QADIN / KİŞİ
Kişilik simvolu və Cahandar ağa Tarix : 28 Noyabr 2019, 15:00
Yazar : Qadinkimi.com
Bu yaxınlarda seminarda idim. " Azərbaycan kişilik simvolu deyəndə ilk ağlınıza gələn isim kimdir " sualına bir xanım cəld " Cahandar ağa " - deyə cavab verdi. Və bir daha bu mövzuya qayıtmalı oldum.

Bilməzlik yoxsa ...

" Bakı metropoliteni " QSC 15 iyul 2016-cı il tarixindən etibarən " Gənclik " stansiyasının keçidlərində Mədəniyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə " Metro Gallery " layihəsi çərçivəsində növbəti sərgini təqdim etdi. Xatırladım ki, sərgi Lenovo şirkətinin sponsorluğu ilə nümayiş olunur. Azərbaycan kinematoqrafiyasına həsr olunan sərgidə  köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunur.

Azərbaycan filmoqrafiyasını sevən tələbkar tamaşaçı kimi çox sevindim və mədəniyyətimizin həm də əcnəbilərə çatdırılması işini alqışladım. Fotoların qarşısında ayaq saxlayaraq yaradıcı heyəti bir də nəzərdən keçirməkdən, uşaqlıq xatirələrimi çözələməkdən zövq aldım. " Dəli Kür " filmindən Cahandar ağanın Mələyi qaçırtma səhnəsini görəndə müasir deyimlə desək şok oldum. At üstə əyləşən ağanın gözləri məni illər öncəyə qaytardı...       

İsmayıl Şıxlı " Dəli Kür " əsərini səkkiz ildən çox bir müddətə qələmə alıb. Roman bir ildən də çox çap olunmaq üçün növbə gözləyib. 1967-ci ildə dərc edildikdən sonra da romanın ətrafında qalmaqallar səngiməyib.

İ.Şıxlının 1950-ci illərdən yazmağa başladığı əsərdə hadisələr reallığı əks etdirir. Nasirin "Azərbaycan gəncləri” qəzetinə (20 dekabr 1988-ci il) verdiyi müsahibədən bir hissəni diqqətinizə təqdim edirəm.
"...özümdən uydurma süjetlər, hadisələr qura bilmirəm. Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. " Dəli Kür ”də həmçinin, hekayələrim də bu qəbildəndir”.


İsmayıl Şıxlının oğlu Elçin Şıxlı deyir ki, Cahandar ağa Qara Nəbi adlı şəxsin və İsmayıl Şıxlının ana tərəfdən babasının prototipidir: ” Cahandar ağa atamın ata tərəfdən babasıdır. Atam təbii ki, onu görməmişdi, ancaq eşitdikləri əsasında Cahandar ağa obrazını yaradıb. Kənddə Qara Nəbi adlı kişi varmış. Atam Cahandar ağanın zahiri görünüşünü Qara Nəbini göz önündə canlandıraraq təsvir edib ".

Əsəri hələ əlyazma şəklində oxuyan Mehdi Hüseyn ədəbi hadisəyə çevrilməmiş bu roman haqqında İsmayıl Şıxlıya göndərdiyi məktubunda yazırdı: "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə oxuduğum heç bir əsər məni bunca sarsıtmamışdı. Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbirsizliklə gözləyirəm. Qardaşın Mehdi Hüseyn. 12 noyabr 1962-ci il".

Nəhayət 1970-ci ildə " Dəli Kür " filmi çəkilir. Film də əsərin aqibətini yaşayır. " Dəli Kür " Moskvanın senzurasına görə bir xeyli dəyişikliyə uğrayır. Ekran işini görən İsmayıl Şıxlının əsəbləri sarsılır...

Azərbaycan kişisi deyərkən əksəriyyətimizin gözləri önündə Cahandar ağa surəti canlanır. Bu obrazın bu qədər sevilməsinin sirri nədədir? Razılaşaq ki, heç də hamı romanı oxumayıb və Cahandar ağa deyərkən məhz xalq artisti Ələddin Abbasovun yaratdığı mükəmməl ekran təqdimatını xatırlayır. Ona görə fikirlərimi bu rakursdan bildirməyə cəhd edəcəm.

Ə. Abbasovun uğurla canlandırdığı qürurlu ağa əzəmətli manerası, nüfuzedici baxışı, kəskin reaksiyası ilə obrazın sevilməsində müstəsna xidmət göstərib. O, qorxmazdır, torpaqlarını qorumaq üçün çarın əsgərləriylə açıq savaşa çıxacaq qədər mərddir ( bu kadrlar kəsilərək filmdən çıxarılıb), ölümün gözünə dik baxır, hakim sinfin digər nümayəndələrindən fərqli olaraq rəiyyətlə nisbətən mülayim rəftar edir, fırıldaqla məşğul olan molla sinfilə kompromisə getmir, əksinə, nə qədər böyük nüfuz sahibi olsalar da onlara qarşı çıxmaqdan çəkinməyəcək qədər igiddir, qonağı xilas etmək üçün həyatını riskə atacaq qədər gözüqaradır, namusuna toxunan ləkəni qanla yuyacaq qədər ötkəmdir və s. Söz onunçün qanun – kişilik şərəfidir. Cəmiyyətdə sözünün ağası, ailəsində hakimi mütləqdir. Ancaq xoşagəlməz məclisə getdiyi üçün bacısını məhv edən ağa digər bir kişinin namusunu ayaqlar altına salacaq qədər xudbindir. Mələyi gördüyü andaca vurulan və onu özününkü etməyə qərar verən  Cahandar ağa şəxsiyyətinin ziddiyyətli tərəfi isə bu hərəkətində özünü haqlı bilməsidir. O, nəinki atdığı addımdan vicdan əzabı çəkmir, hətta bir kişini faciəyə səbəb olacaq duruma saldığının fərqində belə deyil. Onun düşüncəsinə görə burada əxlaq norması pozulmayıb.



Hər bir kişi  ( ələlxüsus da şərq kişisi ) ailəsi, eyni zamanda şərəf və namusu üçün  mübarizə aparır. Ancaq Cahandar ağanın Mələyin əri Allahyarla atışma səhnəsində onu gözündən vuraraq kor etməsi də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan səhnələrdəndir. Bu işdə onlara  " kömək ” edən amillərdən biri isə Allahyarın başının dəstəsilə mənfi tip kimi təqdim olunmasıdır. Filmin Moskva baxışları zamanı çar əsgəriylə olan döyüş səhnəsi kəsilib çıxarılısa da süjet xəttindəki əxlaq normasına uyğun gəlməyən bu nüans diqqətdən kənar qalıb. Ola bilsin ki bu, o dövrün düşüncə tərzinin geriliyini  önə çəkmək məqsədi daşıyıb. Amma arvadı qaçırılan kişinin namusu uğrunda mücadiləsi niyə belə aşağılayıcı şəkildə ekranlara yansıyıb? Hətta Allahyarın pis ər və pis insan olması belə onun bu şəkildə təqdim olunmasına əsas vermir.

Bəs namusunu təmizləmək üçün irəli atılan Allahyarı biz niyə sevmirik? Onun yerində olmağı arzulaya bilərikmi? Əlbəttə ki yox ! Bəs niyə onun yox, qarşı tərəfin yanındayıq? Cahandar ağanın müsbət keyfiyyətləri  kifayət qədərdir və burda da üstünlüyü ona vermək ehtiyacını yaradan nədir?

Bizlərdən çox az, kişilər tərəfdən isə lap cüzi hissə Cahandar ağanı Azərbaycan kişisinin simvolu olaraq qəbul etmir. Çoxluğun Cahandar ağanı rəmz olaraq qəbul etməsində kiçik xəta hesab edib üstündən keçməyə çalışdıqları bu nüansın mayasında əsrlərin qaynağından süzülüb gələn " Mənim xoruzum başqasının hasarında banlasın " təfəkkürü, " İnək göz etməsə, buğa sıçramaz " məntiqi dayanır. Çox dərin və böyük polemika qonusu olduğundan bu yazımda bu mövzunun qatlarına varmayacağam. Əsrlərlə düşüncələrimizə hakim olan, həyata baxışımızı tənzimləyən bu  miskin adət-ənənə burulğanından çıxmaq üçün cəmiyyətimizin işıqlı baxışlara ehtiyacı var.

Anam " Sirr var ev içində, sirr var el içində " məsəlini tez-tez çəkərdi. " Kişi allahın kölgəsidir " məsəlinin bariz nümunəsi olan Cahandar ağanın müsbət keyfiyyətləri el, mənfi cəhəti isə ( başqasının arvadını qaçırma nəzərdə tutulur ) ev içində saxlamalı olduğumuz " sirr " lərimizdəndir. Çünki, bu düşüncə tərzi təkcə bir ağaya, bir türk və şərq kişisinə deyil, genel olaraq hamımıza aiddir. Bir günün, bir qərinənin yox, əsrlərin bizə miras verdiyi sistemli baxış bucağıdır. Hər zaman ailəsini yad gözlərdən qorumaq üçün canından belə keçən Azərbaycan erkəyi, başqasının xanımına ( səbəbi ancaq özünə aid olan ) komplimentlər, yanaşmalar, yaxınlaşmalar və s. etməkdə sərhəd tanımır və ən maraqlısı isə bunu öz şərəfinə elə də nöqsan hesab etmir. Hər bir azərbaycan kişisinin daxilində - mənində bir Cahandar bəy yaşamaqdadır. Bu üzdəndir ki, bu ağa nəsrimizdə, filmoqrafiyamızda ən sevilən obraz, rol hesab olunmaqdadır.

 Film sovet vaxtı repressiyaya məruz qalıb. İndi ki müstəqilik, " İvan " qalereyanın düzülüşündə bizə əmr vermir ki?! Cahandar ağanın torpaqlarını qorumaq üçün çar ordusunun zabit-əsgərləriylə savaşdığı və öldürüldüyü kadrın nümayişi niyə yada düşmədi ki?! Onsuz da kəsilərək filmdən çıxarıldığı üçün əksəriyyət tamaşaçı bu kadrdan xəbərsizdir. Həm film bərpa olunar, həm də Azərbaycan bəyinin daxili dünyasının açılması üçün daha önəmli mesaj verilmiş olmazdımı? Cahandar ağanın bacısı Şahnigarı Kürdə boğduğu kadrı yayımlamaq olmazdımı?! Bununla da namusun şərq-türk kişisi üçün nə qədər önəm daşıdığı ismarıcını çatdırmaq yerinə  düşməzdimi?! Cahandar ağanın şagird seçmək üçün kəndə gələn rus müəlliminin həyatını xilas etmək üçün özünü irəli atdığı kadr daha möhtəşəm deyilmi? Əcnəbilər qonağın nə qədər toxunulmaz olduğu mesajını görüb haqqımızda məlumatlansaydılar daha yaxşı olmazdımı?

Təsəvvür edirəm ki, sərgidə ilk nümayiş etdirilən bu epizod Bakıda təhsil alan hansısa Conun diqqətini çəkir və o  qrup yoldaşından soruşur:

- Bu kişi neyləyir?

Dilotu yemiş qrup yoldaşı da

- Bu bizim bəyimizdir, qonşu kənddən olan Allahyarın arvadını qaçırır- cavabını verir.

Cona yaxşı tanıdırıq özümüzü, bərəkallah.

Ya bu epizod yayımlanmamalıydı, ya da ən azı sadaladığım üç fraqmentlə birgə nümayiş olunmalıydı. Tamı hissələrə bölərkən vurub gözü çıxartmaq olmaz. Atalarımızdan bizə miras qalan ev içindəki sirrimizi bayağı şəkildə el içinə çıxartmağın əleyhinəyəm.

Hər sahədə mütəxəssis və xalqını sevən kadrlar çalışmalıdır. Bu qədər məğrur, əzəmətli və Azərbaycan kişilik simvolu kimi qəbul edilmiş (bu, reallığımızdır) obrazın ekran təcəssümündən yada düşən ilk kadr kimi məhz bu səhnənin seçiliməsi bu işin arxasında dayananın ya yad psixologiyalı biri olduğundan xəbər verir, ya da bunu bilərəkdən edir. Hər iki halda isə uduzan bizik.


Müəllif: Kəmalə Səlim Müslümqızı
qadinkimi.com