Rəsulun sevdiyi qıza yazdığı yeganə şeir
Tarix : 27 May 2020, 23:33 

Rəsulun
sevdiyi qıza-Kübra xanıma həsr etdiyi, bu günə qədər əlimizdə olan yeganə şeir
parçasıdı bu. Xatırladım ki, həmin şeiri mənə Kübra xanımın qızı Səmayə
xanım ailə arxivindən təqdim edib və həmin şeir də "Rəsul Rəsulzadəyə
məktub" kitabında çap edilib.
Yetişmiş bağımda əsir yarpaqlar,
Görünməz burada yaşıl irmaqlar.
Sevdiyim Günəşin ziyası batmış,
Oxuyan bülbüllər xəyala dalmış.
Vətənim yadıma düşdükcə birər,
Qəriblik görməmiş ürəyim titrər.
Məhəbbət andıran boşluqdur səhra,
Sanki gözlərimdə canlanır Kübra.
Həyatım büsbütün nura boyanır,
məhəbbət eşqilə yatmış hissim oyanır.
Sevinib gülərək mənə baxırsan,
məhəbbət oxunu mənə yaxırsan.
Cəzb eləyir məni qara gözlərin,
sinənə tökülmüş incə tellərin.
Nə gözəl yaranıb sənin əllərin,
dürlü kəlmələrin, gözəl sözlərin.
Bu yolda ya qismət, ya ölüm lazım,
Bu sözü oxuyur daima sazım.
Dayanmış olurkən əsdi ruzigar,
Rəsuldan sənə bir qəlbdi yadigar.
Üçrəngli bayrağımız ucalsın deyə üç övladını itirən və bütün əzizlərindən ayrı düşən Rəsulzadənin özü qədər doğmalarına olan sevgi də əbədi yaşayacaq. Bu sevgini milyonlar yaşadacaq. Mən o sevgini yaşadan milyonlardan biriyəm.
Əbədiyyətin mübarək, Rəsul!
Nəcibə Bağırzadə
M.Ə. Rəsulzadə irsinin tədqiqatçısı,yazıçı, jurnalist.
qadinkimi.com.