Bu məktuba Pəncərə/ფანჯარა adlı bir səhifədə rastladıq. Maraqlı olduğu üçün oxucularımızla oaylaşmaq istədik.
QIZIMA MƏKTUB
Sevimli qızım, bunu sənə ananla evlənməzdən illər öncə yazıram, ancaq sən lap ürəyimdəsən.
Bu məktubu sənə yazmama səbəb mənim tələbə olduğum vaxt aktual olan problemlər və böyüdüyündə bu problemlərdən xəbər tutmağın, onlarla üz - üzə qalma ehtimalının olmasıdır, amma atan və atan kimi onlarla insan əlindən gəldiyincə çalışacaq ki, gələcəkdə sən və başqa minlərlə doğulmamış qız eyni aqibəti yaşamasın və siz parlaq bir gələcəyə sahib olasınız.
Əziz balam, bunu yazdığım günlərdə sənin kimi qız uşaqlarına 14 yaşdan elçi düşürlər, uşaq olduqlarını və ya gələcək məqsədlərini nəzərə almırlar. Halbuki o yaşda qızlar məktəbə getməli, kitablar oxumalı, gələcək peşələrini seçməlidirlər. Özləri ilə bağlı arzularla yaşamalıdırlar.
Amma yox, qızım, elə valideynlər var ki, buna imkan vermir, əksinə onlara gəlinlik geyindirərək, həyatlarının necə məhv olmasını izləyirlər.
Sən qorxma,atan hər zaman yanında olacaq. İndi məktubumun əsas məqsədinə gəldim, ilk növbədə istəyirəm təhsilin olsun.
Unutma ki, yanında sənin təhsil almanı istəyən valideynlərin olacaq. Təhsil aldıqdan sonra qarşına yeni və tam fərqli bir həyatın açıldığını görəcəksən, özünə yeni istiqamət verə biləcəksən və ən əsası ətrafındakı haqsızlığa, ədalətsizliyə susmayacaqsan.
Şübhəsiz bir müddət sonra evlənəcəksən, amma nə erkən yaşda, nə də ailə zorakılığıyla. Təbii ki, öz qərarın və sağlam düşüncənlə. Sevginlə, seçiminlə.
Sənə bunu söyləmək istəyirəm ki, sənin təhsil alman tək məni və ananı sevindirməyəcək, həm də gələcəkdə quracağın ailənin sağlam bir şəkildə inkişafını təmin edəcək. Bu yazdıqlarımı anlayacağına əminəm. Qızım sən və bütün qızlar təhsil almalıdır və bilməlidirlər ki, təhsilli insan nəinki özünü, hətta cəmiyyəti də dəyişər. O zaman sən və ətrafındaki insanlar xoşbəxt olar.
Səid Hüseyn
qadinkimi.com