HÜQUQLARIMIZ, QADIN / KİŞİ
Milli Məclisin Qadın zorakılığına qarşı bəyannaməsi Tarix : 25 Noyabr 2019, 16:52
Yazar : Qadinkimi.com
Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı təsdiq edilsin.

 

 

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

B. MURADOVA

 

Bakı şəhəri, 21 dekabr 2006-cı il

№ 207-IIIQR

 



Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI

 

Biz, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Avropa Şurasının qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyasını dəstəkləyirik və səlahiyyətlərimizdə olan parlament vasitələri ilə onun həyata keçməsinə kömək göstərməyi öhdəmizə götürürük.

Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur.

Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.

Azərbaycan xalqının təmsilçiləri kimi, biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Biz qadına qarşı zorakılığı «ailə» və ya «şəxsi» məsələ kimi səciyyələndirən hər hansı yanaşmanı qətiyyən qəbul etmirik. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi son dərəcə zəruridir.

Bununla əlaqədar olaraq biz müvafiq beynəlxalq standartlara və bir sıra Avropa ölkələrində mövcud olan müsbət təcrübəyə əsaslanaraq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair zəruri qanunvericilik aktlarını mümkün qədər tez qəbul etməyi öhdəmizə götürürük. Biz anlayırıq ki, bu aktlar ilk növbədə zorakılıq qurbanlarının müdafiəsini, onlara dəstəyi və yardımı, habelə bu cür hüquqa zidd hərəkətləri törədən şəxslər barəsində müvafiq sanksiyaları nəzərdə tutmalıdır.

Biz təsdiq edirik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə siyasi gündəliyimizin ümdə məsələlərindən olmalıdır. Biz problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etməliyik. Yuxarıda qeyd edilmiş qanunvericilik tədbirləri ilə yanaşı, beynəlxalq və milli tərəfdaşlarla birlikdə hərtərəfli fəaliyyət planı qəbul edilməlidir. Həmin planda müxtəlif tədbirlər, o cümlədən geniş maarifləndirmə işinin aparılması, təlimlər təşkil edilməsi, həqiqi gender bərabərliyinin təmin olunmasına yönəlmiş addımlar atılması, əldə edilmiş tərəqqinin monitorinqi və qiymətləndirilməsi öz əksini tapmalıdır. Bu işlərin görülməsinə qeyri-hökumət təşkilatları da mühüm töhfə verə bilərlər.

Biz qəti əminik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi ümidvar olduğunu bildirir ki, dövlət hakimiyyəti orqanlarının ölkə əhalisi tərəfindən dəstəklənən birgə səyləri insan ləyaqətinə ləkə gətirən bu problemin aradan qaldırılması istiqamətində ardıcıl surətdə irəliləməyə imkan yaradacaqdır.

 

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il 21 dekabr tarixli iclasında qəbul edilmişdir.)

 
qadinkimi.com