QADIN / KİŞİ
Kişilərə “namus, qeyrət" söhbətinin insan həyatından dəyərli olmadığını anladaq Tarix : 26 Noyabr 2019, 09:30
Yazar : Sahilə İbrahimova
2 gün öncə BBC Rusiyada ailədaxili şiddət görmüş qadınlarla bağlı veriliş verirdi. Partnyorları tərəfindən xüsusi amansızlıqla öldürülən qadınların yaxınları bu tip cinayətləri tənzimləyən qanunun olmadığını deyirdi. Rusiyada yoxdusa, bizdə də olmaz dedim, axtarışa verdim.

 
Məlum oldu ki, doğrudan da İstanbul Konvensiyası kimi tanınan, tam adı "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”na Avropa şurası ölkələrindən bir Rusiya, bir də Azərbaycan qoşulmayıb. 

Düzdü, konvensiyaya qoşulan böyük ölkələrdə də vəziyyət yaxşı deyil. Məsələn, Fransada məişət zorakılığına son qoyulsun tələbi ilə küçə yürüşü keçirildi. Hər 3 qadından birinin zorakılığa məruz qaldığı bildirildi. Amma yenə də qanun olmalıdı! 

İndi azyaşlı ananın qətli xəbərini oxudum. Dəhşətdi. Lütfən, maarifləndirməni gücləndirək. Qadınları qorumaq üçün kişilərlə daha çox iş aparaq. Dövlətdən tələbimiz bir yana, özümüz də dayanmayaq. Səsimizi eşidə biləcək bütün kişilərə - "namus, qeyrət" söhbətlərinin insan həyatından dəyərli olmadığını anladaq. Az-az, yavaş-yavaş deyək. Amma deyək. Susmayaq!
 
 
Sahilə İbrahimova
qadinkimi.com