Əri qadını bağlayıb uşaqlara İşgəncə verir
Bir yaxın rəfiqəm var: Əri itin biridir, qız iyirmi ildir ailəlidir, günü də it günü... Mən boşanandan sonra əri qıza mənimlə ünsiyyət qadağası qoydu ki, birdən o da boşanar. Bu heç, sözüm onda deyil...
Bir bacısı illərdir əri tərəfindən zülmə, şiddətə məruz qalır, vəhşicəsinə döyülür, günlərlə üz - gözü, bədəni göyərmiş halda olur. Ancaq valideynlər, qohumlar deyirlər ki, döz, boşanmaq olmaz, yaxşı qadın boşanmaz... Bu bacının əri illərdir narkotik istifadəçisidir, üstəlik on ilə yaxın həbsdə yatıb. Üç ildir azadlıqdadır və bu üç ilin az qala hər günü qadın və iki uşağı döyülür. Sonuncu dəfə bir - neçə gün əvvəl döyülüb, ata uşaqlarını da vəhşi kimi döyür, hazırda kiçikyaşlı oğluna qarşı hətta cinsi zorakılıq etdiyi şübhəsi var.
Kişi qadının qollarını bağlayıb, boynuna zəncir salıb həyətdə sürüyür, qaz turbasına bağlayıb çəkiçlə döyür, ev silmək üçün istifadə olunan döşəmə taxtasıyla vurulmaqdan baş partlaq-partlaqdır. Bir sözlə, normal insanın ağlına gəlməyəcək hər şeyi edir. Ananı bağlayır, gözləri qarşısında uşaqlara işgəncə verir. Sonuncu dəfə edilən işgəncələrdən sonra qızı anasına yalvarıb ki, bizi öldürür, kömək elə. Ana polisə zəng edib, nəhayət, polis gedib ananı iki uşağı ilə birgə ərinin evindən çıxarıb.
Qadın da gəlib bacısıgilə, ər də arxasınca gəlib döyüb aparmağa, öldürəcəyi ilə hədələyib. Bacanaqlar arasında dava düşüb, ortada bıçaq fırladıblar. İndi bu vəhşi deyir ki, arvad - uşağımı qaytarmasaz, polisə bıçaqlandığımı deyəcəm. Qız da uşaqları ilə rayona, anasının evinə qaçıb.
Ailə, yəni ağsaqqallar, ağbirçəklər qızı veriblər dayısına ki, apar Bakıya, qaytar ərinə. Qızın həyəcandan maşında ürəyi gedib, məcbur dayısının evinə aparıblar. İndi də nəsil birləşib əri gözləyir ki, qızı uşaqlarla birlikdə versinlər aparsın. Təsadüfən son olayları eşidib Qadın Sığınacağına zəng etdim ki, qadın kömək istəyir, uşaqlar atanın yanına getməyə qorxurlar, kömək edin. Ailə isə deyir olmaz, ərinə verəcəyik qızımızı, qoy abrımız getməsin.
Ortada ölümə sürüklənən bir qadın, iki uşaq, bir yanda da möhtərəm ailə dəyərləri...
Bax belə, ölkədə bu cür ailələr minlərlə, on minlərlədir.
Ölkədə qadına qarşı zorakılıq olmadığını deyənlər var eee, onların səmimiliyinə, insanlığına, mənliyinə, vicdanına inanmıram...
Mən bu cür mentalitetə, bu cür ailə dəyərlərinə, bu cür ailə modelinə "YOX" deyirəm...
Mən belə mentaliteti, belə ailə dəyərlərini, belə ailə modelini istəmirəm.
Röya Rəfili
qadinkimi.com