UŞAQ / BÖYÜK
Qızlar, oğlanlar və xeylaqları - Gülnara Mehdiyeva Tarix : 08 İyul 2018, 16:11

Atam düşünürdü ki, qız xeylağı atlanıb-düşməməlidir. Odur ki, məktəbdə məni bədən tərbiyəsi fənnindən kənarlaşdırmışdı. Ürək xəstəliyi haqqında saxta tibbi arayış alıb bu dərsdən azad olunmuşdum. Oxuduğum 11 il ərzində bir dəfə də olsun, idman formam olmadı. Uşaqlar hamısı əynini dəyişib qaçanda, yarışanda illərlə kənarda tək oturub onları izləyirdim. Özümü tənha ala qarğa kimi hiss edirdim.

Qız xeylağını çölə, özü də nəzarətsiz buraxmaq olmazdı. Odur ki, nə məktəbdə, nə də universitet illərində kollektiv gedilən səfərlərin heç birində iştirak etmədim. Dostlarımın gözəl xatirələrini yalnız onların təsvirlərindən dinləyib gözümdə canlandırmağa çalışdım. Bu cür tədbirlərə məndən başqa da gedə bilməyənlər olanda çox sevinərdim.

20 yaşlı oğlan dostum var. Tanıdığım yeganə oğlandır ki, gülərkən əlləri ilə ağzını örtür. Bir gün özünə dedim. Danışdı ki, hələ uşaq vaxtından atası oğlan xeylağının çox gülməməli olduğuna dair onu tənbehləyibmiş. Oğlan xeylağına gülmək ayıb imiş. Bu vərdiş də elə ondan qalır. Gülərkən "ayıbını” örtmək. 

Dayım oğlu iki oğlan övladını kəmərlə döyür. Sidq ürəklə inanır ki, başqa üsulla onların öhdəsindən gəlmək mümkün deyil. Çünki oğlan xeylaqlarıdır.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hamı uşaq şəkilləri paylaşırdı. Paylaşmağa şəkillərimiz çoxdur. Xatirələrimiz necə?





Müəllif: Gülnara Mehdiyeva

Qadinkimi.com