Neçə vaxtdı bir qadını araşdırıram. Dünya mətbuatı isə onun ərindən danışır. İlon Maskın özünü “Starter wife – start həyat yoldaşı” adlandıran birinci arvadı Castin yazıçıdı. İndi onun yazıçılığı daha çox bloq qeydləri ilə, sıxıntılardan çıxmaq üzərinə yazılan qısa mətnlərlə məhdudlaşsa da, İlonla Universitetdə oxuduğu və onunla görüşdüyü vaxtlarda Castin kitab yazır, bir gün hər kəsin tanıyacağı fantast olmağı arzulayırdı. İlon Mask onu bir az bohem həyat tərzinə, bir az da düşüncəsi ilə dünyanı fəth etmək ambisiyasına və güclü məntiqinə görə sevib. Castin keçmiş ərinin ona baxıb “səndə özümü görürəm” dediyini xatırlayır. Tanışlıqlarının ilk günlərində ona birlikdə getdikləri kitabxanadan istədiyi qədər kitab almaq üçün kredit kartını verən İlon gələcək həyat yoldaşının ağlına aşiq idi. Bir müddət birlikdə yaşayandan sonra diz çökərək Castinə evlənmə təklifi edən gələcək milyarder toy günündə sevgilisinin qulağına “bu münasibətdə alfa mənəm” deyir. Bununla, sərhəd qoyur, “mənim ağlımın üzərindən yaşayacayıq” mesajını ötürür. Castin İlonla birgə yaşadığı illərdə onun toy günündə dediyi sözləri doğru çıxartdığını yazır. İlon toy günü “hökmran mənəm” məntiqi ilə dediyi sözlərlə zarafat etmirmiş. O, amerikan əsilli olsa da, uşaqlığını keçirdiyi Cənubi Afrikada patriarxal, brutal xatakterə uyğun şəkildə böyümüşdü. Anası ilə ayrılandan sonra atasına acıdığı üçün onunla yaşamağı seçən İlon “atam mənə fiziki yox, emosional zorakılıq” edirdi deyir. İlon uzun müddət “o, hər şeyi bərbad etməyi çox yaxşı bacarır” deməklə övladlarını atası ilə görüşməyə qoymadı.
Castinlə İlon hələ evliliklərinin ilk illərindən başlayaraq bahalı məclislərə gedir, məşhurlarla vaxt keçirir, dəbdəbəli həyat sürürdülər. İlk övladları doğuşdan iki həftə sonra ölən cütlük bu itkinin ağrısına uzun müddət ağlamır. Castinin sözlərinə görə, buna İlon imkan vermir. O, nəinki öz acısını göstərmir, arvadından da bunu gizlətməyi tələb edir. Castin yalnız növbəti uşaqları doğulandan sonra dayəsinin tövsiyəsi ilə vaxtilə yaşadığı ağrının öhdəsindən gəlmək üçün psixoloqa müraciət edir. Beş uşaq isə cəmi iki doğuş nəticəsində dünyaya gəlir. İlk doğuşda əkiz, ikincisində üçəm oğlan uşağı doğulur. Castin ərinin necə ata olmasından yazmır heç yerdə. Onu qayğıkeş ata saya bilərik amma. O, sırf uşaqları üçün məktəb açıb. Bu məktəbdə cəmi 20-25 uşaq oxuyur. Siniflər, yaş bölgüsü yoxdu bu məktəbdə. İlon dünyada mövcud olan təhsil sistemini doğru saymır və övladlarının yaratdığı məktəbə həvəslə gedib-gəldiklərini bildirir.
Altı illik evliliklərinin və sevgilik dönəmlərinin maraqlı məqamlarını məqaləsində bölüşən Castin ərinin qadın gücünü aşağılamasından, onunla işçisi kimi davranmasından bəhs edir. “Mənim səhvlərim mikroskop altında nəzərdən keçirilirdi. “Mən ona “sənin işçin yox, həyat yoldaşınam” deyəndə: “işçim olsaydın, səni qovardım” cavabını alırdım” cümlələrini yazır Castin. Məni ən çox üzən məqam qadının İlonla tanışlıq dövründə əsmər olması, sonra isə ərinin təkidi ilə sarışına çevrilməsidir. Düşünün, yaşayan dahi, təkcə Yerlə deyil, o biri dünyalarla da uğraşan kişi belə, qadın ağlının qarşısında rahatsızlıq duyur.
İlon ağlına aşiq olub evləndiyi yazıçı qadını onun istəyini nəzərə almadan ağılsız sarışına çevirmək istəyirdi. Castin keçmiş ərinin onun fantastik ideyalarından yararlandığını yazmır. Məncə, təvəzökarlıq edir. İlon isə bunu etiraf edəcək qədər böyük deyil. Səbəb uşaqlıq zədələri, özgüvənini çoxaltmaq üçün ətrafdakılardan yuxarıda durmaq istəyi ola bilər. Uşaq vaxtı oxuduğu sinifdə yaşca hamıdan balaca olan İlon çox oxumaqla hamını üstələyirdi, bu da başqalarını qıcıqlandırırdı, hətta bir dəfə onu elə döymüşdülər ki, burnu sınmışdı.
Castin çətin adamın həyat yoldaşı idi. Bu adam yerlə deyil, göylə əlləşirdi. Və göylə gedən adam qadınla əməkdaşlıq etmək istəmirdi. Castin isə ambisiyalarını kənara qoyub yalnız uşaq böyüdən, həyat yoldaşı tərəfindən duyulmayan, məclislərdə kişilərin aksessuarı kimi gəzən uzunayaqlı sarışın olmaq istəmirdi.
Castinin təklifi ilə ailə danışmanına gedən cütlük çətinliyin öhdəsindən gələ bilmədi, “mən bu durumdan razıyam, sən ya bunu qəbul elə, ya da bitsin” deyən İlon yoldaşının təkcə fiziki deyil, ruhi birgəlik arzusunu gerçəkləşdirmədiyi üçün boşanma davası açdı. Səhəri gün o, yoldaşının kredit kartını bağlatdırdı. Bundan sonra isə dostu boşanma üzüntüsünü azaltmaq üçün onu Londona apardı. Londonda İlon aztanınan aktrisa ilə tanış oldu və bir müddət sonra cütlük evlənmək qərarı aldı. Mətbuat məhz britaniyalı aktrisa üzündən ailəsini dağıtdı yazsa da, ikinci həyat yoldaşı Talula Rali onu arvadı ilə boşanandan sonra tanıdığını açıqladı. “O, arıqlamış, olduqca üzülmüş, ruh kimi gəzən adam idi.” – Talula belə deyirdi.
Castin boşanmadan sonra mətbuata çıxardığı məktubunda İlonun ayrılmaq qərarını təəccüb və qəribə yüngüllük hissi ilə öyrəndiyini yazır. Ərinin sevgilisini düşmən kimi deyil, dost kimi qarşılayan Castin ona yazaraq “mən bir tərəfin yaxşı, o biri tərəfin pis olduğu amerikan versiyasından çox fransız filmlərindəki kimi, qadınların rəfiqə olduğu, filosofların bu mövzuda baş sındırdığı şəkildə münasibətin tərəfdarıyam” bildirir. Castin özünü “Start həyat yoldaşı” adlandırır və növbəti qadının cavan, xoş, keçmiş ərinin həyatına daha uyğun olduğunu qeyd edir. Castinin açıq məktubu ironik cümlələrlə bitir: “əvvəllər əsmər olsa da, indi Talula məndən də sarışındı.”
İlon Maskdan öncə başqa planetlərə ayaq açmaq istəyini gerçəkləşdirmək üzərində ancaq dövlətlər işləyirdi. İlon dünyanın ilk adamıdı ki, yaratdığı özəl şirkətlər vasitəsilə göyə çıxmağa can atır. Başqa planetlərə gedə, orda yaşaya bilmək dövlətlərə müxtəlif səbəblərdən lazımdı. Özgə planetlərin kəşfi yeni torpaqların ələ keçirilməsi üçün gərəkdi. Amerikanın kəşfi kimi, məsələn. Dövlətlər Yer hansısa səbəbdən dağılsa, daha təhlükəsiz məkana köçmək imkanı yaratmaq üçün də çalışırlar. Səbəblərdən birini kainatda tək olmaq istəməməyimizlə bağlayırlar. Bu boyda evrəndə tək olmaq vahiməlidi.
İlon Mask ikinci həyat yoldaşından da ayrıldı, üçüncü dəfə yenidən onunla ailə qurdu, amma tezliklə onlar birdəfəlik boşandılar. İlon bir müddət çətin xarakterli aktrisa Ember Herdlə sevgili olsa da, bir ildən sonra ayrıldıqlarını və çox üzüldüyünü elan etdi. Haşiyəyə çıxım, kişilər Ember Herdi çox bəyənirlər. Qeyri-adiliyi var, əlbəttə. Bədəninə Ömər Xəyyamın bir misrasını döydürüb, məsələn. Aktrisadan ayrılandan sonra göz yaşlarını saxlaya bilməyən İlon: “mən təkliyə nifrət edirəm. Uşaqlıqdan bəri tək qalmaqdan qorxuram. Mən xoşbəxtliyi birlikdə olmaqda görürəm. Ömrümün sonuna kimi ayrılığın olmadığı birlikdəlik yaşamaq istəyirəm.” dedi jurnalistlərə.
Castin İlonu yaxşı tanıyırdı. Ona görə özünə “start həyat yoldaşı” adını verdi, keçmiş ərinin bir neçə partnyor dəyişəcəyini doğru təxmin etdi. İlon bu dünyada rahatlıq tapmayan, o biri dünyalara baş vuran adamdı. Təkliyi sevmir, tənhalıqdan əziyyət çəkir, qadın ağlını hesaba almaq istəmir. Castin də rahat qadın deyil. Mənəvi sıxıntılarının, axtarışlarının olduğu bəllidir. Lakin ambisiyalarına rəğmən, həyatla barışmaq istəyir. Yoqa ilə məşğul olur, dediyinə görə dayanmadan kitab oxuyur, əsərlər, obrazlar üzərində düşünür, çətinliklərinin öhdəsindən psixoloqların, insanların köməkliyi ilə gəlmək istəyir. Kənardan baxanda İlon qalib, Castin məğlub görünür. Keçmiş ər Marsa raket uçurub, boşanmış qadın isə dünyanın tanıdığı yazıçı deyil. Beş uşağı ilə birgə yaşayır, bloqunda xırda-para yazıları ilə görünür. Lakin Castin daha məmnundu. Nə özü ilə, nə də dünya ilə savaşır. Daha müdrik, daha hüzurlu duruşu var mənə görə. Azadlığından və düşüncələri ilə məşğul olmaqdan həzz alır. Kim bilir, bəlkə, qalibiyyət elə budu?.. Bəlkə, doğrudan da, xoşbəxtlik elə bu dünyada axtarılmalıdı? Bəlkə, heç Marsa getməyə gərək yoxdu?..