Bir zamanlar təhsil almaga hüququ olmayan bir varlıqdan söhbət gedir.
Bizə indi bu çox uzaq, anlaşılmaz görünə bilər. Amma bu gün qadının aldığı təhsilə, işləmək hüququna, insanların hüquqi bərabərliyinə görə canını verən, mübarizə aparan qadınlara və əlbəttə, onları dəstəkləyən kişilərə borcluyq.
Sorunlar isə bitmir. Qadına insan kimi yaşamağa imkan vermirlər.
İndiki anlamda qadın kimi yaşamaq nədi...
Uşaqlıqdan travma almaqdı. Qız uşağısan! - nidasıdı. Demək ki qadağaların var. Davranışlarına, arzularına hər zaman sərhəd qoymalısan. Sən qoymasan bunu başqaları edəcək. Çünki qadınsan – həmişə nəzarətdəsən.
İlk böyük travmanı "sevdiyin oğlan səninlə evlənərmi” sualı ilə əlləşəndə alırsan. Görəsən ailəsi razılaşarmı?
Özünə baxsan səni müzakirə edərlərmi? Başqa səbəblər taparlarmı?
İstədiyin sənəti seçsən, qarışarlarmı?
Sevdiyinlə görüşsən pis baxarlarmı?
Ərinin hər dediyini etməsən, qulluqçu olmaq istəməsən, öz şərtlərini, istəklərini söyləsən, səni incitməzlər ki?
İstədiyin zaman hava almağa çıxa bilərsənmi?
Ömründə bir dəfə gecə bayırda gəzməyə risk etmisənmi?
Risk deyirik, bəli. Səninçün riskdi. Çünki qadınsan!
Qadınsan. Yaxşı adam kişi kimi olar. Kişi kimi hərəkət edər. Adam kişi olar.
Sən ancaq bunu eşitmisən. Bunu eşidə-eşidə böyümüsən, bunu eşidə-eşidə yaşamağa məhkum olmusan. Bununla barışmısan.
Qadın kimi - nəsə bir az aşağı, nəsə bir az ayıb ifadə sayılıb. Kimisə təhqir edəndə ona "qadın kimisən” deyiblər. Bir az da irəliləyib " arvad kimi” damğası vurublar. Qadını söyüşə çeviriblər.
Qadın kimi olmaq təhqir, əskiklik sayılıb. Sanki söhbət bir insandan yox, hansısa ayrı, çox düşük, utanılacaq bir məxluqdan gedir.
Biz "qadın kimi” ifadəsinin üstünlüyünü göstərəcəyik.
Qadın kimi - sevgidi, dözümdü, sahib çıxmaqdı. Bağışlaya bilməkdi. Qadın kimi - savaşlara, qan tökülməsinə qarşı olmaqdı. Qadın kimi - insanlığı qucaqlamaqdı. Qadın kimi - çox şeydi.
Biz bu dəyərin yanındayıq.
Biz insanın yanındayıq.