DƏB VƏ BAXIM
Şəbnəm Zeynalova yazır: Din və dəb Tarix : 10 İyul 2018, 17:26
Yazar : Şəbnəm Zeynalova

Qadınlarımız geyiminə görə iki qrupa ayrılır.

 

Hicablı və sərbəst geyimdə olan qadınlar.

Biz bu gün hansının yanlış hansının doğru olduğunu müzakirə etməyəcəyik.

Bu hər bir insanın şəxsi seçimi və inancıdır.

Bir qadın hicaba keçməyi qərara alıbsa, bu onun Allaha olan sevgisi və inancının göstəricisidir.

 

Bununla yanaşı hicabı olmayan qadın heç də Allaha inanmayan, onun qanunlarını qəbul etməyən sayılmır. Inancsız olsa belə, bu, onun insani keyfiyyətlərinə xələl gətirə bilməz. Hər kəsin öz seçimi var. Bu yerdə bir hədis yadıma düşdü: Bir saat elmlə məşğul olmaq, altmış il ibadətdən üstündür.

Cahil insan hansısa məqsədlərlə dini istifadə edənlərin qurbanı ola bilər. Savadlı, dünyagörüşlü insan doğrunu yanlışdan seçir. Qadının hər şeydən öncə estetik geyinməsi, yerinə və zamanına uyğun görünməsi vacibdi. Hətta açıq geyimin belə, bir ölçüsü var.

 

Əsas odur ki, məkana və zamana uyğun geyinməyi bacaraq.

Əgər bir qadın açıq - saçıq geyimdə gündəlik həyatda çoxunun sadə və qapalı geyindiyi bir ortama gələrsə, hamının nəzər diqqəti onun üzərində cəmlənər. Eyni zamanda da hicablı bir qadın başdan ayağa qapalı geyinib çimərliyə gələrsə, çimərlik geyimində olanlar yaddan çıxar, diqqəti üzərinə çəkər.

 

Geyimdə əxlaq normaları  geyimin formasından çox hara, necə geyinib getməklə izah olunur. Hər halda insanın daxilini Yaradan bilər. Daxilin əxlaqlı deyilsə, xaricinin necə görünməsi, libas və tərz aldadıcıdı. Tanrı bu ayda təmiz niyyətləri qiymətləndirsin. Orucunuz qəbul olsun!