UŞAQ / BÖYÜK
Sağlamlıq - diqqət edin Tarix : 22 Noyabr 2020, 12:21

Müəyyən xəstəlikdən sağaldıqdan və ya antibiotik qəbul etdikdən sonra bədəndə olan zərərli maddələrin çıxarılmasını tezləşdirmək üçün ilk günlər qreypfrut, alkoqol, maya və şəkəri qəbul etmək lazım deyil.

"Report” xəbər verir ki, bunu dietoloq Anna İvaşkeviç deyib.

Onun sözlərinə görə, bəzi dərmanlar bağırsağın mikroflorasını poza bilər: "Bu məhsullar, ilk növbədə, antibiotiklərin orqanizm tərəfindən düzgün mənimsənilməsinə mane olur və ürəkbulanma, qarın ağrısı, hətta nizamsız ürək ritminə səbəb ola bilir.

Əgər antibiotiklə özünüzü həkim göstərişi olmadan müalicə etsəniz bu daha ağır nəticələrə, kandidoza səbəb ola bilər. Eyni zamanda şirniyyat və un məhsullarının istifadəsi xəstəliyi daha da ağırlaşdırar”.

O, qeyd edib ki, probiyotiklərlə zəngin qidalar həzmi yaxşılaşdırır və yan təsir riskini minimuma endirməyə kömək edir: "Turş kələmi yemək məsləhətdir. Bundan əlavə, enginar, spanaq, kəpəkli taxıl, təbii qatıq, kefir, meyvə və tərəvəz, cəfəri, Brüssel kələmi və dəniz ağtikanı giləmeyvəsi faydalıdır”.

 

 

 *****

 

Dietoloq Tutu Zeynalovaya görə karantin rejimində sağlam qidalanmaq istəyiriksə, gündə üç dəfə deyil, iki dəfə qidalana bilərik.
"Nəzərə alsaq ki, bu il karantin rejiminə təsadüf etdi və çoxumuz istər-istəməz yuxudan daha gec oyanırıq. Bu səbəbdən də tövsiyə edərdim ki, biz gecikmiş səhər yeməyi yeyiriksə, bir öyün daha az qidalanaq. Normalda səhər, günorta və axşam olmaqla gündə üç dəfə yeyirdiksə, karantin rejimində bunu səhər və axşam yeməyi şəklində edək".
Dietoloq onu da söylədi ki, karantin zamanı həm stresslə, həm də qida rejiminin pozulması ilə bağlı bir çox insanda çəki problemi yarandı. Bu da həmin şəxslərdə koronavirusdan ağırlaşma halları və yanaşı xəstəliklərin yaranma ehtimalını artırır. Həm çəkini nəzarətdə saxlamaq, həm də sağlam qidalanmaq üçün gecikmiş səhər yeməyini saat 10 - da etmək məsləhətdir:
"Səhər yeməyi həm protein və liflərlə, həm də faydalı yağlarla zəngin olmalıdır. Boşqabımızda nə qədər çox rəng varsa, bir o qədər orqanizm üçün faydalıdır. Protein qaynağı olaraq yumurtadan, süd məhsullarından (kəsmik, şor, süzmə, pendir), yağ olaraq avokado, zeytun, arabir təmiz nehrə yağından istifadə oluna bilər. Bu menyuya göyərtiləri də əlavə etmək olar. Biz bunu nə qədər balanslı şəkildə etsək, bir o qədər gec acarıq. Səhər yeməyindən sonra, təxmini saat 2-3 arası zəif bir ara yeməyi etmək olar. Bu zaman meyvə, çərəzlərlə çay və s.-dən istifadə etmək olar.

 

Həkim axşam yeməyini saat 6 - 7 arası qəbul etməyi, həmin gün üçün qidalanmanı bitirməyi tövsiyə edir:
"Axşam yeməyində boşqabımızı üç yerə bölürük. Bir hissəsində tərəvəzlər olur, 1/3 - də ət qrupunda yer alan qidalar, digərində isə karbohidratlarımız olur. Axşam yeməyinə şorba ilə başlayıb, daha sonra ət və salatlarla davam edə bilərik. Həftədə iki dəfə qırmızı ət, iki dəfə balıq, üç dəfə isə toyuq ətindən istifadə olunsa daha məqsədə uyğundur. Ət sevməyənlər isə digər protein tərkibli bitkiləri istifadə edə bilər".
Tutu xanım meyvə seçərkən diqqətli olmağı tövsiyə etdi, burada önəmli məqam qan-şəkəri sürətlə yüksəltməyənlərə üstünlük verməkdir. Eyni zamanda sayına da diqqət yetirmək lazımdır. Günə iki paydan atıq meyvə yemək tövsiyə olunmur:
" Eyni zamanda mütləq şəkildə orqanizmin su tələbatını ödəmək lazımdır. Burada söhbət sadə sudan gedir. Qazlı içkilər və meyvə şirələri bura aid deyil. Belə içkilərdən maksimum dərəcədə uzaq durmaq lazımdır".

 

 

qadinkimi.az