, kəbinimdən kəsilib
Dönərəm dünənə.
Sən dağılma,
Alkola batar səsin, çıxara bilməzsən,
Qaranlıq qapılara bağıra bilməzsən,
Pəncərələrin qulağı kar qalar, bilməzsən.
Bilmirdim mən
Qaraladığım bu sənsiz, yasəmənsiz illərin ağı
Çat götürüb böyük ehtimalla.
Sən soyun əynindən, çıxar at başından ətrimi,
Mən də başlayım baş barmağımdan etibarən
Birbəbir tökülüm tənimdən.
Sabah sübh oyanım
Yerini yığışdırım beynimin ön sırasından,
Ya çəkim həmin bu şeirin ilk sətrinin yuxarı başına?
Zarafat iş deyil bu, hövsələ istər…
Mələk dilimlə-dodağımla səni dadmaq,
Mələk qulağımla səni dinləməkdən çətin…
Amma bu gün fəsillərdən
Ayağındakı səsin fəsli
Birdən-birə töküləsən, yağasan,
Çərşənbənin məntiqilə cümə axşamına,
Oradan cüməyə, şənbə, işənbə...
İş-gücünü burax,
Böyük ehtimalla çat götürüb, sənsiz,
Yasəmənsiz illərin ağı...
Gözlüksüz dünya
Gözlüyünü itirib dünya öz işində deyil,
soxulur böyrümə burnuyla, buynuzuyla
əraq çəkirəm başıma yorğanı çəkirəm su kimi
dodağıma gülüşü satın almağa dükan hanı?
Bol tamatlı makarna dəmlədim televizyona zillənən gözsüz uşağıma
qundağına tüfəng düymələdim
fədakar anayam çünki,
aman çəkirəm, bu mikrobfonlar əlindən aman!
Hansı səngərin neçənci süngüsündən,
hansı ilin neçənci çovğunundan tuşlanıb ağzıma bilməm,
yox olmayır yuxularımdan, olmayacaq dilimin açılışı
niyə belə bilməyir bu yubanmış alqışı desəm, ölməm
bunca ki, göbəyim atılır Xəzərə gedən gəmilərə
bunca ki, cənazəm batır şayə gölünün heyranlığına
və namazı hey çarə qılır "migərən”li axşama ağlayan qadınlığına
siqarların közü bir-birindən küçədə qəbir adresi soruşur
və qulağım vurhay meyit namazı qılır
hələ baxın yeddi kəfən çürütmüş atama
kamyonla bel-külüng daşıyır tələsə-tələsə
mən bilmirəm kimdən küsə-küsə:
"Buldozer kirələmişik atacan!” – deyə, hıçqırıram
anam tək canına bağlı-bağatlı bır pəncərəydi
ürəyin açılar onu gəzib dolansan
ürəyin tutular dindirib danışdırsan:
"Nə əfsərlər, nə əfsərələr… ölüm nənələrindi,
nənən qurban sənə, nənələrin!..”
Hələ də bu söyüdün, o göyərənin kölgəsində
qara su axır anamın gözlərində
budaqdakı cənazələrin dizindən yuxarı
baxmır
baxammır anam.
Ah çəkmə
Ah çəkmə quzu balam, ahın dağlara.
Ah çəkmə, qırmızı qız tırahtur balam, ahın daşlara.
Qoymurlar səni qırmızı tırahtur sürəsən?
Qoymurlar qırmızı tırahtura baxasan?
Qoymurlar qırmızı tırahtura minib mənbərə çıxıb pislikli beyinləri sökəsən.
Bir də görərsən dünyanın saçları bağrında somalaşıb, haaa
bir də görərsən suçlu saçlaruva siçanlar yuva salıb, haaa
bır də görərsən fikrivin yarı yolunda köylüvə yar düşüb
ay səni əllərin yar qoynunda
dibin tökülər dərin bir quyunun dibinə düşərsən, onda səni ərə almazlar, haaa
gözəlliyivin ölüsü üstə qalıb qıcqırma, turşumuş quzu balam!
Qoymurlar səni, qoymurlar səni, qoymurlar səni,
Qoymurl a a a r???
Müəllif: dok. Esmira Fuad
Xüsusi olaraq qadinkimi.com üçün