UŞAQ / BÖYÜK, HÜQUQLARIMIZ
Natəvan Abdulla yazır:Xeyirsiz övlad Tarix : 13 Dekabr 2021, 08:47

Adətən valideynlərin uşaqlarla bağlı ən böyük şikayətləri onların davranışlarındakı intizamsızlıq, valideyni anlamaq istəməməkləri ilə əlaqəli olur. Çox vaxt bu hal valideynlər tərəfindən tərbiyəsizlik, özbaşınalıq, özlərinə qarşı hörmətsizlik kimi qəbul edilsə də, əslində, intizamsızlıq hər bir insanın alışqanlıqlarına görə ortaya çıxır. Daha çox oğlan uşaqlarında müşahidə olunan bu xüsusiyyətin səbəbi, yəqin ki, valideynlərin onları daha sərbəst böyütməsi ilə əlaqəlidir. Sərbəst böyüdülən oğlan uşaqları müəyyən yaşdan sonra valideyn üçün problem mənbəyinə çevrilirlər. İnkişafa, biliyə ən çox uyğun olduqları gənclik yaşlarını süst keçirmək, dağınıqlıq, boş məşğuliyyətlərlə vaxt öldürmək, görüləsi işləri vaxtında və tam icra etməmək - hər biri uşaqlıqdan öyrənilmiş intizamsızlıq səbəbindən ortaya çıxan və yenə bu alışqanlığı gücləndirən davranışlardır. Bu halda valideynin yalnız bir çarəsi qalır: mən düzəldə bilmədimsə, bunu yalnız hərbi xidmət düzəldəcək.

Xidməti borcunu başa vurub evə qayıtdıqdan sonra da nizam-intizamı qoruya bilməyən gənci "düzəltmək" üçün valideyn bu dəfə də başqa çarə axtarır. Bu çarə də adətən əli çörək gətirməyən, öz məsuliyyətlərini dərk etməyən gəncin evləndirilməsidir. Valideynlər elə hesab edirlər ki, onların düzəldə bilmədiyini başqaları və başqa həyat şərtləri düzəldəcək. Bəlkə də, ölkəmizdə baş verən bir çox ailədaxili problemin mənbəyi də elə bu düşüncə tərzidir. Çox az adamlar öz əsərlərində, məhsullarında qüsur görəndə "mən harda səhvə yol vermişəm" deyə dayanıb düşünməyə vaxt ayırırlar. Övlad da adətən valideynlərin əsəri olaraq formalaşır.

Əvvəllər bir çox xüsusiyyət insanın xislətiylə, genetikasıyla əlaqələndirilər, tərbiyəsində qüsur olan oğlan uşaqları haqqında "dayısına çəkib" deyərək ümidi üzərdilər. Müasir psixologiya isə bu variantı demək olar ki, qəbul etmir. Hətta psixologiya elmi deyir ki, uşaqdakı hər davranış problemini genetik faktor adlandıraraq valideyn yalnız öz səhvlərini ört-basdır etməyə çalışır.

Hər bir valideyn övladının ərdəmləri ilə qürur duyur. Amma varlı olmağı uğur, boyun əyməyi hörmət, yaltaqlığı sevgi, əxlaqı da yalnız qadınların ətək boyuna görə təyin edən bütün insanlar həqiqi ərdəmdən məhrum olduqları kimi, onu övladlarına da ötürməyi bacarmırlar. Bəzən valideynlərin qeyri-adekvat gözləntilərinin övladları tərəfindən qarşılanmaması da onları "xeyirsiz övlad" sinfinə salır. Biz böyüklər olaraq əvvəlcə uşaqlardan gözləntilərimizi və bunların rasionallığını özümüz konkretləşdirməliyik. Uşaqlardan gözlədiyimiz davranışların nə qədəri həqiqi ərdəmlər qrupuna daxildir? Bəs həqiqətən ərdəmli olmaq nədir? 

İnsanları xoşbəxt edən ən mühüm amil onların əxlaqlı davranışlarıdır. İnsan özünə, ailəsinə və cəmiyyətə maddi və mənəvi mənada nə qədər faydalıdırsa, o dərəcədə hörmətli insan kimi qəbul edilə bilər. İnsan təkamülə tabe olan, illərlə, əsrlərlə formalaşan canlı olduğuna görə, təlim-tərbiyədən uzaq qalan hər bir insan öz ibtidai instinktləri ilə hərəkət etməyə daha çox meyilli olacaq. Buna görə də, əgər gənc bir fərddə xoş olmayan davranışlar müşahidə olunursa, bunun səbəbi genetik faktorlar yox, daha çox verilən tərbiyədəki boşluqlar ola bilər.

Bu baxımdan valideynlər övladlarında görmək istədikləri sağlam davranışları daha çox onların əqlini, düşüncələrini təlim-tərbiyə sisteminə, təhsilə cəlb edərək aşılaya bilərlər. Amma yaxşı xüsusiyyətlərin təkcə təhsillə formalaşmasına inanmaq da real yanaşma olmaz. Çünki insanın davranışlarına və vərdişlərinə hakim olan təkcə onun düşüncə şəkli deyil. Bunun həm də psixomotor, duyğusal inkişafla bağlı tərəfləri var.

Aydındır ki, bir davranışın meydana çıxması üçün əvvəlcə onu öyrənmək lazımdır. Bununla belə, öyrənməklə, bilməklə icra etmək eyni mənaya gəlmir. Məsələn, insanı insan edən faktorlar təkcə şüurlu olmaq, qanıb-qandırmaq bacarığı yox, həm də dünyəvi dəyərlərə sahib olmaqdır. Bunların nə olduğunu hər birimiz bilirik. Bəs hamımız bu dəyərlərə uyğun davranışlar sərgiləyirikmi? Tərbiyə prosesində də məsləhət vermək, nəyisə öyrətmək eynən bu qədər effektiv ola bilər. Bəs onda uşağın yaxşı davranışları mənimsəməsini və ərdəmli olmasını təmin etmək üçün nə etmək lazımdır? 

Bir davranış formasının insanın ərdəminə çevrilməsi üçün onu öyrənmək və bilmək kifayət deyil. O, mütləq şəkildə idrak süzgəcindən keçib orqanizm tərəfindən mənimsənilməlidir. Əgər fərdin şüurunda öyrənilmiş davranışla bağlı mənfi münasibət formalaşıbsa, bu davranışın mənimsənilməsi də çətinləşir. Burdan belə bir qənaətə gələ bilərik ki, müsbət vərdişləri mənimsəməsi üçün uşaqları döymək, təhqir səviyyəsində tənbeh etmək, "dayına oxşama" demək heç də effektiv üsullar deyil.

Gələk genetik dediyimiz, əslində isə bir çoxunun psixomotor funksiyalardakı pozuntulardan dolayı ortaya çıxdığı davranış problemləridir. Çox vaxt doğru davranışları mənimsəyə bilməməyin səbəbi fiziki-psixoloji problemlərlə bağlı olur. Bioloji olaraq müvafiq orqanların düzgün inkişafı, əzələ və sinirlərin, duyğularla dərketmə səviyyəsinin koordinasiyası demək olar ki, insanın bütün keyfiyyətlərini formalaşdırır. Daha aydın olması üçün çox bilinən bir mövzunu misal gətirə bilərik: iki əsrdir ki, qalxanvari vəzidə yaranan problemlər səbəbiylə insanların fərqli - əqli, psixoloji, dərketmə kimi problemlər yaşadıqları tibbə məlumdur. Hətta bir dönəm kino sənətində qatil obrazlarına məhz tiroid vəzinin düzgün işləməməsi ilə bağlı yaranan Haşimato xəstəliyindən əziyyət çəkən insanlar seçilirdi. Bu xəstəlik hormonal problemlərdən yaranıb, başqa hormonal problemlərin də ortaya çıxmasına səbəb olur. Beynin işləməyinə xidmət edən bəzi hormonların ifrazını ya azaldır, ya da qədərindən çox olmasına səbəb olur. Bu da insan davranışlarında, dərketməsində problemlərə səbəb olur, düşünmə qabiliyyətini zəiflədir və başqa bir sıra fiziki və psixoloji əlamətlərlə özünü göstərir. İki əsrdir müalicəsi tapılmayan bu problem əsasən bədəndə iyod çatışmazlığından, yaxud həddən artıq çox olmasından meydana gəlir. 
Bu, adətən genetik olur və insanın normal fərd kimi həyatını davam erdirməsi üçün ömür boyu müalicə alması lazım gəlir. Bütün dünyada və hər yaşda insanda rast gəlinən tiroid xəstəlikləri kimi, bir çox fiziki faktor da var ki, insanın davranışlarına, düşüncə qabiliyyətinə və psixologiyasına birbaşa təsir edir. Əgər biz övladımızda hansısa hormonal, dərketmə, sinir, ümumilikdə psixomotor inkişaf probleminin olub-olmadığını bilmiriksə, onu davranışlarına görə mühakimə etməyə haqqımız yoxdur. Başqa sözlə, arzu olunan davranışın mənimsənilməsi üçün insanın psixomotor səviyyədə həm lazımi enerjisinin, həm də fiziki hazırlıq və bacarıqlarının olması əsas şərtdir. Uşaqlarla bağlı, "Böyüyəndə özü başa düşəcək" - deyən insanlar əslində, bunu nəzərdə tuturlar. Necə ki, orqanları hələ lazımi yetkinliyə və fiziki qabiliyyətə çatmadığı üçün uşaq sürücülük bacarıqlarını mənimsəyə bilməz, eləcə də orqanizmi hormonal balası və ağıl-əzələ koordinasiyasını tam təmin edə bilməyən bir gənc intizam baxımından uğur əldə edə bilməyəcək. Bütün bunlar onu deməyə əsas verir ki, gənclərin davranışlarını, vərdişlərini və ümumi qabiliyyətlərini dəyərləndirən zaman onları mühakimə etmək səhv yanaşmadır. Bütün problemlərin görünən və görünməyən tərəfləri olur. Yaxşı vərdişlərin mənimsənilməsində də həm fiziki, həm psixoloji amillər demək olar ki, eyni dərəcədə rola sahibdir. Əgər insan sağlam fərd kimi yetişməkdə çətinlik çəkirsə, bunun fiziki səbəblərini araşdıraraq bəzi problemləri aradan qaldırmaq mümkündür. Məsələn, yuxarıda qeyd etdildiyi kimi, tiroid xəstəlikləri daha çox genetikdir. Amma müalicə prosesinə cəlb olunan fərddə onun əlamətləri azala, hətta yox ola bilər.

 

 

Natəvan Abdulla