Aysel Əlizadə ilə Murad Arifin müsahibəsinə baxdım. Gözləntim daha çox idi. Montaj fikirləri və əhvalı qırıq-qırıq etmişdi. Buna baxmayaraq məhz o verilişin auditoriyasına yeni obraz göstərdiyi üçün buraxılışı önəmli sayıram. Ərinməyib şərhləri oxuyandan və Səkinə xala ilə bağlı sualdan sonra ölkədəki feminizmə şərh vermək istədim. Muradın "bir qrup feminist qız sənə qarşıdı, sənin ölkədəki böyük məsələləri qoyub, Səkinə xalanın çətinliyindən yazmağın onların xoşuna gəlmir" məzmunlu sualı məni düşündürdü.
Əvvəla, Ayselin ancaq Səkinə xalalardan yazmağını demək ədalətsizlikdi. Əminəm ki, belə deyənlər onun siyasi məhbuslarla, ölkədəki ictimai-siyasi mənzərə ilə bağlı davamlı, sistemli (tək-tük yox) yazıları ilə tanışdırlar. Sadəcə, niyəsə unutmaq istəyirlər. Aysellə bütün fikirlərimiz üst-üstə düşməsə də, zaman-zaman mübahisəyə bənzər müzakirələrimiz olsa da, ona ünvanlanan "dolayısı ilə ancaq özünə sərf edən şəkildə fəaliyyət göstərir” yanaşması qarşısında susa bilmədim. Bir qrup "müxalifətçi-feminist” ölkədə icazəsiz feminist aksiyası keçiriləndə Ayseli aralarında görməyib deyə qəzəblidir. Və bu qəzəb ədəbsiz formada ifadə olunur.
Dünyadakı feminstlər adətən, həm də ona görə müxalifət cəbhəsinə keçirlər ki, mövcud hakimiyyətlərin qadın hüquqlarını lazımınca qorumadıqlarından narazı olurlar. Anlaşılandır. Məsələn, Amerikada bir qrup feminist məşhur qadınları-qeyri kişi cinsindən olanları tənqid, təhqir edir deyə Tramp hakimiyyətinə qarşıdır. Bu tip feministlər Trampın beynəlxalq siyasəti, iqtisadi qərarları ilə bağlı bir şey demirlər, adətən. Küçə yürüşlərindəki etirazlar məhz qadınların əzilməsi ilə bağlı olur.
Biz bir adamın üstünə hədsiz yük qoymağı sevirik. Adam həm feminist, həm yazar, həm də tutalım, sığorta məsələləri üzrə ekspert olmalıdır. Aysel verilişdə yanaşmasını izah edir: "İcazəsiz mitinqə getmədim ki, qarşıdurma olmasın, insanlar daha da qorxmasın, tamamilə susmasın". Bu yaxında yumorist, teleaparıcı Maksim Qalkin müsahibəsində buna bənzər şey dedi. "Mən siyasətə insanları güldürmək istədiyim üçün qoşulmuram. Radikal olmuram ki, heç olmasa insanları güldürə bilim".
Küylə müxalif olmurlar, məncə. Hay salmaq lazımdı, amma. Səsin batmamalıdı. Aysel bunu edir. Səsini bəyənməyə bilərsiz, yanaşmasına qarşı çıxa bilərsiz. Amma susdurmağa çalışmaqla yox, ortaya başqa nümunə qoymaqla ona bərabər ola bilərsiz, əks halda başdan məğlubsuz. Və içinizdəki qərəz, aqressiya əriməyincə məğlubiyyət böyüyəcək.
Əziz feminist olmağa iddialılar, "Səkinə xalanın problemi”nə dırnaqarası baxırsız. Mənim nənələrimdən birinin adı Səkinədi. Çoxdandı dünyasını dəyişib. Sağlığında da öz dünyası olmayıb, açığı. Başqalarının dünyasında bir küncə qısılaraq yaşayıb və ölüb. Özündən altı yaş kiçik oğlanla ailə qurduğu üçün qardaşları tərəfindən fiziki, mənəvi şiddətə məruz qalıb. Son mübahisədə ərini döyüb rayonuna göndəriblər, övladını da əlindən alıblar. Öz dünyalarının qənaətlərinə görə onu yaxşı qadın, yaxşı ana olmadığına inandırıblar. Nənəm övladı yetkinlik yaşına çatana kimi onunla ancaq bağçada, həyətdə gizlin-gizlin görüşüb. Paraleldə də Sovetin zəhmətkeş qadını kimi işləyib, maaşını qardaşlarına verib. Övladına baxdıqları üçün haqq ödəyib. Mən ancaq yaşa dolandan sonra nənəmin asosiallığının, hamı kimi ola bilməməyinin səbəbini anladım. Hər şey cavan yaşında, ömrün təzə-təzə şəkil almağa başladığı vaxtda kəsilmişdi. Qardaşları-kişilər ailəsini və dünyasını dağıtmışdılar.
Sizcə, nənəm Səkinənin taleyi feminizm mövzusu deyil? Dünyanın ən böyük inqilabları fərdlərin faciəsi üzərində alovlanmayıb? Dünyada hakim olan feminist xətt "hər kəsin özünə aid dünya qurmağına yardım edin" demir? Kənd qadınının acısını məsxərəyə qoyub, feminizmin üç dalğasından danışmaq absurd deyilmi?
Fərdlərlə ünsiyyəti bacarmadan cəmiyyəti sevmək olmur. Demirəm hər şeylə, hamıyla razılaşaq, əksinə şübhə, tərəddüd, sınaq mütləqdir. Sadəcə ədalət hissimizi itiləyək, qərəzli tərəfimizi tanıyaq və onunla savaşaq.
Yazdı: Sahilə İbrahimova
Qadinkimi.com