YAZI / DÜŞÜNCƏ
Qırmızı qalstukun sonu - Aysel Əlizadə yazır Tarix : 19 Yanvar 2020, 14:20
Yazar : Aysel Əlizadə
Uşaqlığımda bircə dəfə bütün gecəni evdə tək qalmışam. 1990-cı il yanvarın 19-u. İndi fikirləşirəm, görən özüm qızımı evdə tək qoyub, vətən üçün ölümə gedərəmmi?..  

                                                                       * * *

Anamı tank qabağından dostları qurtarıb. Rus əsgəri silahı tuşlayıb, anam da "vur” deyib. Bu məqamda dostları atılıb üstünə, sürüyüblər kənara... 
Bakı əhli ayaqdaydı. Nə yatırdı, nə yeyirdi, nə dincəlirdi. Xalam elə həmin il Etibarı doğdu. Məmmədovun şərəfinə adını Etibar qoydular. Nənəm "Etibar Məmmədovu həbsdən buraxsalar, ayaqyalın gedəcəm evlərinə” deyib niyyət etmişdi. İdealları vardı, hədəfləri vardı, qəhrəmanları vardı adamların. 
Mən belə qadınların içində böyümüşəm. İndi onlardan hansısa "çox sərt yazma, incidərlər səni” deyəndə dəhşətə gəlirəm. Onların sözündən yox, başqa şeydən. "Siz qosqoca imperiya ilə döyüşürdüz. Yəni sizin döyüşdüyünüz sovet rejimindən də qorxulu rejimdə yaşayırıq biz?" Bunu düşünüb dəhşətə gəlirəm.
Bəlkə öyrəşmişik, bilmirəm. Hər nədisə...

                                                                      * *

Səhər anam gəldi...Vurnuxdu, dartındı evin içində, sonra da: "geyin, xalagilə gedək" dedi. 
Dinməzcə geyindim, evdən çıxdıq. Yasamaldan mikrorayona ayaqla getdik. Yolboyu hər yerdə qan izi, ayaqqabı tayları, gödəkçələr, nə olduğu bilinməyən əşyalar, insan dəstələri, tibb maşınları. Savaş sonrası darmadağın bir mənzərə. Heç nə soruşmurdum. Anam bu mənzərəyə donuq-donuq baxaraq yanımca gedirdi. Bəlkə də, mən onun yanıyca gedirdim. Xalamgilə çatdıq. Anam halsızca əlini qaldırıb qapını ağır-ağır döydü. Bacısı açdı və ...beş-on saniyə baxışıb, bir-birinə sarılaraq hönkürdülər... 
Məktəb başladı. Pioner idik. Qırmızı qalstuku taxmadan getdim dərsə. Məktəbimizdə ilk qalstukunu atan şagird oldum. Uşaqları başıma yığıb agitasiya apardım: "Bizim şəninə qırmızı qalstuk taxdığımız ordu insanlarımızı qırıb. Paytaxtımıza soxulub”. Hamı qalstukunu çıxardı. Bu dəm sinif rəhbərimiz içəri girdi. "Hanı qalstuklarınız?" Sükut çökdü...Əvvəldən anamın yazı makinasında hazırladığım məktubu ona uzatdım. Orada sinif yoldaşlarıma dediyim izahı ətraflı yazmışdım. Sinif rəhbərimiz məktubu oxudu, əsəbləşərək qalstukları taxmağı əmr etdi. Hamı taxdı. Məndən başqa. Ona həmin qalstukun yasaqlanacağını dedim...

                                                                      * * *

Bizim uşaqlığımız insanların meydanlara axını, Qarabağın işğal xəbərləri, müstəqillik tələbləri qasırğasında çırpınan cəmiyyətdə keçdi. Elə qızımla eyni yaşda olardım bütün bunları dərk edəndə. İndi baxıram dünən də mitinq olub, yenə də "Azadlıq” şüarları eşidilir.  Yenə problemlər, Qarabağın işğalı, Rusiya...
Təsəlli bircə paytaxtın ortasında ucalan o bayraqdı. Çoxuna gözdağı olan bayrağımız.  Mutlu ölkə uzun-uzun illər boyu verilən çabalar, qurbanlar bahasına qurulur. Biz də bu çaba və qurbanlarla davam edirik. Qızım hər dəfə milli faciə günlərində mənə həmin günlərlə bağlı saysız sual yağdırır. Xocalı soyqırımı necə olub, niyə ermənilərdən torpaqlarımızı geri almırıq, Şuşa yüksəklikdədisə, oranı necə tutublar? Nə zaman Qarabağı geri alacağıq? Qüruruna toxunur. Mən görürəm, torpağının işğalı qızımın ciddi şəkildə qüruruna toxunur. Heç cür sinirə bilmir və saysız-hesabsız siyasi suallar verir. Bu gün axşam yenə siyasət damarı tutdu. O dönəmki parlament çıxışlarını tapıb izlədi, Heydər Əliyevin adını axtarışa verib danışdıqlarına diqqətlə qulaq asdı, başqa çıxışlara da baxdı; özü - mənim müdaxiləm olmadan. Sonra  soruşdu:  "Xocalı soyqırımı ilə 20 Yanvar hadisələrinin fərqi nədi? Hər ikisində də insanları qırıblar, şəhidlərimiz olub...” 
Məntiqlidi. Gələcək nəsil artıq bizdən hesab sormağa başlayıb. Baxmayaraq ki, biz özümüzdən əvvəlki nəsildən heç nə soruşmadıq... Onlar da bütün gəncliyimiz boyu "indiki gənclik, indiki gənclik” deyə-deyə tənqid etdilər bizi utanmadan. Bu ölkədə gələcək nəsil qarşısında məsuliyyət hiss edilmir, problem budu. Qızımın qürurunu toxtadacaq bir cavab aradım həmin an, mexaniki olaraq "Bakını vermədik” dedim... Baxdı, baxdı, əlini qaldırıb: "Afərin” - dedi sevincək. "Hə, - dedim, - qızım, insanlar ölümə getdi vətən üçün, Azərbaycan müstəqil oldu ondan sonra".  "Müstəqil nədi?"  "Müstəqil -  azad deməkdi"(dilimizdə gözəl qarşılığı da var, türkiyəlilər işlədir – bağ-ım-sız, bağ-lı olmayan). "Azad” sözü xoşuna gəldi. Doqquz yaşı var və azadlığın nə olduğunu çox yaxşı bilir. "Biz gərək həmişə azad olaq, ana”. Birdən nəfəsini saxladı, gözlərini geniş açdı və: "Qarabağı da azad edək” dedi...
 

 
AYSEL ƏLİZADƏ 
qadinkimi.com