QADIN / KİŞİ
Ailədə oğlanlarla qızlar ayrı-ayrı adalarda yaşayır - Ramazan Əsgərli yazır Tarix : 15 Aprel 2021, 14:07
Kişi və qadın bərabərliyi oğlan və qızların ailədə tərbiyəsinə bağlıdır. Qadınlara   qarşı   önyarğı,   onlara   sistematik   zülm olunması   tarixin   açıq-aşkar   və   faciəvi   bir   faktıdır. Cəmiyyətin   dar   bir   sferasına   qapadılaraq,   təhsil   və digər haqları tanınmayaraq, zorakılığa və insana layiq olmayan münasibətə məruz qalaraq qadınların tarixən öz potensiallarını açmaq imkanları olmamışdır. Əsrlərlə sürən, mədəniyyətə hopan, şüura və şüuraltına yeriyən bu tabeçilik modeli mədəniyyətdə, ədəbiyyatda və hətta keçmişin qanunlarında da əks olunmuşdur və bu gün də   həyatın   hər   bir  sahəsində   özünü   göstərir.   Bu   bizim   sosial   həyatımızın   bütün sahələrində bəzən şüuraltı olaraq münasibət və hərəkətlərimizi diktə edir. Yalnız bunun fərqində olmaqla nəyisə dəyişə bilərik. Yeri gəlmişkən, belə bir gözəl fikir var ki, həyatda hər şey dəyişir və dəyişməlidir də, dəyişməyən şey dəyişməyin zərurətidir. 

İnsan bir sosial varlıqdır və onun əqli, emosional və ruhani inkişafı, yəni DƏYİŞMƏSİ sosiallaşma prosesi daxilində baş  verir. Bu elə bir geniş və  mürəkkəb prosesdir ki, şəxsiyyətin bütün həyatı boyu verdiyi qərarlara öz təsirini göstərir. Uşaq yaşca nə qədər balacadırsa, onun problemləri onundur, böyüdükcə onun problemləri valideynlərin olur, yəni valideynlər və digər ailə üzvləri uşağa "problem yaradırlar”. Uşaq çox erkən, bəlkə 5-6 yaşına qədər özünü oxşatma, ya nümunə götürmə ilə özünü formalaşdırdığından onun   ətrafındakı   insanların   davranışı   fövqəladə   əhəmiyyət   daşıyır.   Bu   mənada sosiallaşmanın   müxtəlif   mərhələlərində   adaptasiya   prosesinin   uğurlu   olması   həmin fərdin   o   bənzətmə,   ya   nümunə   götürmə   prosesini  necə   keçməsindən   asılıdır.   Bu deyilənlərin kontekstində ailədə qadına münasibət də oğlan uşaqlarının münasibətlərini formalaşdırır və qızlar isə onlara göstərilən münasibəti "normal” qəbul edirlər. Çünki onlar "belə görmüşlər. 

Qadın və kişilərin bərabərliyi onların funksional fərqlərini danmır, əksinə, onların evdə və cəmiyyətdəki bir-birlərinin tamamlayıcı rollarını təsdiq edir. Bu mövzuda danışarkən, biz ilk öncə ailə daxilində qız və oğlanlara olan münasibətlərdən başlamalıyıq. Çünki bu cür bərabərlik danılanda dünya əhalisinin və yaxud da ölkə əhalisinin təxminən yarısına qarşı ədalətsizlik edilir və bu, kişilərdə zərərli münasibət və vərdişlərin inkişafına səbəb olur, bu münasibətlər isə ailədən iş yerinə, siyasi sferaya və son nəticədə beynəlxalq müstəviyə daşınır. Ailə modeli daha çox patriarxal olduqda, bu bərabərlik çətin olur. Belə gözəl bir deyim var ki, qadın və kişi quşun iki qanadıdırlar, əgər bir qanad zəif olarsa, quş uça bilməz. 

Doğrudan da, bir insanın öz potensialını açması üçün, obrazlı desək, həyat quşunun ən yüksək zirvələri fəth edə bilməsi üçün onun hər iki qanadı güclü olmalıdır. Bərabərliyin əleyhdarları belə bir fikir irəli sürə bilərlər ki, bu bərabərlik ailədaxili münaqişələrə gətirib çıxara bilər, sonda isə sosial qeyri-stabillik yaradar. Feminizmi buna misal gətirə bilərlər. Dərhal   deyək   ki,   söhbət   ifratlardan   getmir. Anlamaq lazımdır ki, bu da qadınlara edilən tarixi zülmün nəticəsidir.

Ya da deyərlər ki, bu bərabərlik ailənin təbii "yapısına” ziddir, bu qadınların asanlıqla ailəni dağıtmalar;na səbəb olacaq, hələ tutarlı bir spekulyasiya `dəlili` də gətirəcəklər ki, belə   halda   uşaqlar   hansı   mühitdə   böyüyəcəklər.   Mən   bu   fikri   dəfələrlə   bizim azərbaycanlı ziyalılardan eşitmişəm. Bu  insanlar sadə   bir  həqiqəti  anlamaq  istəmirlər  ki,  qadın   özünün  bütün  təfəkkürü, psixologiyası,   intellektual   qabiliyyəti,   emosional   gücü   ilə  istənilən   sosial   problemin öhdəsindən gələ bilər. Bu güclərə malik bir varlığa öz potensialını açmaqda necə mane olmaq olar? 

Daha dərindən düşünəndə, sosial problemlərin, psixiki pozğunluqların və xəstəliklərin, xəyanət və cinayətlərin kökündə, müəyyən dərəcədə, onlara bu haqqın verilməməsi durur. Zatən, kişilər indinin özündə belə bunu nə qədər etiraf etməsələr də, "hakimiyyətin”   zahirdə   də   əldən   getdiyini  anlayırlar. Qadınlar   isə   bəzən   müxtəlif səbəblərdən - bu adi insan ətaləti, laqeydliyi, şüursuzluğu və ya merkantillik də ola bilər - bu vəziyyəti qəbul edir və barışırlar. 

Yenə qayıdaq ailədə qızlara və oğlanlara olan münasibətə. Bizim ailələrimizdə sanki oğlanlar qızlarla ayrı-ayrı adalarda yaşayırlar. Qardaşlar bacılarının mənəvi, intellektual araşdırmalarına, istək və arzularına, dünyaya baxışlarına nə qədər bələddirlər? Kiçik yaşlarında onlar bir yerdə oynayırlar. Ancaq böyüdükcə onlar bir-birlərindən getdikcə ayrılırlar.   Bu   mənada   onların   arasında   keçilməz   bir   divar   var.  

Valideynlər   tərbiyə verməkdə  güclərinin  çatmamasından   və  öz  qabiliyyətsizlikləri   qarşısındakı  qorxudan onları sanki "ayırırlar.” Yenə də əmr və hökmlər, qadağalar işə düşür, hökmranlıq və aqressiv münasibət qorunub saxlanır, anlatmaq və anlamaq isə yada düşmür. 

Amma hər yaş dövrünə aid biliklə silahlanmış valideyn, özü də yaxşı tərbiyə almış valideyn üçün bu bir təhdid deyil. Oğlan və qızları, daha doğrusu qardaş və bacıları ailə daxilində bir-birləri ilə emosional və qohumluq hisslərindən başqa az hallarda sosial məsələlər birləşdirir. Görünür ki, oğlanların və kişilərin inkişafı qızların və qadınların inkişafına   bağlıdır. Sadəcə   "başımızı   ətəyimizə   salıb,   adət-ənənələrin süzülmüş yorğanına bürünərək” yaşayırıq, fəsadlar isə günü-gündən çoxalır. 

Qoy o patriarxal ailə modelinin mübarizləri deməsinlər ki, onlar qızlarının təhsil alması üçün əllərindən gələni edirlər. Bir az dürüst olaq! Bunun motivi nədir? Kiçik bir kəsimin yaxşı təhsil alması qurtuluş deyil. Onlar da sadəcə təhsil alır, yalnız təhsil, peşə öyrənirlər, amma ümumi dünyagörüşü, sosial münasibətlər, təlim-tərbiyə məsələləri bu yanaşmada yoxdur, ya da az yer alır. Bir də dediyim kimi, bunun bir tərəfində həm də bir rəqabət var. Bu isə insanın humanist yaxud insani təbiəti ilə ziddiyyət təşkil edir. Çünki humanistlik başqasının potensialını açmasına kömək etmirsə, yaxud ləyaqətini alçaldırsa, humanistlik deyil, hərçənd indi humanistliyin başqa anlamı qalmayıb. 

Təəssüf   ki,   sonradan   qazanılan   bilik   və   dünyagörüşü   bu   münasibəti   nə   qədər yaxşılaşdırmağa çalışsa da, (əgər bunu edirsə!) müəyyən çərçivələri aşa bilmir. Aşmağa çalışsalar da, qaçılmaz olaraq konfliktlərlə üzləşirlər. Konflikt isə son nəticədə sosial fəsad, psixoloji pozğunluq, müxtəlif xəstəliklər və keyfiyyətsiz bir həyat deməkdir. Bu halda bu konfliktləri və fəsadları aradan qaldırmaqda mütəxəssis olaraq ən çox   psixoloqlar   insanın  `bio-psixo-sosio-mənəvi`   yapısına   əsaslanan   metodlarla yardıma   gəlməlidirlər,   təəssüf   ki,   müasir   təlim-tərbiyə   sistemi   və   onun   fəlsəfəsi   və metodları insanlarda nəinki bu konfliktləri həll etmək qabiliyyəti yetişdirir, əksinə, konflikt   və   təzadları dərinləşdirir.   

Bunun   sadə   bir   misalı   rəqabətin   bütün müstəvilərdə daim təbliğ olunmasıdır. Məsələyə təməlli yanaşma hətta ümumi qəbuledilmiş   bir   çox  prinsip   və   yanaşmaları   da   sual   altına  qoyur.   Geniş   spektrli   sosial münasibətlərə toxunmadan ancaq kişi və qadın münasibətlərini götürsək, bu, qadınların bir insan olaraq ikincili kimliklərinə görə fərqlərinin təbii qəbul edilməli olmasında bizə kömək edər. Təbii ki, kişi və qadının birinci kimlikləri onların insan olmasıdır, onların ruh nöqteyi nəzərindən heç bir fərqləri yoxdur. Bu onların əsas kimliyidir. Lakin ikincili kimlik qadının və ya kişinin fizioloji yapısından və daşıdıqları funksiyalardan qaynaqlanır ki, bu da  onların psixoloji strukturundakı  proseslərdə fərqli  xüsusiyyətləri   meydana çıxarır. 

Məsələnin   daha   da   dərinliyinə   varmadan,   qadın   və   kişi   arasında   müasir   epoxanın ruhuna   uyğun   münasibətlərin   necə   inkişaf etməli  olması   və   burada   hansı konsepsiyaların əsas götürülməsi məsələsinə növbəti yazılarda nəzər salacağıq. 

Ramazan Əsgərli, Azərbaycan Bəhai icmasının Katibi, həkim psixoterapevt
qadinkimi.com