SEVGİ
Nə qədər azad buraxsaq, o qədər yaxın olar - xoşbəxtlik haqqında Tarix : 21 Yanvar 2019, 19:10
Xoşbəxtliyin qaydası varmı?  Psixoloqlar "var” deyir.  

Təsəvvür edək ki, kişi ilə qadını iyirmi addım ayırır. Beləliklə, siz on addım atmalı və dayanmalısınız. Əgər o sizi orda qarşılamasa, on birinci addımı atmayın - əks halda on ikinci, on üçüncünü də atmalı olacaqsız. Hər kəs öz 10 addımını atsın. 
1.Biz həmişə özümüzə bənzər insanları həyatımıza çəkirik. Əgər ətrafınız sizi qane etmirsə,  qəlbinizə baxın. Yox, hesab edirsizsə ki,  insanlarla münasibətdə sizin bəxtiniz gətirir, onda bu yalnız ona görədir ki,  özünüz yaxşısız.  Həyatınıza layiqli insan cəlb etmək istəyirsinizsə, özünüz elə olmalısız.
2.Nə veririksə, onu da alırıq. Özünüzə qarşı necə davranılmasını istəyirsizsə, tərəfdaşınızla da elə rəftar edin. 
3.Hər birimizin sevgiyə çox ehtiyacı var. Sevgi qəbul etmək, səmimiyyət, həssaslıq, qayğıkeşlik, fədakarlıq, lütfkarlıq, təmənnasızlıq, məsuliyyət hissi, güvən, səxavət  deməkdir. Və biz qarşımızdakı insana nə qədər çox bu keyfiyyətləri göstərsək, o qədər çox da alırıq. Eyni zamanda qorxu, qısqanclıq, asılılıq, manipulyasiya, nəzarət, irad və ittiham kimi hallar da münasibətləri məhv edir və bütün bunların sevgiyə heç bir aidiyyəti yoxdur.
4.Bütün sözlər güclüdür. Bir sözlə, şəfa da vermək olar, öldürmək də. Danışdıqlarınıza fikir verin. Etiket məzəmmətləri, təhqirlər, həqarətlər, acı sözlər və haqsız ittihamlar qəlbdə sağalmaz yaralar qoyur. Bunlar geri dönüşü olmayan səhvlərdi.  Çünki hər bir insanın qəlbində qəbul edilməmə qorxusu olan bir uşaq yaşayır. Ona əzab verməkdən qorxun. Sözün gücündən yalnız isti sözlər, komplimentlər, xoş duyğular ötürmək, dəstək vermək, təqdir etmək üçün istifadə edin. 
5.Güvən həyati vacibdi. Onsuz insan şübhəli, narahat və təhlükəli olur. Qarşı tərəf  isə özünü tələyə düşmüş kimi hiss edir, ona elə gəlir ki, rahat nəfəs almağa icazə verilmir. Qısqanclıq - tək qalma qorxusudur, özünə aşağı hörmət və özünü sevməmək qorxusudur. Etibar etmək isə həqiqi sevginin ayrılmaz hissəsidir. 

6.Səmimi olun. Sevgi hərəkətsiz olmur, çiçəklənən, böyüyən, solan və ölən bir bitki kimi olur. Hər şey ona necə rəftar etməyimizdən asılıdır. Səmimiyyət suya bənzər, bitki üçün su nədirsə, münasibətlər üçün də eyni şeydir. Bir - birinizə öz hisslərinizi, istəklərinizi və münasibətinizi bildirin. "Səni sevirəm” deməkdən heç vaxt qorxmayın. Bir-birinizi tərifləməkdən çəkinməyin. Səmimi tərif bitki üçün günəş kimidi, münasibətlərinizə yeni həyat verər.  
7.Sevmək – Ödəməsiz, sifarişsiz, şərtsiz, qarşılıqsız özündən bir parça verməkdir. Sevgi almaq istəyirsinizsə, sevgi verməlisiz.  Və nə qədər çox versəz, o qədər çox alarsız. Sevgi bir bumeranq kimidir, həmişə geri qayıdar. Bəzən bu sevgi sizin verdiyiniz şəxsdən gəlməz, ancaq  yenə hardansa sizə geri dönər. Özü də yüz dəfə artıq geri dönər. Bununla yanaşı sevgi ehtiyatının hüdudsuz olduğunu unutmamalıyıq. Biz onu bəxş etdiyimiz zaman itirmirik. İçimizdəki sevginin yox olmasının yeganə səbəbi - onu başqalarına verməməyimizdi.  Yalnız sevilmək istəyən biri nadir hallarda sevgini hiss edər. Bu,  bir musiqiçinin: "Mən insanlar rəqs etməyə başladıqdan sonra ifa edəcəm" deməsinə və yaxud  ocağa odun atmadan istilik gözləməyə bənzəyir. Həqiqi sevgi şərtsizdir, qarşılıqsızdır, əvəzində bir şey istəməz. Bir ömür xoşbəxt münasibət qurmağın gizli formulu budur: həmişə nə alacağınıza deyil, nə verəcəyinizə diqqət edin.
8.Toxunma sevginin ən güclü təzahürlərindən biridir, əlaqələri gücləndirir. Bir insana toxunmaq onun ruhuna toxunmaqdır. Bəlkə də, buna görə kimsə bizi incitdiyi zaman: "Mənə toxunma!" deyirik. Sevdiyiniz insanlara sarılın. Heç bir cinsi motiv olmadan qucaqlayın, əlindən tutun. Tədqiqatçılar Londondakı klinikalardan birində təcrübə keçirdirlər. Əməliyyat başlamazdan əvvəl baş cərrah bütün xəstələrinə tək-tək baş çəkir və əməliyyatın ümumi xarakterini izah etmək üçün hər birinin suallarını cavablandırır.  Təcrübə zamanı cərrah onunla söhbət etdiyi hər bir xəstənin əlini bir neçə dəqiqə tutur. Bu xəstələr digərlərindən üç dəfə daha sürətli sağalmağa başlayır. Birinə qayğıyla toxunduğumuz zaman həm bizim, həm onun fiziologiyası dəyişir - stress hormonlarının səviyyəsi azalır, sinir sistemi rahatlaşır, immunitet sistemi və emosional vəziyyət yaxşılaşır. Hətta belə bir fikir də var ki, gün ərzində 7-8 nəfərə toxunmadığımız təqdirdə, xəstəliyə məhkumuq.
9.Əgər biz kimisə seviriksə, ona azadlıq verməliyik. Şəxsi qərarları azad şəkildə vermək, biz istədiyimiz şəkildə yox, o istədiyi şəkildə azad yaşamaq lazımdı. Hər birimizin fərdi məkana ehtiyacı var. İnsanlara azadlıq  lazımdır, çünki əks halda onlar özlərini tələyə düşmüş hiss edərlər. Əgər həqiqətən kimisə sevirsənsə, onun istək və ehtiyaclarına hörmət etmək vacibdi. Düzdü, sevdiyimiz birini azad etmək həmişə asan olmur, amma başqa yol yoxdur.  Həyatın hikməti bunu deyir: "Nə qədər çox azad buraxsaq, o qədər çox bizə yaxın olar”.