UŞAQ / BÖYÜK
Pedofili necə tanımaq olar Tarix : 03 Dekabr 2022, 23:07
 


Pedofillər həmişə yetkinlik yaşına çatmayanlara təcavüz etmirlər, lakin pedofiliya psixi pozğunluğun bir formasıdır. Pedofil qanunu pozmaya da bilər, amma uşaq pornoqrafiyası ilə maraqlanar, bununla da uşaqların cinsi istismarını dəstəkləyər. Bir yetkin insan bir uşağa mehribanlıq edirsə, bu onun pedofil olması demək deyil. İnsan haqqında o dəqiqə şayiə buraxmayın və onu cinsi istismarda günahlandırmayın, bu həmin şəxsi depressiyaya salar və ya daha pisi, sosiopat edər.

Yetkin insanlar arasında hər əlamətdə pedofil ola bilər. Pedofilin xarici görünüşündə, bədən quruluşunda, peşəsində xüsusi əlamət yoxdur. Pedofillər hər irqdən və cinsdən olurlar. Onların dini inancları, məşğuliyyətləri və hobbiləri digər insanlarınki kimi müxtəlifdir. Pedofil cazibədar, mehriban, sevgi dolu, tamamilə hörmətli görünə bilər, lakin qara niyyətini ustalıqla gizlətməyi bacarar. Çıxardığımız nəticə nədir? Heç kəsi şübhədən azad etməməlisiniz.

Bilməyiniz lazımdır ki, pedofillərin əksəriyyəti şikarları olan uşaqların tanıdıqlarıdır. Onların 30 faizi cinsi istismara məruz qalan uşağın ailə üzvüdür, altmış faizi isə ailə üzvü deyil, lakin uşaq onları yaxşı tanıyır. Uşaqların yalnız on faizi yad şəxslər tərəfindən zorakılığa məruz qalır.
* Çox vaxt pedofil uşağın evdən kənarda, ya məktəbdə, ya da dərsdənkənar fəaliyyətlərdə rastlaşdığı şəxsdir. Bu, müəllim, qonşu, məşqçi, din xadimi, musiqi müəllimi, dayə və başqa biri ola bilər.

Cinsi təcavüzkar həm də ailə üzvləri - atalar, babalar, əmilər, əmi, kuzenlər - əmioğlu, bibioğlu, xalaoğlu, dayıoğlu, övladlığa götürənlər və s. ola bilər.

Pedofillərin ümumi xüsusiyyətləri

Hər cür pedofil olasa da, onların əksəriyyəti kişidir. Qurbanın cinsi onlar üçün önəmli deyil, həm qızlar, həm də oğlanlar risk altındadır. Zorakılıq edənlərin çoxu keçmişdə fiziki və ya cinsi istismara məruz qalanlardır.

* Bəziləri şəxsiyyət pozğunluğu kimi ruhi xəstəliklərdən əziyyət çəkir və ya depressiyada olurlar.

* Kişi pedofillər arasında heteroseksuallar və homoseksuallar bərabər nisbətdədi. Homoseksualların pedofil olma ehtimalının çoxluğu mifdən başqa bir şey deyil.
* Qadın pedofillər qızlardan daha çox oğlanları seçirlər.

Pedofillərin tipik davranışı.

Çox vaxt pedofillər uşaqlara göstərdikləri marağı böyüklərə göstərmirlər. Müəyyən yaş qrupunda olan uşaqların yanında olmağa imkan verən bir peşəyə sahib ola bilərlər və ya uşaqlarla təkbətək vaxt keçirməyin başqa yollarını seçərlər. Bu, sadəcə nədəsə kömək etmək istəyən məşqçi, dayə və ya qonşu ola bilər.

* Pedofillər adətən uşaqlara böyüklər kimi yanaşır və ona uyğun davranır. Onlar, məsələn, sizin yetkin dostunuza və ya hətta sevgilinizə müraciət etdiyiniz kimi uşağa müraciət edə bilər.

Ünsiyyətdə əlamətlər axtarın

"Qayğıkeşlik” dedikdə, pedofilin uşağın, eləcə də valideynlərin etibarını qazanma prosesi başa düşülür. Bir neçə ay, bəzən hətta illər ərzində pedofil ailənin etibarlı dostuna çevrilir, kömək təklif edir, uşağı alış-verişə, ekskursiyaya aparır və ya başqa şəkildə uşaqla vaxt keçirməyə çalışır. Pedofillərin əksəriyyəti uşağın onlara tam etibar etdiyinə əmin olana qədər təcavüzə əl atmırlar. Eyni zamanda, onlar ictimai rəydən istifadə edərək ailənin gözündə hörmətli bir şəxs kimi reputasiyalarını gücləndirə bilirlər.

Pedofil onun taktikasına aldanan, məsələn, emosional dəstəyə ehtiyacı olan və ya evdə diqqət görməyən uşaqları seçir. Valideynləri əmin edir ki, övladlar onun yanında təhlükəsizdir və uşağın gözündə qayğıkeş "valideyn” kimi görünməyə cəhd edir.

* Bəzi pedofillər tək valideynlərin uşaqlarını ovlayır. O ailələrdə ki, uşağa kifayət qədər nəzarəti təmin etmək alınmır, risk yüksəkdir. Pedofillər valideyni müsbət adam olduqlarına inandırır, ana və ya ata işdə olarkən uşağa baxa biləcəklərini söyləyirlər.

Uşağa təcavüz edənlər etibar qazanmaq və yaxud aldatmaq üçün bir sıra hiylə və fəndlərdən istifadə edirlər.

Bunlara aşağıdakılar daxildir:

Sirli oyunlara maraq (əksər uşaqlar sirləri sevir, bunu "böyük adam” işi kimi qəbul edirlər ), cinsi xarakterli oyunlar, nəvazişlər, öpüşlər, toxunuşlar, cinsi məzmunlu davranışlar, pornoqrafiya, məcburiyyət, hədiyyələr, yaltaqlıq və ən pisi - uşaq məhəbbəti üzərində bir oyun. Bütün bu addımlar uşağı çaşdırmaq və valideyndən uzaqlaşdırmaq üçün istifadə olunur.

Yaşadığınız ərazidə uşaqlara qarşı cinsi təcavüz hallarının olub-olmadığını öyrənməyə çalışın. Təəssüf ki, ölkədə qanunsuz hərəkətlərə görə məhkum edilmiş pedofillərin adları və fotoşəkilləri ilə bağlı açıq məlumat bazaları hələ də yoxdur.

* Ona görə də hər bir valideyn yalnız özünə güvənməlidir.
* Qabaqcadan xəbərdar olmaq silahlanmaq deməkdir, lakin unutmayın ki, cəza ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır.

Uşağınızın dərsdənkənar fəaliyyətlərini izləyin. Onu ən azı nəzarətinizdə saxlamağa çalışın - bu, qorumağın ən yaxşı yoludur. Valideynlərindən kifayət qədər diqqət görməyən uşaqları ələ almaq daha asandı. Uşağınızı məşğələyə, müxtəlif dərnəklərə və ya idmana qoyarkən diqqətiniz üstündə olsun.

Övladlarınıza yaxın olan böyükləri tanımağa tənbəllik etməyin. Başqalarına bildirin ki, siz uşağın həyatında fəal iştirak edirsiniz və istənilən vaxt onun yanına gələ bilərsiniz.

* Gəzinti, səyahət və ya ekskursiya zamanı övladınızla birlikdə ola bilmirsinizsə, onun yanında olan ən azı iki böyüyün yaxşı tanıdığınız adam olması lazımdı.

* Uşağınızı tanımadığınız böyüklərlə tək qoymayın. Təhlükə hətta qohumlardan da gələ bilər. Mümkün qədər yaxında olmağa çalışın.

Əgər dayə işə götürürsünüzsə, kamera quraşdırın. Uşağın təhlükəsizliyindən əmin olmaq üçün uzaqda da olsa izləyin. Gizli kamera dayənin qeyri-adekvat davranışını aşkar etməyə kömək edəcək. Dayənizi yaxşı tanısanız belə, ehtiyat tədbirləri çox vacibdir.

Uşağınıza internetdə diqqətli olmağı öyrədin. Pedofillər potensial qurbanlarını aldatmaq üçün onlayn olaraq özlərini uşaq və ya yeniyetmə kimi göstərə bilərlər. Bu barədə uşağınıza məlumat verin. Girdiyi saytlara və internetdə keçirdiyi vaxta nəzarət edin. Tez-tez uşağınızdan onu incitmədən kiminlə onlayn danışdığını soruşun.

Çocuğunuzun internetdə tanış olduğu insanlara, hətta real həyatda tanış olacağı birinə fotolarını göndərməsini qadağan edin.

* Unutmayın ki, uşaqlar sizə hər şeyi deməyə bilər, xüsusən də kimsə onları sirr saxlamağa təşviq edərsə, ona görə də ayıq olmalı və uşağın internetdə nə etdiyini izləməlisiniz.

Uşağınızın sizdən kifayət qədər emosional dəstək aldığından əmin olun.

* Pedofillər uşaqlardan baş verən hər şeyi valideynlərindən gizli saxlamağı xahiş edirlər.

* Uşağınıza deyin ki, əgər kimsə ondan nəyisə sizdən gizlətməyi istəyirsə, bunun səbəbi sizin əsəbiləşib onu danlayacağınız deyil, pis bir şey baş verdiyidir. Deyin ki, niyyəti pis olduğu üçün gizli qalmasını istəyir.

Kifayət qədər diqqət görməyən uşaqlar daha həssas olduqları üçün uşaqla çox vaxt keçirin və dəstəyinizi hiss etdiyindən əmin olun. Uşağınızla ünsiyyət və inam üçün ona hər gün vaxt ayırın.

* Uşağınızın gününü necə keçirməsi, o cümlədən, məktəb, əlavələr, dərnəklər, hobbilər və digər fəaliyyətləri ilə maraqlanın.

* Sizə hər şeyi deyə biləcəyini və həmişə onu dinləyəcəyinizi bildirin.

Uşağınızla söhbət edin. Ona heç kimin toxunmamalı olduğunu öyrədin. İzah edin ki, "adi” toxunuşlar var, məsələn, kimsə onun çiyninə vurursa, "pis”lər var - çimdiklər, zərbələr və "qəbuledilməz” toxunuşlar var, bunu kimsə etsə, dərhal sizə hər şeyi danışmalıdır. Bunu "gizli toxunuşlar" kimi izah edə bilərsiniz.

* Uşağa bildirin ki, onun müəyyən yerlərinə heç kim toxunmamalıdır. Bunu belə izah etmək olar: çimərlik paltarının altında olanlara yad adamlar toxuna bilməz.

Eyni zamanda deyin ki, kimsə buna cəhd edərsə qışqırmalıdır: "Yox!” - və qaçıb uzaqlaşmalıdır.

* Əgər belə bir şey olarsa, dərhal sizə deməli olduğunu bildirin.

Uşaqda nəyinsə qaydasında getmədiyini necə başa düşmək olar?

Adi halından fərqli davranmağa başladığını görsəniz, səbəbləri öyrənməyə çalışın. Uşağınızdan tez-tez günlərinin necə keçdiyini soruşun. Hansı "yaxşı", "pis" və "gizli" ünsiyyət, toxunuş olduğunu ehtiyatla öyrənməyə çalışın. Bu, övladınızla dostluq münasibətinizin yaranmasına kömək edəcək.

Uşaq qadağan olunmuş yerlərinə kiminsə toxunduğunu söyləsə, heç vaxt onu danlamayın. Uşağınıza güvənin. Uşağın dediyi şəxs hörmətli adam olsa belə, bu cür iş görməsi ağılagəlməz görünsə belə, ilk növbədə uşağa inanın.

* Unutmayın, uşaqlarınız üçün edə biləcəyiniz ən vacib şey onlara qarşı diqqətli olmaqdır. Onların istək və ehtiyaclarını izləyin, onlarla danışın, onlara qulaq asın - dünyanın ən yaxşı valideyni olacaqsınız. Əgər uşağa diqqət yetirməsəniz, bunu sizin yerinizə başqası edəcək.

Valideynlər 12 yaşına qədər cinsi münasibət haqqında artıq uşağa məlumat verməlidir. Bu aktın iki yetkin insan arasında razılıq, sevgi nəticəsində baş verdiyini izah etməlidir. Pedofil ona toxunarkən, öpərkən və s. uşaq bunun normal olmadığını bilməlidir.


Uşaq 14 yaşından kiçikdirsə, çox güman ki, çox ev tapşırığı verən əsəbi müəllimlə şagirddən dərsdən sonra qalıb onu öpməyi xahiş edən müəllim arasındakı fərqi başa düşməyə bilər.

Hər ikisi onu əsəbiləşdirəcək. Odur ki, uşağınıza qulaq asın - əgər o, müəllimin seksual zarafatlar etməsi, ona toxunması və ya şəxsi şeylər haqqında soruşması kimi qəribə hekayələr danışırsa, nəsə düz getmir.

Əgər uşaq əsəbidirsə və ya özünə qapanırsa, bu, onu asanlıqla təcavüzkarların ovuna çevirə bilər. Onun işləri ilə maraqlanın, dostları haqqında soruşun. Dostları yoxdursa, uşağa onları tapmağa kömək etməyə çalışın.
Unutmayın ki, güc saydadır və siz olmadıqda dostlar köməyə çatır.

* Qısa arayış: pedofil və ya pedofiliya xəstəsi, ilk növbədə uşaqlara cinsi maraq göstərən şəxsdir.

Mediada "pedofil” termini azyaşlılara qarşı cinsi xarakterli cinayətlər törətmiş bütün cinayətkarlara münasibətdə çox vaxt səhvən işlədilir. Bəzi pedofillər yetkinlik yaşına çatmamış və ya erkən yetkinlik yaşına çatmış uşaqlara, bəziləri isə yeniyetmələrə maraq göstərir.

Təcavüzkar cinsi meyllərindən və cinsi qabiliyyətindən asılı olmayaraq uşaqlara müxtəlif formalarda təcavüz edən hər kəsdir.

Hər kəs uşaqlara qarşı zorakılıq probleminə hərtərəfli diqqət yetirməlidir, o cümlədən öz övladları ilə də etibarlı münasibətlər quraraq bu problemin qarşısını almağa çalışmalıdır.

"Pedofiliya" termini uşaqların cinsi istismarı ilə sinonim deyil: bütün pedofillər birbaşa seksual zorakılıq etməyə də bilir. Onların içində uşaqlara qarşı cinsi cinayətlər törətməyənlər də olur. Eyni zamanda, uşağa qarşı seksual cinayət edən hər cinayətkar da pedofil sayılmır.

Pedofiliyalı xəstələrin çoxu, ictimai rəyin əksinə olaraq, öz meyllərindən qorxurlar.

Pedofiliyanın müalicəsi əhəmiyyətli çətinliklər yaradır, çünki xəstə əksər hallarda kömək axtarmaqdan qorxur. Həkim, əksinə, çox vaxt xəstə ilə ünsiyyət qurarkən kifayət qədər obyektiv ola bilmir, bunun nəticəsində pedofiliya xəstəsi kömək almır və aktiv hərəkətlərə keçir.

 
Məqalədə 18 müəllifin çalışmasından və 11 mənbədən istifadə edilib.
Qadinkimi.az 
Çevirdi: Aysel Aydın Əlizadə