HƏR ŞEY / HEÇ NƏ
NƏ İSTƏDİYİMİZİ BİZDƏN YAXŞI BİLƏNLƏR - Flora Hüseynova TV - lərdən yazdı Tarix : 24 Yanvar 2019, 20:12
Yazar : Flora Hüseynova

Kimin nə istədiyini onun özündən yaxşı kim bilir? Təbii, çoxu bu suala belə cavab verəcək: "Hər kəsin nə istədiyini onun özündən yaxşı kimsə bilməz”. Tam doğru, mən də belə düşünürdüm. Amma son illərdə apadığım müşahidələr bunun tam əksini göstərir. Sən demə, bizim nə istədiyimizi bizdən yaxşı bilənlər varmış... 
 
Bəli, bəli. Bir az açıqlama verəndən sonra düşünürəm siz də mənimlə razılaşacaqsınız. Müasirlik, elm, texnologiya bunlar həyatımızın ayrılmaz hissəsidir. İnsanların asudə vaxtlarında istədiyi ədəbiyyatı oxumaq öz seçimləridi. Nə yaxşı....Amma seçdik, seçmədik həyatımıza girən bir sahə var - televiziya. Və o sahə bərbad haldadırsa, görün istəmədən həyatımıza girən bu bərbad sahənin necə ağır fəsadları ola bilər. Həyatımızın ayrılmaz hissəsi televiziyadır. Televiziyaya baxanlar təbii ki, kitab oxuyanlardan qat - qat çoxdur. Heç bir senzura olmayan bu dövrdə  televiziyada sözün əsil mənasında insanların psixologiyasına mənfi təsir edən bir sürü verilişlər var. Bütün etika qaydalarına zidd olan bu verilişlərdə insanların mənəviyyatına utanmadan, çəkinmədən toxunan  aparıcıların belə cəsarəti hardan aldıqları haqda fikirləşirəm. Mental dəyərlərə bu qədər düşkün olan xalqımız nədən bu cılız verilişləri sevsin?  Bir vaxtlar teatr kassalarının qabağında bilet üçün növbə gözləyən xalq inkişaf etmək yerinə geri gedirmi?
 
Aparıcı verilişə çağırdığı müğənninin makiyajını sildirməklə, onun cüzdanını, nə qədər pulunun olduğunu yoxlamaqla nəyi təbliğ edir? Nəinki kiminsə cüzdanına baxmaq,  kimin nə qədər pul qazandığını soruşmaq belə çox böyük mədəniyyətsizlikdir. Televiziya əyləncədən başqa həm də çox mühüm təbliğat vasitəsidir. Gözəl musiqi nömrələri, maraqlı, maarifləndirici söhbətlər yerinə bu cür aşağılayıcı, səviyyəsiz, dırnaqarası zarafatlara önəm verilir.  "5/5” verilişinin aparıcısı Zaur bəy dəvət etdiyi qonaqlarla olan rəftarı ilə ekran qarşısında oturan tamaşaçını bu qeyri-etik rəftardan xəcalət çəkməyə məcbur edir. Nə demək istəyirlər bizə? Üstəlik pul müqabilində zalda oturan ağsaqqal, ağbirçəklərimiz də bütün bunlara gülərək əl çalır. Verilişə gələn qonaqlar da, efir xətrinə bütün bunlara dözürlər.  "Antireklam da reklamdı” devizi ilə yaşayırlar. Bu yaxınlarda efirdə gördüyüm bir hadisə məni sözün əsil mənasında şoka saldı. Aktrisa Dilarə Əliyevə yeni açdığı verilişə çağırdığı  aktrisa Ülfət Bəşirin başında butulka sındırdı. İnanın, görənlər bilir. Həqiqətən butulka sındırdı. Bu, faciədir.  Bunu edən də, etməyə imkan verən də, Azərbaycan efirini bu hala salan da təkcə Azərbaycan qadınını yox, hamımızı, bütün cəmiyyəti təhqir edir.  Hələ Mehriban Xanlarovanın bir oğlanı verilişinə çağırıb onunla bərabər efirdə eybəcər şəkildə təpik atmağını demirəm (olduğu kimi yazmağı nə özümə nə də oxucuya rəva gördüm).
 
Və... bütün bunları yazıq tamaşaçıya sırıyaraq onun adından qərar verirlər: "Tamaşaçı bunu istəyir”. Lütfən, heç kimin yerinə qərar verməyin. Tamaşaçı bizik. Biz belə faciə görmək istəmirik. Bizim tamaşaçılar sizin düşündüyünüz qədər savadsız və səviyyəsiz deyil. Kimi danışdırsan "bizim televiziyalara baxmıram” deyir; nəyə baxsın ki? Baxmırlar, bəli. Baxmadıqları üçün də TV-yə çıxanlar hər hoqqa edirlər diqqət çəkmək üçün. Efirdə yayınlanan veriliş izlənmir, fraqmentini çəkib sosial şəbəkədə yayırlar gözə girsinlər. Zorla gözəllik olmur. Hamı bir anlığa öz ətrafındakı iş yoldaşlarının, qohumlarının dəfələrlə bu sözləri  işlətdiyini xatırlasın. Lütfən, ayılın, bir vaxtlar bunun cavabını verməli olacaqsınız. Ən azı vicdanınızı dinləyin. Axı kim sizə deyib ki, bizim tamaşaçılar sizin səviyyəsiz verilişləri istəyir? Tamaşaçının nə istədiyini ondan yaxşı bilirsiniz? Bizim xalqımız yaxşıların dəyərini verən, intellektin nə olduğunu çox gözəl  bilən xalqdı. İmkan verilibsə, bu imkanı yaxşı mənada istifadə edin. Siz heç kimin adından danışıb onun nə istədiyinə qərar verə bilməzsiniz. Bu xalq Üzeyir Hacıbəyovlar, Qara Qarayevlər, Fikrət Əmirovlar, Niyazilər, Rəşidlər, Müslümlər və saatlarca sadalaya biləcəyim dahilər yetişdirən və onlardan bəhrələnən xalqdı. Yaxşıların dəyərini çox gözəl bilir.
 
Bu dahilərin çox layiqli davamçıları var. Siz burada tamaşaçılara bayağı hərəkətlərinizlə hörmətsizlik edən zaman onlar dünyada Azərbaycanın adını zirvələrə qaldırırlar. Azərbaycanın qeyri-neft sektoruna miyonlar gətirəcək  "Azərbaycan hədəfləri 2020”  layihəsinin müəllifi -  Tural İsmayılzadə, Vyana Konservatoriyasını bitirən 26 yaşlı dirijor – Mustafa Mehmandarov, İngiltərə kraliçasının "Cazın şahzadəsi”  adlandırdığı Əzizə Mustafazadə, Nobel Sülh Mükafatı alan azərbaycanlı – Bəxtiyar Siracov, dünyanın məşhur İBM şirkətində çalışan Kamran İbiyev, Sevinc Ömərli və bu kimi adamlar siz "səviyyəsiz” kimi təqdim etməyə çalışdığınız bu xalqı və ölkəni təmsil edir. Siyahini çox uzada bilərəm. Amma demək istədiyim bu deyil. Sözüm öz bayağılığını, istedadsızlığını xalqın zövqünün aşağı olması adı altında maskalamağa  çalışanlaradı. Millətin heysiyyətı ilə oynamağa heç kimin ixtiyarı yoxdur.  Öz bayağı verilişlərinizi müəmmalı reytinq ölçüləri ilə "xalqın istəyidir” deyib baş aldatmayın. Bu xalq sizə bu ixtiyarı verməyib. Xalqın, tamaşaçıların istədiklərini bildiklərini iddia edənlər, ayılın. Hər kəs nə istədiyini özü bilir...Elədikləriniz xalqın yox, sizin zövqünüzün əksidi.   
 
qadinkimi.az 
 
Flora Hüseynova
qadinkimi.com