UŞAQ / BÖYÜK
Möcüzə axtaran uşaq Tarix : 03 Mart 2026, 13:19
On yaşlı bir uşaq, kiçik addımları və titrəyən səsi ilə əczaxananın soyuq divarları arasına daxil oldu. Qəlbində dünyalara sığmayan bir ümid, ovucunda isə bərk-bərk sıxdığı bir neçə qəpik var idi.
- "Əmi, sizdə möcüzə satılır?" - deyə uşaq əczəçiyə boylandı.
Əczaçı təəccüblə uşağa baxıb gülümsədi:
- "Maraqlıdır, bəs sənə hansı möcüzə lazımdır, balaca?"
Uşağın səsi titrədi, gözləri uzaqlara daldı:
- "Anam ağır xəstədir. Atam dedi ki, onu bu xəstəlikdən yalnız möcüzə xilas edə bilər. Mən də bütün pullarımı götürüb gəldim ki, o möcüzəni alım."
Əczaçı kədərli bir ah çəkərək başını buladı:
— "Canım balam, kaş sənə kömək edə bilsəydim... Amma bizdə möcüzələr satılmır."
Uşağın gözlərinə kədər qondu, baxışları sönməyə başladı:
- "Axı anam ölür... Nə olar, mənə bir möcüzə sat..."
Birdən arxadan kiminsə əli uşağın ipək saçlarına sığal çəkdi. Bu, arxada dayanıb söhbəti səssizcə dinləyən nurani bir adam idi. O, əyilərək uşağın qulağına pıçıldadı:
- "Gəl görək o kiçik ovucunda nə qədər sərvətin var."
Birlikdə xırda sikkələri saydılar. Adam gülümsəyərək uşağın gözlərinin içinə baxdı:
- "Sənin o qədər pulun var ki, elə anan üçün möcüzə almağa tam yetər. İndi məni evinizə apar, görək o möcüzəni hardan tapırıq."
Bu xeyirxah insan uşağın anasını ziyarət edir və heç bir təmənna gözləmədən onu dərhal əməliyyata götürür. İki gün sonra uşağın tanımadığı həmin şəxs ananın beynində əməliyyat aparır. Ana sağalır. O müqəddəs əllərin sahibi isə dünyaşöhrətli nevrocərrah, professor Məcid Səmi idi.
 
Məcid Səmii — Vikipediya
Uşağın təmiz qəlbi və bir neçə qəpiyi, əslində dünyanın ən böyük möcüzəsini - bir insanın mərhəmətini hərəkətə gətirmişdi. Çünki əsl möcüzə əczaxana rəflərində deyil, bir uşağın sarsılmaz inancında və bir həkimin fədakar qəlbində gizlənmişdi.
 
 
 
 

 
Allahverdi İsrafilov
Qadinkimi.com