FEMİNİZM
Qadınların feminizm qorxusu - Günel Dəniz yazır Tarix : 22 Aprel 2022, 16:16
Yazar : Günel Dəniz


 

"Feminizmi seçmisiz bəs kişilərin qəzəbindən qorxmursuz?”, "Günel xanım doğrudanmı siz kişi düşmənisiz?” "Bunun üçünmü ailə qurmursuz?” "Nədi axı feminizm, bizə də bir izah edin” deyə ünvanıma o qədər suallar yağır ki... 


 

Əvvəla bunu izah etməyi özümə borc bildim. Feministlər kişi düşməni deyil. Feminizm ta qədimdən seksist (cinsiyyətçi) düşüncənin haradan gəldiyini, necə işlədiyini, bu düşüncənin öhdəsindən necə gəlməli olduğumuzu və eyni zamanda necə dəyişdirə biləcəyimizi həm qadınlara, həm də kişilərə izah etməyə çalışan bir düşüncə və hərəkat formasıdı. Və bu cərəyanın kökündə qətiyyən kişi düşmənçiliyi və ya kişiyə nifrət dayanmır. Əksinə kişi, qadın kateqoriyasına bölmədən hər kəsin yan-yana birlik və bərabərlik içində dayana bilməsi üçün bir ədalət platforması yaratma mücadiləsidi.

 

Sosioloq, yazar Cheris Kramarae-nin verdiyi təriflə desək, qadının da "insan” olduğunu izah edən bir radikal qavramdı feminizm. Əsas məqsədi isə qadını "susma”sferasından çıxarmaqdı. 

 


 

Daha açıq desək, feminizmin əsas qayəsi qadının hür və azad yaşaya bilməsidi. Sadəcə qadın olduğun üçün aşağılandığın, əzildiyin, aldığın qərarlara hörmət edilməyən, hüquqlarını tapdayan, sosial mühitdən izolyasiya olunman gərəkdiyi düşünülən, söz haqqını tanımayan, xor görən, cinsi, sinfi, qlobal - hər növ istismar edən sistemlə mübarizədi feminizm.

 

Uşaqlığımızdan bəri azmı eşidirik bu sözləri "bu sən bacaran iş deyil, qızsan otur qız yerində”, "gülmə, qızlar ağır oturar, batman gələr”, "elə danışma, belə geyinmə", "düz otur”, "qız bu vaxt evə gəlməz”,...və s., və i.a... "Qızsan”, "qadınsan” deyə-deyə qadının bütün hürriyəti əlindən alınıb zaman-zaman... Təəssüf ki, belə düşünən tək kişilər deyil. 

 


 

Bir çox qadınla feminizmlə bağlı nəsə danışdığım zaman çox vaxt bu cümlələrlə qarşılaşıram: "Allah eləməsin, feminist zad deyiləm” və ya "Aa yoox, o qədər də deyil, mən hara feminizm hara?”... Bu cümlələri eşitdiyim zaman elə bil "başımdan qaynar sular tökülür”...

 

Niyə qadınlarımız feminizmdən bu qədər qorxur? 

 


 

"Atam anama illərdi zülm verir”, "müdürüm təcavüz edir”, "ərim döyür”, "qardaşım oxumağa, işləməyə qoymur”, "eyni işdə işləyirik, o sırf oğlandı deyə məndən çox pul alır” kimi saya hesaba gəlməyən bir çox şikayətlər edən qadınların çoxu bunun cinsi ayrı-seçkilik olduğunu bilmir.

 

 

Feminizm qadını düşünməyə, hüquqlarını bilməyə, qorumağa və həyatında heç olmasa bir dəfə özü üçün bir şey etməyə çağırır. 


 

Həmcinslərimin feminizmə qarşı olmaları məni dəhşətə gətirir. Feminizmi kişi düşməni və ya lesbiyanlıq olaraq görən düşüncəni bir tərəfə qoyaq, bir qadın...öz haqlarının müdafiə edildiyini görə bilməyən bir qadın necə özünə "qadın” deyə bilir? "Niyə işləyim ki? Ərim işləsin mən də yeyim” təfəkkürlü qadınlardan heç danışmıram. İşləsin, sən də ye, amma bu sənin öz seçimin olmalıdı, məcburiyyət yox. Belə düşünən sonradan ailəsi dağılan, ərini hansısa səbəbdən itirən işsiz-gücsüz çarəsiz qalan qadın hədsiz çoxdu və feminizmi bu narahat edir.

 

Əynimizə geyib forsla gəzdiyimiz şalvar belə feminizm mücadiləsi sayəsində qazanılıb. 

 


 

Məlumat üçün: Qadın haqları aktivisti Amelia Bloomer - qısa ətəyin altına soyadını daşıdığı "bloomer” şalvarı geyinərək Avropa qadınına sərbəst hərəkət etmə özgürlüyü bəxş edib...Qadının şalvar geyməsinə qarşı çıxan bir toplum içində ilk dəfə şalvar geyinən qadın haqları müdafiəçisi Elizabeth Smith Miller də, şalvarı ətəksiz geyinən parisli heykəltəraş Sarah Bernhardt... siyahini çox uzada bilərəm, özlərindən sonrakı qadınlara yol açıblar.

 

Bir qadının həmcinslərinin haqqını qoruması, qarşı cinslə bərabər hüquqlu olduğunu vurğulaması, əzilməsinə, təhqir olunmasına, heçə sayılmasına təpki göstərməsi, azadlığını vurğulaması ayıb deyil, bunu ayıb bir şeymiş kimi gündəmə gətirməkdi ayıb. 


 

Uşaq haqlarını müdafiə edərkən məgər biz yetkin insanlara, yaşlılara nifrətmi edirik? Və ya heyvan haqlarını qoruyarkən insanlara nifrətmi edirik? Bəs niyə qadın haqlarını müdafiə etmək kişiyə nifrət olaraq başa düşülür?!. Bir kişi öz həmcinsini müdafiə etdiyi zaman adı "kişi həmrəyliyi” olursa, bir qadın bunu edəndə niyə adı "lesbiyanlıq” olur?!

 


 

O ki qaldı feminizm adı altında yeridilən "kişi düşmənçiliyi”nə... antik yunan mədəniyyətindən dövrümüzə qədər "kişi düşmənçiliyi” mövcuddur. Misandry və ya Androfobiya kişilərdən qorxma, nifrət etmə anlamına gəlir və feminizmlə yaxından uzaqdan əlaqəsi yoxdu. 

 


 

Tarix boyu belə olub, feminizmin ən önəmli isimləri, baniləri başda Simone de Beauvoir olmaqla heç biri kişi düşməni olmayıb.

 

Sonda bir şeyi də deməsəm olmaz. Kişilərin idarə etdiyi dünyamız da göz qabağındadı. Patriarxal sistemin zərər vermədiyi bir həyat qalmayıb demək olar ki. Müharibələr, tökülən qanlar, axan gözyaşları, barbarlıqlar, vəhşiliklər, baş verən faciələr məhz kişi təfəkkürünün məhsuludur. Dünya yüksəlsə yalnız qadınların çiynindən yüksələcək. Nə zaman matriarxal bir sistem qurulsa o zaman həm kişilər, həm də qadınlar rahat nəfəs alacaq.

 

 

 

 

Necə deyirdi uca Mövlana; Qadın - Haqqın nurudur... Nurunu söndürüb gələcəyini zülmətə qərq etmə. 

 


Günel Dəniz

Qadinkimi üçün